Qobuyerdə yaz tez gəlir, tez gedir,
Yaz qorxaqdır, gül incədir, yer yaşıl.
Layla çalır qayalara ləpələr,
Yaz qorxaqdır, gül incədir, yer yaşıl.

Qobuyerin qış ayları yamyaşıl,
Qışlaq olur sürülərə dağ-daşı,
Göy dənizə yaşıl qışlaq yaraşır.
Yaz qorxaqdır, gül incədir, yer yaşıl.

Qobuyerdə daşlar yeldən dil alır,
Sal qayalar kuləklərdə ud çalır,
Bulaqlar var yüz-min ildir qız qalıb,
Yaz qorxaqdır, gül incədir, yer yaşıl.


Kür çayıdır, yoxsa qoyun sürüsü,
Aşırımda, uçurumda, yarğanda,
Qorxa-qorxa bulud yağır, çiləyir,
Aşırımda, uçurumda, yarğanda.

Otlaqlarda naxır, ilxı sürünər,
İri bulud kölgəsidir sürülər,
Sürü çaydır, köpük-köpük görünər,
Aşırımda, uçurumda yarğanda.

Bulud durub balabanı dinləyir,
Arı bir-bir çiçəkləri dənləyir,
Göy gurlayır, qız bulaqlar inləyir,
Aşırımda, uçurumda, yarğanda.


Son evidir bura Turbax nənənin,
Turbax nənə torpaq olub göyərib.
Min ildir ki, Turbax nənə torpaqda,
Turbax nənə torpaq olub göyərib.

Durudaşdan, Əkbitəndən gəlirlər,
Sonevinin başdaşını silirlər,
Onu Minel ağbirçəyi bilirlər,
Turbax nənə torpaq olub göyərib.

Başəyimə gəlir bura Üstüağ,
Dörd yanında. çalğı, mahnı, tap-taraq,
Al-al bəzək, boya, qadın dəf-daraq,
Turbax nənə torpaq olub göyərib.


– O bənzəyir ilk babası Turərə,
Qol, baş, kürək, boy babadan gəlmədir.
Ona çəkib əl tutmaqda, bağışda,
Boy, baş, kürək, qol babadan gəlmədir.

Oturubdur qızıl atın belində,
Dağ çəkili tunç topbuzu əlində,
Torpaq nənə qayğıları dilində,
Boy, baş, kürək, qol babadan gəlmədir.

At üstündə yaraşığı, durumu,
Arxasında qabağında toplumu,
Ağsaqqallar, başbilənlər qurumu,
Boy, baş, kürək, qol babadan gəlmədir.


Sonev üstdə Şaman yer-yer hərlənir,
Şaman göydən səs eşidən tanrıdır.
Gələçəkdən soraq tutub danışır.
Şaman göydən səs eşidən tanrıdır.

Göyqurşağı boyasında geyimi,
O, Torpaqdan alır, gücü, heyini,
Tanrılara çatır səsi, deyimi,
Şaman göydən səs eşidən tanrıdır.

Deyib-deyib öz-özünü çərlədir,
Başı üstə çəliyini hərlədir,
Danışığı onun göylə, yerlədir,
Şaman göydən səs eşidən tanrıdır.


Şaman baxdı Üstüağa,
Göydən bir səs eşitdi o.
Bunu harda görmüşəm mən,
Göydən bir səs eşitdi o.

Gözü doldu, bulaqlaşdı,
Yanaqları dümağlaşdı,
Çəliyilə qucaqlaşdı,
Göydən bir səs eşitdi o.

Gözüm balam, anam, atam
Göydən gələn, göyə çatan,
Gəlsin mənə ağrın, qadan,
Göydən bir səs eşitdi o.


– Mən Gücərin uyğusuyam,
Oyan, eşit, Torpaq nənə.
Mən Turərin duyğusuyam,
Oyan, eşit, Torpaq nənə.

Yaşım olub iki min il,
Mən yer, su, od, bulud, çay, yel,
Bir il yoldur bizim Minel,
Oyan, eşit, Torpaq nənə.

Deyib Şaman şirikləndi,
Dili, ağzı köpükləndi,
Döşü, ordu görükləndi,
Oyan, eşit, Torpaq nənə.


İki min il qabaq gördüm,
Mindiyarın sonu yoxdur.
Gücər çatdı buzlaqlara,
Mindiyarın sonu yoxdur.

Doğmaları arayırdı,
Nə bir əltut, nə bir yardım,
Qar, qış oldu ana yurdu,
Mindiyarın sonu yoxdur.

Çox güləşdi, çox vuruşdu,
Ağ Ayıyla, Qaya Quşla,
Doğmalaşdı qarla, qışla,
Mindiyarın sonu yoxdur.


– Şah eşitsin məni bu gün,
Olacağı şah görəndir.
Görünməzi görənəm mən,
Olacağı şah görəndir.

Danışaram yerlə, göylə,
Çayla, çöllə, quşla, leylə,
Böyük Tanrim, özün söylə,
Olacağı şah görəndir.

Mən göylərə dirənərəm,
Buludlarla sürünərəm.
Görünməzə görünərəm,
Olacağı şah görəndir.


– Mən Şamanam, göy elçisi,
Qayqı, sayğı, uyğuyam mən.
Görünməzi görən gündən
Qayğı, sayğı, uyğuyam mən.

Bu il bolluq olacaqdır,
Çox saxlanclar dolacaqlır,
Şah çox yeri alacaqdır,
Qayğı, sayğı, uyğuyam mən.

Qaralıbdır söz içində,
Acıqanı öz içində,
Biri vardır yüz içində,
Qayğı, sayğı, uyğuyam mən.


Şaman yetdi uzü göyə,
Yerin, Göyün qulağı var,
Öz-Özüylə danışdı o,
Yerin, göyün qulağı var.

Bulud gəldi, göy tutuldu,
Köyə, yerə əl qatıldı,
Göz qıyıldı, qaş çatıldı,
Yerin, göyün qulağı var.

Gücər idi, bulud, yaqış,
Torpaq nənə susuz qalmış,
Göyər Torpaq, qalx bir qarış
Yerin, göyün qulağı var.


Şah əyilib diz qatdadı,
Gərək şah da diz qatdaya.
Torpaqlaşdı ulu nənə,
Gərək şah da diz qatdaya.

O, Torpağı ulu saydı,
Bir dirilik gücü duydu,
Sol dizini yerə qoydu,
Gərək şah da diz qatdaya.

Şaman yaddan çıxdı, qaldı,
Hamı şaha könül saldı,
İç boşaldı, gözlər doldu,
Gərək şah da diz qatdaya.


Yaqış yağdı, Torpaq güldü,
Güllər yerin gülüşüdür.
Qaraş gəldi yüz atlıyla,
Güllər yerin gülüşüdür.

Üstüağı görə-görə
Baxdı kəndə bilə-bilə,
Diz qatdayıb qoydu yerə,
Güllər yerin gülüşüdür.

– Ulu Torpaq, ulu Nənə,
Baş əyirəm bircə sənə,
Güc ver mənə, yer ver mənə,
Güllər yerin gülüşüdür.


Nənə, söylə kötükcənə,
Şahlıq kimdən-kimə çatar.
Mən Başevdən didərginəm,
Şahlıq kimdən-kimə çatar.

Gileyliyə gəlməmişəm,
Hələ sağam, ölməmişəm,
Bir öyüd ver görməmişə,
Şahlıq kimdən-kimə çatar.

Bələşsəm də al qanıma.
Gərək bir gün şah tanınam,
De, gəlmişəm öz yanına
Şahlıq kimdən-kima çatar.


Şaman aldı bu sorğunu,
– Şahlıq mənəm deyənindir.
Mənə Torpaq belə deyir,
Şahlıq mənəm deyənindir.

İstər şah ol, istər yolçu,
Bilici ol, ya da falçı,
İstər evcil, istər çölçü,
Şahlıq mənəm deyənindir.

Mən deyənin düzdür yönü,
Öncül çapar tutar önü,
Ancaq qandır yönü, günü.
Şahlıq mənəm deyənindir.


Kimdə mən var, güclü odur.
Doğru yolu qılınc açır.
Həm Başevdə, həm vuruşda,
Doğru yolu qılınc açır.

Biclik də var, birlik də var,
İkisi də əldən tutar,
Bunları da öyrən, bacar,
Doğru yolu qılınc açar.

İki qardaş qurşaq tutsun,
Güclərini gücə qatsın,
Qoy şahlığa güclü çatsın,
Doğru yolu qılınc açar.


Bu söz aldı Üstüağı,
Ölkəyə şah Qaraş olsun.
Qoy basılım qardaşa mən,
Ölkəyə şah Qaraş olsun.

İki qardaş güləşdilər,
Vurnuxdular, əlləşdilər,
Ara bir də dilləşdilər.
Ölkəyə şah Qaraş olsun.

Yer qazıldı diz yerindən,
Qopdu geyim yüz yerindən.
Qopmadılar öz yerindən,
Ölkəyə şah Qaraş olsun.


Şah Qaraşa girişmədi,
Çəm gəzirdi yıxılmağa,
Qaraşı şah etmək üçün,
Çəm gəzirdi yıxılmağa.

Bundan Qaraş sıxılırdı,
Yorulmuşdu, yıxılırdı,
Şah da yanıb yaxılırlı,
Çəm gəzirdi yıxılmağa.

Gördü hamı bu oyunu,
Şah güləşmir, şah yayınır,
Şah gözləyir öz soyunu,
Çəm gəzirdi yıxılmağa.


Ancaq Qaraş dözəmmədi.
Gözləmədi Üstüağı.
Yarağından yapışdı o,
Gözləmədi Üstüağı.

Son ayaqda qılınc çəkdi.
Vurdu qardaş qanı tökdü,
Həm tutuldu, həm diz çökdü,
Gözləmədi Üstüağı.

O yıxılıb yerdə qaldı,
Ağlayaraq haray saldı,
Saçlarını dartıb yoldu,
Gözləmədi Üstüağı.


Hamı öydü Üstüağı,
Öz-özünə güc gəlmişdi.
Qardaşını yıxmamışdı,
Öz-özünə güc gəlmişdi.

Şah güclüydü on qat ondan,
Güc də gəldi elə sonda,
Güc alıbdır iki yandan,
Öz-özünə güc gəlmişdi.

Bu, tanrının istəyidir,
Bükülməyən biləyidir,
Göyün Şaman dirəyidir.
Öz-özünə güc gəlmişdi.


Şaman durdu oxumağa,
– İki qardaş yolbir olsa.
Minel bütün çiçəklənər,
İki qardaş yolbir olsa.

Bir biləkdə bir güc olar,
Dörd biləkdə dörd güc olar,
Hər güclüdən yer güc olar,
İki qardaş yolbir olsa.

Körpü olun hər küsənə,
Yelçəkəndən, Yeləsənə,
Qarlı qışda buz isinər,
İki qardaş yolbir olsa.


– Ulu Gücər göydür yağır,
Torpaq nənə güllən, deyir
Mən başının üstündəyəm,
Torpaq nənə güllən, deyir.

Qaf dağının börküyəm mən,
Ağ Ayının kürküyəm mən.
Yağışam mən, bürküyəm mən,
Torpaq nənə güllən, deyir.

Gücər, Düzər, Qoşar harda,
Sonevləri buzda, qarda
– Siz hardasız, tanrı orda,
Torpaq nənə güllən, deyir.


Şaman deyib çox oxudu,
Torpaq nənə dinməz olub.
Ha çağırdı yeri, göyü,
Torpaq nənə dinməz olub.

Bu yığnağın nəyi pisdi,
Şah bizlərdən niyə küsdü,
Birdir yerin altı, üstü,
Torpaq nənə dinməz olub.

Bu gün yazın ilk günüdü,
Qışın üç aylıq sonudu,
Günəş ulu, il yenidi,
Torpaq nənə dinməz olub.


Şah Şamanı qonaq etdi,
Başev qonaq sevən deyil,
Bir ay qaldı, bir il qaldı.
Başev qonaq sevən deyil.

Görgüləri burda gördü,
Şaha öyüd, toxdaq verdi.
Ancaq Başev bir təhərdi,
Başev qonaq sevən deyil.

Yozmaçısı, yazıçısı.
Qapı kəsən qapıçısı,
Sözü atan atıcısı,
Başev qonaq sevən deyil.


Bir gün Şaman şaha dedi:
– Yeləsəni almalısan.
Bizə ordan sazaq əsir,
Yeləsəni almalısan.

Dəyişilib yollar indi.
Darvidel də bizdən döndü,
Bizə qarşı qoyur Hindi,
Yeləsəni almalısan.

Çinə yeni toplum göndər,
Öz yolundan onu döndər,
Qalxan başa qılınc endər,
Yeləsəni almalısan.


Burda sözün dəyəri var,
Göyə qapı açan sözdür,
Söz tanrımız gəlir-yolda,
Göyə qapı açan sözdür.

Uçaldacaq o özünü,
Dəyişəcək yer üzünü,
Yazacaqlar hər sözünü,
Göyə qapı açan sözdür.

O da sənin belindəndir,
Dili Minel dilindəndir,
Kökü Duzgöl kökündəndir,
Göyə qapı açan sözdür.


Şahım dəyiş Başevini,
İllər, yollar dəyişilir.
Təkərənlik yolu keçib,
İllər, yollar dəyişilib.

Dəyişilib Ay da, Gün də,
Ər taparsan yüzdə, mində,
Qonşulara elçi göndər,
İllər, yollar dəyişilib.

Bu yollarda yol dolaqdır,
Yol get göylə, yer çalaqdır.
Biçlik var ki, bir yaraqdır,
İllər, yollar dəyişilib.


Çox inanma Qaraşa sən,
Çox inanan çox uduzar.
Onda inam, düzlük yoxdur.
Çox inanan çox uduzar.

Dörd yanına bir əl gəzdir,
Qonşuların sənə gözdür,
Sənin yolun, sözün düzdür.
Çox inanan çox uduzar,

Gəncsən, ancaq böyük ərən,
Çıx biclərdən biclik öyrən.
Hara çatar bu yol görən,
Çox inanan çox uduzar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri