Əkbətəndən Buzboğaza bir ay yol,
Əl çatmazdır ölkə böyük olanda.
Qumdur iki Çayarası, çökəkdir,
Əl çatmazdır ölkə böyük olanda.
Burdan ora, ordan bura köçürlər,
Otla birgə əkiləni biçirlər,
Oturağa ildə bir yer seçirlər,
Əl çatmazdır ölkə böyük olanda.

Muğeldə də yaşıl çöllər sozarıb,
Ot seyrəlib, sürü, ilxı azalıb,
Yaylaq, qışlaq otsuz qalıb, bozarıb,
Əl çatmazdır ölkə böyük olanda.

Qarçiçəkdən sonra Muğel çökübdür,
Qıtlıq çapıb Muğdiyarı sökübdür,
Alpis burda acıqanlıq əkibdir,
Əl çatmazdır ölkə böyük olanda.

Orda Çinel töküb neçə alayı,
Geri alıb Mindiyardan Çinçayı,
Qalxıb göyə Minellinin harayı,
Əl çatmazdır ölkə böyük olanda.

Turqər sayır bir-bir gecə-gündüzü,
Acığından göyəribdir üz-gözü,
Göndərmişdir Çinçay yurda yardıma,
Gücdəbiri, Dəmirqızı, Ağüzü,
Əl çatmazdır ölkə böyük olanda.

Qocalsa da Ağüz hələ qıvraqdır,
Mindiyarın bayrağına dayaqdır,
O bicləmə işlərində oyaqdır,
Döyüşlərdə çox ərəndən qabaqdır,
Əl çatmazdır ölkə böyük olanda.

Uğureldən aldı qırxmin yaraqlı,
Dörd təkərli, önü tuncdan tutaqlı,
Iki min də qoçaq, əli çomaqlı,
On min kişi Çinel – Minel sayaqlı,
Əl çatmazdır ölkə böyük olanda.

Iki dağcıq arasında durdular,
Çox alaçıq, çoxlu evcik qurdular,
Dörd bir yanda qazıb qazma vurdular,
Əl çatmazdır ölkə böyük olanda.

Balta, bizuc, ox atanlar qabaqda,
Dörd təkərli iki yandan qıraqda,
Qılınclılar, atlılarsa görünməz,
Meşə içrə durub arxa, dayaqda,
Əl çatmazdır ölkə böyük olanda.

İki atlı yaxınlaşır onlara,
Boyun bükük, baş sarıqlı, üz para,
Bəbəkləri sapsarıdır, qapqara,
Əl çatmazdır ölkə böyük olanda.

Biri deyir: – Bizi çinli sayıblar,
Evimizi, kəndimizi soyublar,
Çapıb bizi, yeyib içib doyublar,
Döyüb, vurub belə günə salıblar,
Əl çatmazdır ölkə böyük olanda.

Ağüz deyir: – Kimdir bunca acıqan,
Kimdir burda quduzlaşan qudurqan,
O qovulsun gərək bu gün buradan,
Sönməlidir tüstülənən burulqan,
Əl çatmazdır ölkə böyük olanda.

Onlar deyir: – Muğel oğul Muğərdir,
Çapqınçıya o yel verən öndədir,
Deyir, ulu, ulu atam Gücərdir,
Çinçay, Çinel bizim ulu yerlərdir,
Əl çatmazdır ölkə böyük olanda.

Acıqlanır Ağüz bunu biləndə,
Qancıl üstə o gəlmişdi gələndə,
İndi görür Çinçay Muğ Ər əlində,
Bir neçə söz gəzir onun dilində,
Əl çatmazdır ölkə böyük olanda.


Tək başına Ağüz çapır Muğelə,
Hər bir şeyin ölçüsü var, unutma.
Muğər ilə tək təkinə görüşür,
Hər bir şeyin ölçüsü var, unutma.

Deyir: – Muğər, bu iş nədir görürsən,
Yenə evə, obalara girirsən,
Eli çapıb ona acıq verirsən,
Hər bir şeyin ölçüsü var, unutma.

Muğər deyir: – Biz ac-susuz qalırıq,
Ac qalmaqdan saralırıq, soluruq,
Yürük edib ev, obaya doluruq,
Çinellini çapıb düyü alırıq,
Hər bir şeyin ölçüsü var, unutma.

– Biz gəldik ki, buraları arayaq,
Gəldik səni acıqandan qoruyaq,
Gəldik bura el – obaya yarayaq,
Hər bir şeyin ölçüsü var, unutma.

Sənsə cumub onu, bunu çapırsan,
Özgə əldən güclə çörək qapırsan,
Sən qancılsan, bunca toxdaq tapırsan,
Hər bir şeyin ölçüsü var, unutma.

Sən azıbsan, çapqınçısan, dilənçi,
Bundan sonra Gücdəbirdir birinci,
O olacaq burda Muğel yerinci,
Əl çatmazdır ölkə böyük olanda.

Muğər susdu, sanki beli büküldü,
Ağ qaşları ox yayı tək çəkildi,
Gözlərindən küsü, acıq töküldü,
Əl çatmazdır ölkə böyük olanda.


Muğdiyarın səsləncləri gurladı,
Qorxaq, maymaq ürkər səslənc səsindən.
Ad dəyişdi Muğel oldu Muğdiyar,
Qorxaq, maymaq ürkər səslənc səsindən.

Ağüz dedi Gücdəbirə: – Ayıq ol,
El işində gözü açıq, soyuq ol,
Qonşu Çinel duyğuludur, duyuq ol,
Qorxaq, maymaq ürkər səslənc səsindən.

Artır atı, otu, unu, kəpəyi,
Al Çineldən boya-boya ipəyi,
Tikilini, toxunmanı, örpəyi,
Qorxaq, maymaq ürkər səslənc səsindən.

Gəlirlidir orda ipək, dəf-daraq,
Çox ucuzdur o ölkədə yal-yaraq,
Gərək ondan yararlanaq, varlanaq,
Qorxaq, maymaq ürkər səslənc səsindən.

Gedək birgə qonaq olaq Xaqana,
Düşsün alver işlərimiz sahmana,
Əl atmyaq bir də qılınc, qalxana,
Qorxaq, maymaq ürkər səslənc səsindən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri