VIII
Hüquq fakültəsinin böyük və zəngin kitabxanasında, göy xələtli kitabxanaçılar çalışıb-əlləşir, tələbələri, müəllimləri, professorları, elmi işçiləri istədikləri kitablarla təmin edirdilər... Onlar yan tərəfdəki qiraət salonunda səssiz-səmirsiz oxuyur, kağız üzərində qeydlər edirdilər. Diqqətlə qulaq asanda buradan, yalnız üzərində qələm işlənən kağızların xışıltısı eşidilirdi... Küncdəki balaca stolun arxasında oturan Mehman da, çoxdan əlləşirdi. O, buraxılışdan sonra verilən məzuniyyətdən istifadə edərək çalışırdı. Mehman çox düşünüb, çox mühakimə etdikdən sonra verilən məzuniyyətdən istifadə edərək çalışırdı. Mehman çox düşünüb, çox mühakimə etdikdən sonra “Azərbaycanın qədim dövrünə aid hüquq tariximizdən” adında bir elmi əsər üzərində işləməyi qərara almışdı. O hələ neçə ay idi ki, bu mövzu üstündə çalışır, kitabxananı çox arayır, az şey tapırdı. Professor Məlikzadə Mehmanın bu fikrindən xəbər tutaraq çox şad olmuşdu. Buna görə də o öz sevimli tələbəsinə baş çəkmək, ona məsləhət vermək qərarına gəlmişdi. Professor qapını arxa tərəfdən yavaşca açıb içəriyə girdi, əlini Mehmanın çiyninə qoydu. İşarə ilə qiraət salonundan qaldırıb kitabxanaya gətirdi. Şkaflar ağzınacan qalın cildli kitablarla dolu idi.
– Çox zəngin kitabxanadır, – deyə professor böyük maraqla kitab dolu rəfləri göstərdi, – çox böyük dövlətdir!.. Bax burada hər bir dildə əsər tapmaq olar. – Professor əlini kitab qəfəsələrində gəzdirdi. – Bu dünyada hər şeydən artıq, hüquqa dair əsər yazılmışdır. – Professor gülümsəyib Mehmandan soruşdu. – Bilirsinizmi niyə? – Özü də cavab verdi, – çünki bu dünyada bizim sosialist inqilabına qədər zorakılıq, haqsızlıq hər şeydən çox olmuşdur!.. Bunun da dərin iqtisadi-siyasi səbəbləri vardır!.. Mən sizə məsləhət görürəm ki, elmi işiniz üçün bu cəhətləri nəzərə alasınız... Çünki dərin tədqiqat, böyük əmək və yuxusuz gecələr olmadan elmi əsər yarana bilməz!..
– Düzü, professor, mən bizim Azərbaycan dövlət hüququna aid tarixi materialı az tapıram!
– Məyus olmayın, dama-dama göl olar!
– Professor, mənim mövzumu bəyəndinizmi?
– Bəyəndim, ancaq çox çətindir, çox da vacibdir!
– Mən fikirləşdim ki, Fransada filan kralın dövründə hüquq məsələsini, ya da qədim Romada köləlik dövrünə aid filan şeyi yazınca, buradan başlayım!.. Necə deyərlər, “özünə umac ova bilməyir, özgəyə əriştə doğrayır” məsələsi olmasın. “Fransada filan Lüdviqin hakimiyyəti dövründə hüquq normaları”, yaxud “Qədim Romada filan hüququ?!”
– Bunları da bilmək lazımdır, oğul, – deyə professor Məlikzadə əlini Mehmanın çiyninə qoydu. – Bunlarsız da qədim dövrü dərk edib bir dəyərli elmi əsər yaratmaq olmaz!.. Çünki elm genişlik, çərçivələri qırmağı tələb edir!.. Ancaq öz zəmindən və tamam-kamal əlini üzüb qopmaq olmaz!.. Mən ürəkdən çox şad oluram ki, bizim gənclik belə məsələlərin qoyulmasını dərk etmişdir. Xalqa “böyük, böyük” deməklə, öz-özünə axınla böyük olmaz! Xalqın mənəvi böyüklüyü, görürsənmi, bu qalın cildli, yer-yurd tutmayan kitablarla ölçülür... Məsələn, sayca böyük olmayan yunan xalqı baxın, tarix üçün, elm və fəlsəfə üçün də nə kimi başla böyük əsər yaranır, xırda bir başla nə yarana bilər? Xırda baş ancaq öz böyük qarnını güdər!
Professor danışa-danışa kitabxanaçını çağırdı, gəzə-gəzə gedib səqfə qədər mərtəbələrə dolmuş kitabların qabağında dayandı. Xeyli baxdı, pilləkəni düzəldib yuxarı qalxdı, iki kitab endirib Mehmana verdi:
– Bu pilləkənlə biz ki, belə yuxarı qalxırıq, yəqin ki, yüksələcəyik! – Məlikzadə dolu döşlə güldü, onun ağ bığları, çənəsindəki ağ saqqalı titrəyib əsdi. – Mən şadam, çox-çox şadam ki, siz elm yolunu tutursunuz, bax bu pilləkən yolunu!.. Mənim məsləhətim belədir ki, heç bir inzibati işə getməyəsiniz. Çünki insan ömrü özü də vaxtdır, onu əsla itirmək, hədər yerə sərf etmək olmaz!.. Bəli, mən sizə fakültənin aşağı siniflərində dərs düzəldərəm. Burada çalışarsınız, böyük hüquqşünaslardan birisi olaraq yetişərsiniz. Təkrar edirəm, ölüncə də deyəcəyəm: bizim xalq üçün böyük əql və məntiq sahibi çox-çox böyük hüquqşünaslar lazımdır!
– Mən indi, professor, elmi tədqiqatımı təcrübə ilə bağlamaq üçün bir neçə il işə getmək istəyirəm.
– Hara belə?
– Bir rayona!
– Rayonamı? Yox, oğlum, mən razı ola bilməyəcəyəm, bir əldə iki qarpız?.. Çox çətindir!
– Bəs hüquq fakültəsi nə üçündür, professor?
– Mən bu barədə sizinlə əsla razı ola bilməyəcəyəm... Heç razı ola bilməyəcəyəm! – Məlikzadə əlini qaldırıb yellədi, – aralanmaq, elmdən qopmaq? Yox əsla!.. Elm müntəzəm işləyən yaradıcı bir baş, gecəli-gündüzlü stoldan qopmayan bir kəllə istəyir! Elm qurğuşun kimi ağırlıq, özü də çox möhkəm bir sanbal istəyir!... Saytal adam olmaq üçün sanballı bir kəlləyə malik olmaq gərəkdir!.. Yoxsa dik-diringilə heç bir əsər yaranmaz! Oturmaq, ağır oturub batman gəlmək lazımdır!..
– Professor, axı hərəkətsiz inkişaf yoxdur, deyiblər!
– Ayaqdan qabaq, başla hərəkət! Yox, yox otur bax, burada, bu qalın cildli kitabların arasında! Rayon nədir? Yox, yox mən razı ola bilməyəcəyəm!
– Nə üçün belə bir ifrata varmaq, professor?
– Çünki, əzizim, səndən yaxşı bir elmi işçi çıxar! Çünki hüquq elminin sənin kimi gələcəkli gənclərə ehtiyacı çoxdur! – Professor dəsmalını çıxarıb alnında muncuqlanan tərini sildi. – Qal, qal! Sən burada, bu kitabxanada qal! Mən səndən böyük bir elm adamı gözləyirəm! Sən əgər belə yüngül müqavimət yolu ilə getsən, mən səndən nə gözləyəcəyəm? – Professor bu dəfə də dəsmalı ilə acışan gözlərini sildi. – Böyük dərddir, qanunu sənə tapşırsınlar, sən özün də nəticədə dolaşıb həbs ediləsən?.. Bəlkə başqası düşünmür, mən bu barədə düşünürəm!.. mat-məəttələm. – Məlikzadə əllərini dizlərinə çırpdı, – lap məəttəl!..
– Səbəbini izah etsəniz olmazmı, professor?
– Səbəbi? Səbəbi, ləkə! Kimsə, hansı vicdansızsa hansı qayəsiz-məsləksiz, hansı qaranlıq, xəlvəti bir küncdə-bucaqda, hər hansı bir cilddə isə gizlənib gözə girir, girəvə düşən kimi bizim, gül kimi aydan arı, sudan duru adamlarımızı alçaqcasına ləkələyir! Gül kimi uşaqlar qurtarır, axırı nə olur?.. Qal, qal burada!.. Deyib də məni əsəbiləşdirdiniz!
– Bağışlayın, professor, bizim hüquq fakültəsi məgər yalnız bu kitabxanalar üçündürmü?..
Professor daha da əsəbiləşdi, o addımlayıb Mehmandan uzaqlaşa-uzaqlaşa:
– Daha mən onu bilmirəmi! – dedi. – Heç bir şey bilmirəm! Mən sizdən dərin bilikli bir alim gözləyirdim!
– Elm həyat üçün, mübarizə, tərəqqi, inkişaf üçündür, – deyə Mehman özlüyündə söyləndi, – yoxsa bizim hörmətli professor, elmi həyatdan qoparmaqla mücərrədliyə, ulduzlara gedir?!.
Sonra Mehman, qoltuğunda kitab dayanıb fikir içində kitabxanaya xeyli baxdı: “Bu da doğrudur ki, bizə belə qalın cildli kitablar yaratmaq lazımdır! Biz kitabsız, quru, boş əllə hüquq elmini öyrənə bilmərik!”
O qiraət salonunun qapısını açıb stulun üstündə əyləşdi.
“Təcrübə də lazımdır, həyat da!.. Elmi də, həyatı da!.. Adam özü təmiz bir adam olandan sonra, onu necə ləkələyə bilərlər?.. Bizim hörmətli professor bu barədə hansı bir yanlış hissə isə qapılır, qoca birtərəfli düşünür, bilmir ki, kitab həyat üçündür!”
Mehman professor verdiyi kitabların birisini açdı, vərəqlədi, burada onu maraqlandıran xeyli material olduğunu görüb çox sevindi. Gözəl professordur, heyif ki, bir az şəkkak, həm də bir xeyli əsəbidir!.. Mən bilmirəm, həyatla bağlanmayan, onda gündə-gündə xidmət etməyən bir elm kimə gərəkdir? Mehman qələmi götürüb bir neçə vərəq yazdı, oxuyub sükuta getdi. “Olacaqdır, çıxacaqdır!.. Mütləq çıxacaqdır!.. Qalın cildlərlə bizim hüquq əsərlərini yazmaq da lazım olacaqdır!.. Professorun dediyi kimi hüquqşünaslarımız belə bir hiss ilə yaşasalar əlbəttə, belə kitablar yaranar”. – Mehman düşündüyü zaman Katibə xala əlini Mehmanın çiyninə yavaşca qoyub:
– Sizi çağırırlar, – dedi.
– Kim?.. Professormu? – Mehman sevindi, professoru əsəbiləşdirdiyi üçün ondan üzr istəmək, mümkün qədər qocaya izahat vermək istədi. – Professor öz kabinetindədirmi?
– Yox!
– Bəs məni kim çağırır?
– Qayınanan, – Katibə xala usta bir mədəniyyətlə gülümsədi, – Şəhla bacım çağırır!
– Nə barədə?
– Yoxsa telefona da getmək istəmirsiniz?
– Nə üçün?..
– İcazə verin deyim ki, Mehman burada yoxdur!
– Yox, yalan demək yaramaz!
– Nə üçün, əgər istəmirsinizsə?..
– Mən burada olduğum halda necə elə demək olar?
– Onda buyurun!
– Ancaq?.. Yaxşı! – deyə Mehman ayağa durub getdi, Katibə xalanın yan tərəfdən asdığı telefon dəstəyini götürdü.
– Qulaq asıram... Bəli, salam... Çox sağ olun... yaxşıyam... Başım çox qarışıqdır... Yox, söz verə bilmərəm, çünki çox mühüm işim var... Xeyr. Füzuli divanə çəksə də, mən ondan üzr istəyirəm!.. Heç olmazsa biz də Füzulinin yüzdə biri qədər yadigar qoymalıyıq! Yox... Xeyr!.. Üzr istəyirəm!..
Mehmanı çağıran Şəhla xanım olsa da danışan Züleyxa idi. Güman ki, anası özü, öz əlilə telefon dəstəyini qızına vermişdi, Züleyxa Mehmanın bu cür soyuq rəftarını, yenə də qeyri-müəyyən cavabını görüb pərt oldu, dəstəyi yerinə qoymaq istəyincə, Şəhla xanım dəstəyi ondan aldı:
– Danışan Şəhladır. Axşam saat yeddi tamamda sizi gözləyirəm!
– deyə tez dəstəyi öz yerindən asdı. Mehman cavab verə bilmədi.
Katibə xala bu təzadlı mənzərəni hiyləgər bir nəzərlə süzüb:
Çəkişməsən bərkişməzsən, – dedi. – Nə var, cavan oğlan?!
– Elə bir şey yoxdur. – Mehman çəkilib yenə də öz iş stoluna getdi. O, kitabları nə qədər vərəqlədi, əlinə qələm alıb yazmaq istədi, təəccüblü görünsə də bir şey çıxmadı. Mehman kitablarını, yazılarını stolun gözünə yığıb kilidlədi, açarı cibinə qoyub çıxdı...
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehman-viii
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mehman sənədlərini təqdim edib hüquq fakültəsinə daxil oldu. Builki qəbulun yekunları haqqında fakültənin dekanı professor Məlikzadə məruzə edəndə Mehmanın adı üzərində də böyük bir iftixarla dayandı:– Kim deyə bilər ki, tələbələrin ən yaxşısı ancaq tibb institutuna, ya sənaye, ya başqa-başqa institutlara gedirlər?.. Yaxud bacarıb oralara girə bilməyənlər, sonra dönüb bizə gəlirlər?
VIBu müddət ərzində Mehmanı gözdən qoymayıb, əldən buraxmayan Züleyxa yenə də ona aşiqanə məktublar yazır, gecələrin ağır yuxusuzluğundan, gündüzlərin dözülməz qərarsızlığından şikayətlənirdi. Mehman, Züleyxadan aldığı kağızları diqqətlə oxuyur, əlinə qələm alıb rədd cavabı yazmaq istəyir, ancaq qələmi dayandırıb, onu bir kənara buraxırdı... Hər bir məktubu alanda o, cavabını bu gün-sabaha salır, sonra qayıdıb dərsə ciddiyyətlə girişir, yenə də arada məktubları unudurdu... Mehman fakültənin son kursuna keçəndə fakültənin tərtib etdiyi bütün müsamirələrə, Züleyxa öz xalası vasitəsilə çağırış vərəqəsi əldə edir, buraya müntəzəm gəlirdi. Müsamirlərin bir çoxunda o, Mehmanı görməsə belə, yenə buradan üzülmür, əl çəkmirdi. Bir axşam Dövlət Dram teatrında yeni bir əsərin ilk tamaşası gedirdi. Katibə xala bu tamaşa üçün əldə etdiyi iki biletin birini Züleyxaya, o birini də Mehmana vermişdi. Lakin Züleyxanın haman tamaşaya gedəcəyindən Mehmanı xəbərdar etməmişdi. Onlar hərəsi ayrı-ayrı gələrək qabaq sırada yan-yana oturmağa məcbur olmuşdular. Bu hal Züleyxanı ürəkdən açdığı halda Mehmanı darıxdırırdı. Teatra gələn tanış-biliş yoldaşlar Mehmana altdan-altdan baxır, onu üstüörtülü işarələrlə təbrik edirdilər... Tənəffüs zamanları Mehman Züleyxanı sırada qoyub, gəzintiyə təkcə özü çıxırdı. O, istəyirdi ki, tamaşanı yarımçıq buraxıb getsin, ancaq tamaşanın müvəffəqiyyəti, salonu doldurub titrədən alqış səsləri, bu qayda ilə səhnənin bütün salonu fəth etməsi, axır pərdələrin birisində müəllifin səhnəyə çıxarılacağı hər kəs kimi Mehmanı da tutub, burada saxlayırdı. Salonda əyləşənlər ya qoca olsun, ya cavan səhnə ilə yaşayırdı... Sənətin hakim əli öz xariqüladə qılıncını sıyırıb düz birbaş göyə qaldırmışdı. Hər bir kəs ürək döyüntüsü ilə bu qılıncın necə enəcəyini gözləyirdi. Axırıncı tənəffüs fasilələri artıq adamları darıxdırır, bütün ürəklər səhnə ilə birgə çırpınırdı. Sevgililər kimlə oturduqlarını, az qala necə oturduqlarını belə unudurdular. Mehmanla Züleyxanın yan-yana oturmağı get-gedə Mehmana təsir edirdi. Züleyxanın buruq-buruq olmuş qara saçları, uca boyu, qabarıq döşləri, cazibəli baxışları bu arada daha Mehman üçün biganə qalmırdı...Axırıncı pərdə düşüb tamaşa bitincə onlar istər-istəməz qoşa çıxdılar...
VIIHüquq fakültəsinin salonu xüsusi bir səliqə ilə bəzənmişdi. Beş yüzdən yuxarı sanlar geyim-kecimli adamla dolmuşdu. Xoş bir ətir salonu bürümüşdü... Buraxılışa həsr olunmuş bu gecədə tələbələrin bəzi yaxın-uzaq qohumları, tanış-bilişləri əyləşmişdi. Birinci sırada oturanların içərisində Züleyxa, onun sağ tərəfində anası Şəhla, sol tərəfində isə Katibə xala əyləşmişdi. Geniş səhnə allı-güllü çiçəklər, parlaq rəngli məxmərlər içində itmişdi...Mehman rəyasət heyəti içərisində oturmuşdu. Professor Məlikzadə danışığını qurtarandan sonra hüquq fakültəsini əla qiymətlə bitirən tələbədən on beş nəfərin adını çəkdi. Bugünkü təntənə şəraitində bir neçə tələbənin diplomunu verməyini lazım bildi. O, birinci olaraq Mehmanın diplomunu əlinə götürdü: təhsil müddəti içərisində onun əla qiymətlə hüquq fakültəsini qurtarmağını qeyd etdi. Professor diplomu qaldırıb yellətdi:
IXQırmızı rəngli tramvaylar şəhərin içilə zırınqazırınqla hərəkət edirdi. Ağ libaslı adamlar küçə boyu izdihamla axışır, dalğalanan Xəzər sahilinə doğru yeriyirdilər. Mehman dolaşıq fikirlər içində dəniz sahilinə doğru hərəkət etdi. O, adamları yara-yara yeridi. Yastı balabanlar, tütəklər çalınır, dəflər, nağaralar vurulur, gənclər bəzəkli qayıqlara doluşur, Xəzərdə gəzintiyə çıxırdılar. Mehman sahil boyu xeyli gəzib dolandı. O, dalğaların süpürləşməsinə, qoşa gəzib dolanan oğlan-qızların balaca-balaca qayıqlara doluşmalarına xeyli tamaşa etdi. Nəhayət, Mehman da keçib qayıqda əyləşdi. Göy köpüklü dalğalar arası qayığın necə getdiyini, necə dolanıb gəzdiyini bilmədi. Mehman xof ilə rica arasında qalmışdı: “Gedim, getməyim?.. Yaxşı olmaz, gedim!.. Yox, gedim birdəfəlik cavab verim ki, anam-bacım mən bu işdə yoxam!” – Mehman tərəddüd içində dolaşdı. Onun ürəyi gənc sinəsi altında sanki bir çapar kimi çapır, köksünə sığmaq istəmirdi. O çox mürəkkəb bir hal keçirir, çox vacib bir məsələnin həlli üçün qərar çıxarmaq istəyirdi. Mehman hələ də bu xüsusda anasına heç bir söz açıb deməmişdi. O, illər uzunu arzu etmişdi ki, ali təhsil alsın, anasının böyük qayğılarına cavab olaraq doyunca ona xidmət etsin, anasını evarası işlərdən, yaşına uyğun olmayan artıq zəhmətlərdən xilas etsin. “Ana, bax bu qədər mənim məvacibim, o da atamdan yana sənə verilən təqaüd!.. Bax, gör heç bu pulu yığışdırmaq olarmı!” desin... “Bax indi sən rahatlana bilərsən, mənim borcum sənə doyunca xidmət etmək, sənin ümman qədər yaxşılığına bir az da olsa cavab verməkdir!..” İndi?.. Bəs indi hansı bir hiss ona güc gəlmək istəyir? Nə üçün Mehman bu barədə anasına öz sirrini açmaqdan çəkinir?.. Hansı bir qüvvədir ki, Mehmanın mühakimə və şüurunun əleyhinə çıxmaq, bu yolda ona qılınc çəkib güc gəlmək istəyir? Bu vaxta qədər Mehman baş qaldırıb yad bir gözlə qıza baxmamış, bu haqda o, heç öz-özlüyündə olsa belə bir müzakirə açmamışdı. Lakin Züleyxa ilə olan söhbətlər, onun üzə düşüb Şəhla xanımın təklifindən çıxa bilməməsi, Mehmanın o evdə gecələməsi, Züleyxanın səmimi görünən çox dərin iztirabları Mehman üçün elə beləcə də ötüb keçməmiş, görünür, ona çox dərin təsirlər buraxmışdı...Fikirləşdikcə, düşündükcə Mehmanın həyəcanı artır, vücudu qızışır, daxildə dalğalanıb çırpınan bir hiss ona qalib gəlirdi. Mehman bu kəşməkəşli dalğalar içində qol-qanad çalır, gəncliyin tükənməz, coşqun hissi, ecazkar bir sirr kimi, onun mühakimələrinə üstün gəlməyə başlayırdı... Mehman evlərinə dönmədən Şəhla xanımgilə tərəf yol aldı, dərin ürək çırpıntıları içində addımladı, nəhayət o, dolana-dolana gedib Şəhla xanımgilə çıxdı. Şəhla xanım, yenə də Mehmanı xoş-beşlə qarşılayıb onun qolundan tutdu, divarda hərəkət edən saatı göstərdi: