Yanqu durub xısın-xısın ağlayır,
Göz yaşı var, el içində uludur.
Soyqan deyir: – Bu qız niyə ağlayır,
Göz yaşı var, el içində uludur.

Sansi deyir: – Gəncdir, hələ qanmayır,
O, Tuncayı bir acıqan sanmayır,
Ona yanır, ancaq bizə yanmayır,
Göz yaşı var, el içində uludur.

Soyqan deyir: – Bu qız hara, o hara,
Qoy vuruşsun Tuncay, Soydan bir ara,
Qızı verrəm basığa yox, basara,
Göz yaşı var, el içində uludur.

Tuncay baxdı, Yanqu hələ uşaqdı,
O, Yanquya dörd gecəlik qonaqdı,
Göz yaşıyla bu qız yenə qoçaqdı,
Göz yaşı var, el içində uludur.


Tuncay qapdı yerə düşmüş qılıncı,
Gün var alın yazısında sınaqdır.
Dedi: – Tanrım, özün mənə əltut ol,
Gün var alın yazısında sınaqdır.

Mən Yanqunun göz yaşına dözmərəm,
Burda sevgi, dinclik, qulluq gəzmərəm,
Sevməsəm də ona dodaq büzmərəm,
Gün var alın yazısında sınaqdır.

Şaqqıldadı qılınclarla tutaqlar,
Yanqu baxdı, soldu gül-gül yanaqlar,
Qançır oldu çeynəm-çeynəm dodaqlar,
Gün var alın yazısında sınaqdır.

Soydan vurdu, Tuncay baxdı, vurmadı,
Tuppuz vurdu, qılınc vurdu, durmadı,
Bu, Tuncayın dözümünü qırmadı,
Gün var alın yazısında sınaqdır.


Səs yayıldı, sevinc gəldi hamıya,
Çoxu hərdən qızır, doğru düşünmür,
Soydan dedi: – Doğrayaram bunu mən,
Çoxu hərdən qızır, doğru düşünmür.

Hamı dedi: – Soydan basar olacaq,
Öcümüzü Minellidən alacaq,
Tuncaydansa ölü bir ad qalacaq,
Çoxu hərdən qızır, doğru düşünmür.
Bizuc, qılınc, balta, tutaq qırıldı,
Soydan, Tuncay deyinməkdən yoruldu,
Soyqan güldü, acığından saraldı,
Çoxu hərdən qızır, doğru düşünmür.

Soyqan dedi: – Yetər, indi güləşin,
Bir-birini yıxmaq üçün əlləşin,
Basılmasaz onda qızı bölüşün,
Çoxu hərdən qızır, doğru düşünmür.


Tuncay, Soydan buynuzlaşdı buğa tək,
İlk tutaşda kələzdənmək yoxlancdır.
Ərlər yerdə, bulud göydə boğuşdu,
İlk tutaşda kələzdənmək yoxlancdır.

Dedi: – Sənin iki bölləm belini,
Qopardaram məni vuran əlini,
Doğrayaram ağzındaca dilini,
İlk tutaşda kələzdənmək yoxlancdır.

– Mən Tuncayam, boş sözləri saymıram,
Bil ki, Soydan, burda sənə qıymıram,
Qıza-qıza sözə-mözə uymuram,
İlk tutaşda kələzdənmək yoxlancdır.

Soydan çəkdi, Tuncay endi diz üstə,
Dəliləşdi o, bircəcik söz üstə,
Dedi: – Səni öldürərəm qız üstə,
İlk tutaşda kələzdənmək yoxlancdır.


Tuncay durdu, yerdən üzdü Soydanı,
Yerdir bizə hər bir yerdə güc verən.
Alıb onu başı üstə qaldırdı,
Yerdir bizə hər bir yerdə güc verən.

– Yerə vurum-dedi-köksü partlasın,
Baş əyərək mənə boyun qatdasın,
Sonra getsin atlar ilə otlasın,
Yerdir bizə hər bir yerdə güc verən.
Öldürsəm yox, öldürməsəm nə olar,
Ortalığa bu qan yeni qan salar,
Öldürməsəm dönməyimə yer qalar,
Yerdir bizə hər bir yerdə güc verən.

O, yavaşca qoydu yerə Soydanı,
Soydan vurdu yumruğuyla oğlanı,
Boğuq bir səs diksindirdi dörd yanı,
Yerdir bizə hər bir yerdə güc verən.


Tuncay birdən gicəlləndi, yıxıldı,
Yıxılanlar kölə olur yıxana,
Başda Soydan basılmışdı Tuncaya,
Yıxılanlar kölə olur yıxana.

Soyqan dedi: – Basıq oldun, qardaşım,
Basar oldu Tuncay, Turqun qardaşı,
Mən Tuncayı qoyacağam yüzbaşı,
Yıxılanlar kölə olur yıxana.

Qaldı qıza, qız da mənim olacaq,
O, Xaqanın Başevində qalacaq,
Qalıb, qalıb hələ yaşa dolacaq,
Yıxılanlar kölə olur yıxana.

Yanqu qaçıb, qaçıb çıxdı aradan,
Üz döndərdi ev-eşikdən, atadan,
Hamı getdi, Tuncay qaldı ortada,
Yıxılanlar kölə olur yıxana.


Gecə Yanqu əltut gəldi Tuncaya,
Pis ayaqda sən hamıya əltut ol.
Güdürdülər, bilirdilər dönəcək,
Pis ayaqda sən hamıya əltut ol.

Tuncay artıq ayılmışdı, qalxırdı,
Yoxla-yoxla dörd bir yana baxırdı,
Ağrı-sancı baş, boynunu sıxırdı,
Pis ayaqda sən hamıya əltut ol.
– Dur, Tuncayım, böyük igid basarım,
Dur, ey mənim ürəyimin açarı,
Qız könlümün doğma axar-baxarı,
Pis ayaqda sən hamıya əltut ol.

Tuncay durdu, dedi: – Qaçaq, durmayaq,
Yanqu, sənsən varlığıma son dayaq,
Gedək bizə, Mindiyara qız qonaq,
Pis ayaqda sən hamıya əltut ol.


Soydan çıxdı önlərinə lapbadan,
Alınyolu adamlarda bir deyil.
Dedi: – Səni, durub yandan güdürdüm,
Alınyolu hər adamda bir deyil.

Yanqu mənim, sən Xaqanın köləsi,
Bərk qorxudub onu Turqun gəlməsi,
«Bacar oğlu Tuncayın da ölməsi»,
Alınyolu hər adamda bir deyil.

Tuncay vurdu birdən onu, bağırtdı,
Güdükçülər on idilər, dağıtdı,
Qılınc alıb, qan qan üstdən axıtdı,
Alınyolu hər adamda bir deyil.

O, Yanqunu atdı atın belinə,
Döndü gecə yeləsənin yelinə,
Yanqu qızın könlü yatdı könlünə,
Alınyolu hər adamda bir deyil.


Çox qovdular, çox çapdılar çox atı,
Tanrı deyib yüz yol ölçün, bir biçin.
Yolu-yönü tanımırdı heç biri,
Tanrı deyib yüz yol ölçün, bir biçin.

Üz qoydular uzaq, uzaq batıya,
Çevrildilər qoşa gedən atlıya,
«Çap-çap atım, get, Çineli addayaq»,
Tanrı deyib yüz yol ölçün, bir biçin.
Yaşıl-yaşıl otlaqlara çatdılar,
Yorğun atın yüyənini dartdılar.
Bir-birinə sığındılar, yatdılar,
Tanrı deyib yüz yol ölçün, bir biçin.

Ayıldılar bir də üç gün ötərkən,
Yollar içrə çaşıb, azıb itərkən,
İtib qalıb Uğurelə gedərkən,
Tanrı deyib yüz yol ölçün, bir biçin.


– Çinelliyə bənzərin var, ərənim,
– Yaxın olur yerlilərin bənzəri.
– Bəs mən necə, oxşayıram sizlərə?
– Yaxın olur yerlilərin bənzəri.

Qızın incə baxışları dupduru,
Saçlarına daraqsayaq gül vurub,
Ancaq onu at oynadıb, yol yorub,
Yaxın olur yerlilərin bənzəri.

Danışanda dodağından bal damır,
Parıldayır üstü, başı, hər yanı,
Qamaşdırır gözlərini axşamın,
Yaxın olur yerlilərin bənzəri.

Yovşan çölü, qanqal düzü gözəldir,
Yanqulaşan güllər özü gözəldir,
Bu güllərin onu, yüzü gözəldir,
Yaxın olur yerlilərin bənzəri.


– Nə olacaq görən sonu bu işin?
– Sonsuzluqda ilk sevginin sonu yox.
– Necə oldu, səni sevdim, bilmirəm,
Sonsuzluqda ilk sevginin sonu yox.

– Soyqan məni öldürtdürər qayıtsam,
– Quşlaşarıq, sevgi bizi ayıltsa,
– İlk sevgidə dönməz olur çox adam,
Sonsuzluqda ilk sevginin sonu yox.
– Səndən qabaq sevməyirdim gülləri,
İndi sevib oxşayıram çölləri,
Tanış gəlir mənə quşun dilləri,
Sonsuzluqda ilk sevginin sonu yox.

– Gülüm, səndə mən dadmışam sevgini,
Mən görürəm indi göyün təkini,
Artıb deyən hər bir şeyin çəkimi,
Sonsuzluqda ilk sevginin sonu yox.


– Dönmə daha, gözəl Yanqu, Çuqçuya
Sevməyənin gözü varsa, qapıqdır.
Onlar səni öldürərlər acıqdan,
Sevməyənin gözü varsa, qapıqdır.

Mənim anam səni görcək bəyənər,
«Qızım» deyib gəliniylə öyünər,
Qız ürəyin sevinc ilə döyünər,
Sevməyənin gözü varsa, qapıqdır.

– Mən Yanquyam, kölə ollam anana,
Anadırsa, bu sevgiyə inanar,
Arxalanıb arxamızda dayanar,
Sevməyənin gözü varsa, qapıqdır.

– Gedək, gözəl, sevgimizə ev tikək,
Gedək, Yanqu, könlümüzdə gül əkək,
Gedək, sevgi güllərindən bal çəkək,
Sevməyənin gözü varsa, qapıqdır.


– Gülüm, sənin nə gözəldir gözlərin,
Ürək yoldur, göz yuvadır sevgiyə.
Əyil, gözəl, güllər öpsün üzündən,
Ürək yoldur, göz yuvadır sevgiyə.

– Məni yol et ayağının altında,
Məni gül et düşüncənin qatında,
Məni yurd et Mindiyarın yurdunda,
Ürək yoldur, göz yuvadır sevgiyə.
– Gülüm, yenə axşam düşür, gəl, gedək,
Meşələrdə, çaylaqlarda biz itək,
Çiçək yığaq biz bir qucaq, bir ətək,
Ürək yoldur, göz yuvadır sevgiyə.

– Gedək çataq bir daxmaya bu gecə,
Yeyək, yataq, özümüzə gəlincə,
Sonra yenə biz yol gedək ölüncə,
Ürək yoldur, göz yuvadır sevgiyə.


– Məni apar dayanışın sonuna,
Hər şey vardır hər bir şeyin sonunda.
İki yerlik bir dolanış qur mənə,
Hər şey vardır hər bir şeyin sonunda.

– Gözlərinin güzgüsündə yataram,
Dodaqların bal dadını dadaram,
Balı gülə, gülü südə qataram,
Hər şey vardır hər bir şeyin sonunda.

– Əlini ver, yuva tikim ovcunda,
Könlünü ver, yatım ipək suçumda,
Dilini ver, itim-batım içində,
Hər şey vardır hər bir şeyin sonunda.

– Gül, gözəlim, güllər gülmək istəyir,
Sevgi nədir, çöllər bilmək istəyir.
Dağlar bizə qonaq gəlmək istəyir,
Hər şey vardır hər bir şeyin sonunda.


Dağ döşündə sürü görüb durdular,
Sevinc ilə sevgi qoşa uçuşdur.
Ağ gül idi sanki döşdə qoyunlar,
Sevinc ilə sevgi qoşa uçuşdur.

Deyə-deyə, gülə-gülə qaçdılar,
Qaçmadılar, pırıl-pırıl uçdular,
Güllük görüb bir də çiçək açdılar,
Sevinc ilə sevgi qoşa uçuşdur.
Sürü deyil, güllər imiş yellənən,
Sevgi olsa, qara daş da güllənər,
Qaya gülər, torpaq gül-gül dillənər,
Sevinc ilə sevgi qoşa uçuşdur.

Sevən gənclər, hara belə, əl-ələ,
Elə bil ki, sarmaşıbdır gül gülə,
Sevmək olmaz, getmək olmaz bir belə,
Sevinc ilə sevgi qoşa uçuşdur.


Dolan-dolan, boylan-boylan getdilər,
Yol yaxşıdır, yaxşı yoldaş olanda.
On dörd günə çatdı onlar Muğelə,
Yol yaxşıdır, yaxşı yoldaş olanda.

Qazmalarla, aullarla daxmalar,
Danışıqda, dildə yaxın doğmalar,
Ac yoxsullar, bir də zəngin yığmalar,
Yol yaxşıdır, yaxşı yoldaş olanda.

– Kimdir burda ağsaqqalla ağbirçək,
Dedilər ki, Muğər ilə Qarçiçək,
– Yol göstərin, biz onları bir görək,
Yol yaxşıdır, yaxşı yoldaş olanda.

– Qarçiçəyim, gözəl bibim, bu sənsən?
– Tuncay bala, hardan belə gəlirsən?
Yuxumdaydın at üstündə sən dünən,
Yol yaxşıdır, yaxşı yoldaş olanda.


– Bu Yanqudur, ilk sevgili gözəlim,
Necə olsa, könül sevən gözəldir.
– Tuncay bala, bu ki hələ uşaqdır,
Necə olsa, könül sevən gözəldir.

– Uşaq deyil, qorxmaz, igid, qoçaqdır,
Çuqçudandır, bir az Çinsoysayaqdır,
Mən onlara, o da bizə qonaqdır,
Necə olsa, könül sevən gözəldir.
– Sevirsənsə, bir az qalsın, boy atsın,
Toy yaşına, qız yaşına o çatsın,
Həm də mənə işlərimdə əl tutsun,
Necə olsa, könül sevən gözəldir.

Tuncay güldü, Yanqu baxdı, susdular,
Bir-birinin ayağını basdılar,
Qarçiçəyə beş gün qulaq asdılar,
Necə olsa, könül sevən gözəldir.


Muğər gəldi, o da belə söylədi,
Kal sevənlər qovuşmağa tələsər.
İkiniz də yeniyetmə yaşında,
Kal sevənlər qovuşmağa tələsər.

Qarçiçəklə biz on beş il sevişdik,
Hərdən-birdən qışqırışdıq, deyişdik,
Sevgiləşdik, hamarlaşdıq, dəyişdik,
Kal sevənlər qovuşmağa tələsər.

Sizə iki qulan verim, mininiz,
Yoxuş qalxıb, enişlərə eniniz,
Qartal qovan çaparlara dönünüz,
Kal sevənlər qovuşmağa tələsər.

Bu, Dəmirat, o, Qonurat – bəsləyin,
Hoylamayın, öz adıyla səsləyin,
At igiddir, igidliyi gözləyin,
Kal sevənlər qovuşmağa tələsər.


Muğər, Tuncay ova getdi üç günə,
Ov ölməkdir, doğulmaqdır yenidən.
Yanqu qaldı Qarçiçəyin yanında,
Ov ölməkdir, doğulmaqdır yenidən.

Qız ağladı, atasını istədi,
O, Soyqanı, o, Xaqanı pislədi,
Çıxıb dikə, Tuncayını səslədi,
Ov ölməkdir, doğulmaqdır yenidən.
Birdən yolda neçə atlı gördü o,
Çağırdılar, yerindəcə durdu o,
Soydan idi, düşüb qızı vurdu o,
Ov ölməkdir, doğulmaqdır yenidən.

Dedi: – Qancıq, bu yaşında haraya?!
Qan salıbsan bu boyunla araya,
Xaqan gəlib, basıb bizi haraya,
Ov ölməkdir, doğulmaqdır yenidən.


– Sən Xaqanın olmalısan bu gündən,
Ər evində qızlar gərək kal olsun.
Yanqu hara, Tuncay hara, Turq hara,
Ər evində qızlar gərək kal olsun.

Çox qışqırdı, çox yalvardı qız ona,
Soydan çəkib aldı onu qoynuna,
Qız sarıldı çapan atın boynuna,
Ər evində qızlar gərək kal olsun.

– Sən Xaqanın olmalısan bu gündən,
Xaqan bizi öldürmüşdü heç nədən,
Gözəl qıza ər olammaz hər gələn,
Ər evində qızlar gərək kal olsun.

Qız səslədi gedə-gedə Tuncayı,
Ovçulara yetişmədi harayı,
Ov almışdı ərənlərdən soy-sayı,
Ər evində qızlar gərək kal olsun.


– Məndən sonra gedib çatsın Tuncaya,
Ov edənin ovlayarlar könlünü.
Məni alıb apardılar Çuqçuya,
Ov edənin ovlayarlar könlünü.

Sevmək nədir, lap içməli su kimi,
Gərək sevib qoruyasan sevgini,
Səni deyil, sevgi məni bərkidib,
Ov edənin ovlayarlar könlünü.
Deyin, onu sevəcəyəm yüz il də,
Harda oldu, Uğureldə, Çineldə,
El ayrısa, sevgi dili bir dildə,
Ov edənin ovlayarlar könlünü.

Məndən sonra gedib çatsın Tuncaya,
Bu yaşımda mən baxmaram soy-saya,
Qaçıb gəlləm lap uzağı bir aya,
Ov edənin ovlayarlar könlünü.


Qulanlarım, oynaqlayın, ağlayın,
Südlə dayça qulan olar, at olmaz.
Arpanızı bircə-bircə arıdım,
Südlə dayça qulan olar, at olmaz.

Sıçram-sıçram hara belə çapışır,
Ürkə-ürkə ağızlaşır, qapışır,
Əl-qol atıb dırnaqlaşır, çarpışır,
Südlə dayça qulan olar, at olmaz.

Şıllaqlaşın, quduzlaşın, şellənin,
Yumalanın, dalı üstə hellənin,
Qoşa çapın, çaylar kimi sellənin,
Südlə dayça qulan olar, at olmaz.

Yanqu qızdan qalınc olun Tuncaya,
Dayçanızı verəcəyəm Turqtaya,
Çapın, dönün bir döyüşkən alaya,
Südlə dayça qulan olar, at olmaz.


Sən də gözəl qulan idin, Yanqucuq,
Kök oldunsa, kökdən ayrıl, – deyiblər.
Ata Sansi düz deyirdi, tələsmə,
Kök oldunsa, kökdən ayrıl, – deyiblər.

Gözlə məni, günü aya qataram,
Dəmiratla gəlib sənə çataram,
Gül dodaqlar ləçəyində yataram,
Kök oldunsa, kökdən ayrıl, – deyiblər.
Bir sevgi var, bir istək var, bir dilək,
Biz hansından yoğrulmuşuq, de görək,
Gözlə məni, gələcəyəm, ey çiçək,
Kök oldunsa, kökdən ayrıl, – deyiblər.

Qoy barışsın Çinel ilə Mindiyar,
Qoy otlasın otlaqlarda çaparlar,
Ürəyimdə uşaqlaşan sevgi var,
Kök oldunsa, kökdən ayrıl, – deyiblər.


Qabağına qatdı qoşa qulanı,
Yol hamının yoldaşıdır yol boyu,
Yol azaraq gəlib çıxsam Çuqçuya,
Yol hamının yoldaşıdır yol boyu.

Man şahlığı, gözlə məni, gəlirəm,
Gəzirsiniz çoxdan məni, bilirəm,
Anam üçün darıxıram, ölürəm,
Yol hamının yoldaşıdır yol boyu.

Turqtay, sənə «Turq» deyirlər Çuqçuda,
Belə ad var, eşitmişəm, Qobuda,
Bir ad olsun qardaşıma qoy bu da,
Yol hamının yoldaşıdır yol boyu.

Duman alıb hər bir yeri dünəndən,
Bir çıxsaydım bu dumandan, bu çəndən,
Çənləşmişəm mən Yanqunu görəndən,
Yol hamının yoldaşıdır yol boyu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq