XXV
Bir axşamüstü Züleyxa bir neçə fincan moruq mürəbbəli çay içib bərk tərlədi, hərlənib eyvana çıxdı, soyuq onu o ki var, tutdu, gecə isə özünü pis hiss etdi, səhər titrədib, doğrudan da ağır yatdı. Mehman işdən qayıdanda Züleyxanın halını pərişan gördü; zəng edib həkim çağırdı. Yarım saatdan sonra həkim gəldi. O, Züleyxanın qızdırmasını ölçdü, hərarətin otuz doqquz dərəcədən yuxarı olduğunu müəyyən etdi. Bir neçə resept yazdı, Mehman Qaloşlu adamı çağırdı, reseptləri ona verdi. Qaloşlu adam dərmanxanaya yollandı. O yüyürüb aptek müdirini tapdı, reseptləri birbaş ona verib dərmanları hazırladıb gətirdi. Züleyxa gözünü açıb yanına düzülən dərman şüşələrinə baxdı, “mamamı istəyirəm, mamamı!” – deyib iztirab içində gözlərini yumdu. “Qoy anam gəlsin mənə bir yol göstərsin”. Züleyxa yüksək hərarətin içində belə qərar çıxardı: “Qoy Xatun bir də bu evə qayıtmasın...”
Qaloşlu adam Züleyxanın xəstələndiyini, bəzən sayır-bayır danışdığını ətrafa yaydı. Yavər Murtuzova, Zərrintac Sərrafzadə cəld yığışıb Züleyxanı yoluxmağa gəldilər. Onlar bütün gecəni xəstənin yastığından ayrılmadılar. Mehman isə Züleyxanın qəflətən belə xəstələnməyini həqiqi bir kədər kimi qarşıladı. Getdikcə onun ürəyi daha həyəcanla döyünməyə başladı. Ancaq Züleyxa gözlərini açıb hərdənbir dil-dodağını yalayır, hey anasını arzulayırdı: “Anamı!.. Mamamı!..” – deyib israr edirdi.
Sabah açıldı, Qaloşlu adam çolpa üçün bazara göndərildi. Qaloşlu adam bazara baş vurmadan, təngnəfəs özünü Məmmədxanın yanına saldı, o, bazarı dörd dövrə dolandığından, burada heç bir çolpanın olmadığından yanıqlı-yanıqlı şikayətləndi: Məmmədxan isə bu haldan çox şad olub, “mən taparam”, – deyib onu geriyə qaytardı. Çox çəkmədi, Məmmədxan bir cüt çolpa gətirdi. O, qapıda Qaloşlu adamı görüb öskürdü, işarə ilə içərini soruşdu. Qaloşlu adam baş işarəsi ilə Mehmanın evdə olduğunu bildirdi. Məmmədxan əli dolu gəldiyini bildirmək bəhanəsilə çolpaları tərpədib cığıldatdı və cəld qapının ağzına tulladı. Yavər Murtuzova bayıra çıxdı.
– Xəstə xanım üçün bəlkə çolpalı sup bişirəsiniz, – deyə Məmmədxan başını içəri salıb Mehmana təzim etdi. Onu qaşqabaqlı görüncə geriyə çəkildi. Qayıdanda pilləkəndə Murtuzovla üz-üzə gəldi.
– Haradan belə, aşna?..
– Heç bura çolpa gətirmişdim!
– Yaxşı da eləmisən... O günü kişi utandığına görə evdən çıxıb getmişdi, – deyə Murtuzov özünün baş tutmayan qonaqlığına işarə etdi. – Sonra Züleyxa xanım mənə dedi, Mehmanın əvəzinə bizdən üzr istədi... Çox da yaxşı, əcəb eləmisən! Bu dünyada adama adamlıq qalar... Daha bax, gör nə var, yenə ələ düşən çol-çolpadan, zaddan gətir!.. İtər yerə getməz, başa düşdünmü? “Yüz gün yaraq, bir gün gərək”, qandınmı?
Murtuzov bu sözləri deməklə Məmmədxanın gözləri içinə baxdı.
– Hamısı aydındır, – deyə Məmmədxan əlini sağ gözünün üstünə qoydu.
– Bu aranlarda deyərlər ki, arxı bərədən bağlarlar! Bizim bu arx elədir ki, buraya hər bir vətəndaşın işi düşə bilər!
– İşimiz düşməsə də, qərib qonağa hörmət bəsləmək bizim şərəfli borcumuzdur!
– Görünür, daha əlifbey qanırsan!..
– Müəllimi Murtuz dadaş olan necə qanmaz?
Qaloşlu adam bu danışığa qarşı eyvanın o biri küncündən dilləndi:
– Adamlığa nə söz? Bunların hamısı bu dünya üzündə adamlıq üçündür!
Murtuzovun iri qırışıq dodaqları qaçdı.
– Onu da bilmək ki, hər şeyi öz vaxtında əkib öz vaxtında biçərlər, yoxsa taxılı göy-göy biçməzlər!
Murtuzov sağ əlini sol biləyinə qoyub:
– Çıqqıldayan, necə? – deyə gözünü Məmmədxanın gözündə gəzdirdi. – Balaca dəyirmi?..
Məmmədxan Qaloşa tərəf göz vurub güldü:
– Biz elə şeyləri bilmərik, – deyib üstünü vurmadan ötüb sovuşdu.
Murtuzov arvadı Yavəri barmağıyla eyvana çağırıb tapşırıq verdi. Yavər əl-ayağa düşüb çolpa şorbasını hazır elədi. Zərrintac isə buğlanan şorbadan çini qaba töküb xəstəyə apardı. Xəstə təkrar: “mamamı gətirin”, – deyə gözünü açmadan əli ilə şorbanı redd etdi. Bir az sonra Kamal Sərrafzadə həkimlə birlikdə gəldilər. Kamal bacısından Züleyxanın halını soruşdu, Zərrintac başını ağır-ağır buladı, həkim xəstəni təkrar-təkrar müayinə etdi, sonra həkim Mehmana üz tutub dedi ki, xəstənin arzusunu yerinə yetirmək onun səhhəti üçün xeyirli olardı və azarlının əsəbiliyi kəsilərdi. Yoxsa xəstənin halı daha da ağırlaşacaq, nə qədər müalicə olsa belə təəssüf ki, istənilən nəticəni verməyəcəkdir.
– Əlac ancaq əsəbi gərginliyi aradan götürməkdən ibarət ola bilər, – deyə həkim öz dediyində israr etdi. – Əsəbi sarsıntını aradan qaldırmaq gərəkdir!
Yavər Murtuzova, Zərrintac Sərrafzadə, onun qardaşı Kamal Sərrafzadə, onun qardaşı Murtuz Murtuzov və Qaloşlu adam həkimin sözünə qüvvət verib Züleyxanın belə qəfil xəstələnməsi ilə bərk həyəcan keçirən Mehmana üz tutub xahiş etdilər ki, təcili olaraq xanımın anasına teleqram göndərilsin... Həkim öz dövrəsinə baxınca, onun sözünə bu qədər qüvvət verən adamın tapıldığı üçün baş əyib hamıya razılıq etdi. Axırda o, evdən çıxa-çıxa təkidlə:
– Çox fəna təsiri ola bilər, – dedi, – son peşmançılıq çox ağır nəticə verə bilər. Hər halda əsəbi gərginlik çox güclüdür. Maması gəlməli, xəstənin sakitliyi bərpa edilməlidir!..
Həmin bu adamlar yenə də bir ağızdan həkimin sözünə şərik olub onun dediklərini təsdiq etdilər. Murtuzov isə bir neçə addım qabağa yeriyib:
– Yoldaş prokuror, – deyə əmrə hazır bir vəziyyətdə boynunu uzatdı, – mən şəxsən özüm gedim, onsuz da mərkəzə gedəcəyəm. O işləri də aparım, xalanı da özüm götürüb gətirim!
Zərrintac da Murtuzovdan geriyə qalmaq istəməyib:
– Bağçanın işləri üçün mən özüm də maarif komissarlığına getməliyəm, – deyə qulluq göstərmək istədi. – Gedim, ananı da gətirim! Görünür, Züleyxanın dərdinə hər kəsdən artıq anası şərik ola bilər...
Yavər Murtuzova isə həyəcana gəldi, dönüb Züleyxanın alnından öpdü:
– Bacısı qurban! – dedi. – Lap hamımız gedib bacımın mamasını, gecə vaxtı gətirərik!..
– Bir görürsünüzmü, maral kimi qız! – deyə Zərrintac əli ilə Züleyxanın saçlarını sığallaya-sığallaya sözünə davam etdi: – Görəsən hansı oxlanmışın gözünə, hansı bıçaq batmışın nəzərinə, hansı dili qurumuşun dilinə gəldi?!.
Mehman xəstənin belə qeyri-müəyyən vəziyyəti qarşısında tərəddüd etdi, Zərrintac Mehmandan əl çəkmədən təvəqqe etdi. Nəhayət, o üzünə salıb Mehmana teleqram yazdırıb Qaloşlu adama verdi. Murtuzov Qaloşlu adamın qolundan yapışıb:
– Ə, nəçəlniyi tapıb deyərsən ki, Murtuz deyir, molnıyadır!
Züleyxanın qızğın arzusu nəticəsində, Şəhla xanımın bu evə gəlməyi, Mehmanın keşiyində dayanan Xatunun buradan əbədi uzaqlaşması demək olduğunu dərk edən bu adamlar bu barədə danışmasalar belə bir-birini anlamağa başladılar. Yavər Murtuzovanın mat-mat baxan gözlərindən savayı, bütün gözlər bir-birinin ürəyindən xəbər verir, bu gözlər, işə qılınc kimi prokurorun tez bir zamanda korşalacağını söyləyirdi. Qaloşlu adam hiyləgər baxışlara yekun vurur kimi başını dolandırıb əydi, “hə!” – deyə getdi. O, tələsik addımlarla yeriyib poçt rəisinin otağına girdi:
– Molnıyadır, qadası!
– Hara belə, Qaloş?..
– Oxumursanmı, prokurorun qayınanasına...
– Bəs deyir, anası buradan acıqlı gedibdir?
– Çünki o düşük bir arvad idi!
– Niyə, Qaloş?
– Acgözün birisi idi, naçalnik!
– Ona görə yəqin ki, prokuror yoldaş özü onu yola salıbdır, hə?
– Nə isə, bizə nə düşüb ki, ətlə dırnaq arasına girək? Sən molnıyanı qanadlandır, getsin, naçalnik!
Poçt rəisi teleqramı gözdən keçirib “Şəhla” sözünü diqqətlə oxudu: “Şəhla Mamayevaya!..”
– Görəsən, bəs bu necə arvaddır?
– Adının, bir də qızının yaraşığına baxanda, görünür, xanımdır, – deyə Qaloşlu adam hiyləgərcəsinə gülümsəyib başını tərpətdi və sonra o, teleqramı öz gözü qabağında verdirib arxayınlaşdı. – “Anası çıxan ağacı, balası budaq-budaq gəzər”. Əgər o Şəhla xanım, mən bilənsə, onun tamahı Mürtəza Əli qılıncından itidir”. – Nə isə işin bu cür gedişi Qaloşlu adamı açır, prokurorun evinə qızıl saatın yeridilməsi ona zövq verirdi. – Qoy bu qaratel oğlan, açsam ovcumda, yumsam yumruğumda olsun, – deyə ürəyində sevinən Qaloşlu adam buradan çıxıb astadan fit çala-çala geriyə döndü və:
– Molnıya getdi, – deyə evdə xəbər verdi.
– Çox gözəl, – deyə Zərrintac Sərrafzadə evin bir müvəkkili kimi cavab verdi. – Sonra astadan göz basdı, onun ovurdları çalalandı. “Bu Qaloş, yüz cüt boğazlı çəkməyə dəyər”.
– Bu molnıya çox yaxşı oldu, – deyə Murtuzov da adəti üzrə əllərini ovuşdurdu: – çox gözəl oldu!
Gözlərini Züleyxanın üzündən çəkməyən Mehman dönüb çox asta, ancaq şübhəli bir nəzərlə bu canfəşanlıq edən adamları süzdü, onun ürəyinə şübhəli bir xal düşdü:
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehman-xxv
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şəxsi fəaliyyət dəməyi tərəfindən böyük həvəslə hazırlanan tamaşanın təxirə salınmağı balaca şəhərdə böyük danışığa səbəb oldu. Klubdan çıxan, küçələr boyu səpələnib evinə dönən hər kəs güclü bir səs-küylə söylənməyə, bu hadisənin səbəbini arayıb özünəməxsus yollarla yozmağa başladı. Kimisi Balışın öz əri anbardardan üz döndərib atası evinə – “Ballıqaya” kəndinə getməyindən, kimisi anbardarın öz halal arvadını qısqanıb səhnəyə buraxmadığından, kimisi də Balışın özünün şıltaqlıq edib qəsdən bu axşamkı tamaşanı pozmağından danışdı. Bu növ söz-söhbətə qulaq verən Məmmədxan hər kəsin gözünə dəymədən, arabərədə hərlənib fırlandı. İstər-istəməz büzüşüb, yığışıldı. Hələlik öz evinə dönməyə cürət etmədi, təkrar anbara girdi, kağızları, anbarda səpələnən sənədləri qurdaladı, sonra da qapını arxadan bərkidib işığı keçirdi. “İşdir, soruşan olsa, deyərəm işləyib-işləyib yorulub, burada mürgüləmişəm” – deyə dolaşıq vəziyyətə düşüb qədəmləri dolaşan anbardar qeyri-müəyyən halda çalıxıb-vumuxmağa başladı. Bir azdan, yox-yox öz əyri yolunu sanki əlinə götürdüyü yarım sönük fənərlə işıqlandırdı, hətta: “tapdım, tapdım” – deyə bir qədər də sevindi. Bəli, daha onun qəsdi bütün şəhər əhli yatana qədər başını burada gizləmək, əl-ayaq yığışılandan sonra bir oğru kimi buradan sivişib çıxmaq, qapını yavaşca açmaq, öz qurbanının izini-tozunu silib süpürüb itirmək idi. Buna görə də anbardar çox sevdiyi parça taylarının arasına girib uzandı, cinayətinin izini necə ört-basdır etmək üçün öz beynində nəqşələr cızmağa başladı...Hər kəsdən də artıq onu xofa salan iki həftə bundan əvvəl axşamüstü səhnəyə hücum çəkdiyi zaman barmağı ilə Balışı hədələdiyi vaxt, prokurorun ona zillənən gözləri idi! İndi də bax, bu zülmət qaranlıqda həmin gözlər sanki təqibedici nəzərlə ona zillənirdi... Açılmasın, örtülməsin, qapansın, bir daş bir quyuya düşən kimi düşsün, iz itsin, çıxsın getsin!.. Bəs belə etmək üçün, bu gözlər, Məmmədxandan üzülməyən gözlər necə olsun? Necə olsun ki, bu gözlər qatili görməsin, bu işin üstü basdırılsın?!. Onda bu prokurorun qabağını bəs nə ilə almaq olar? Bax, Qaloşun bu anbardan alıb apardığı qızıl saatı öz qızıl bağı ilə bir sarı ilana çevirib bu inadkar prokurorun boğazına dolamaq, onu boğmaq, məngənə arasına alıb onu sıxıb, sıxcalamaq gərəkdir, deyən Məmmədxanın qara fikri dolaşmağa başladı. Bax bu işi Qaloş necə hərləyər, Murtuz Murtuzov istintaqda necə döndərə bilər?.. Dəhnədən möhkəm bağlanan arx sürətlə axar, istənilən səmtə döndərilib, istənilən yer suvarıla bilər... Demək bütün mətləb arxı dəhnədən necə bağlamağın üstündədir. Ancaq Mehman qurulan tələyə ilişəcəkdi, ya buradan sağ-salamat çıxacaqdı?.. Axır Məmmədxan qızıl saatı Qaloşa verərkən “yüz gün yaraq, bir gün gərək” deyə prokurora yaxınlaşmaq istəmişdi. “Koxanı gör, kəndi çap” misalını nəzərdə tutmuşdu. Doğrudur, onda hələ də Məmmədxanın belə aydın fikri yox idi!.. Ancaq necə olsa da, həmin qızıl saatı müəyyən mənzur ilə vermiş, üstəlik qızıl saatın prokurorun evində ilişib qalmağına da sevinmişdi. Bu hal Məmmədxanı, prokurorun evinə əl uzatmağın mümkün olduğu qənaətinə gətirmişdi.
XXXBalaca şəhərin evlərinə çəkilən əhalisi axşamkı tamaşanın pozulması haqqında öz evində belə xeyli deyindi, birisi bu işə ciddi əhəmiyyət verdi, digəri əlini qaldırıb “eh, Əbdülsalamın oyunxanası ancaq belə olar”, – deyib əlini yellədi... İstər-istəməz Balış barədə olan danışıq ayaqlandı, getdikcə yayıldı. Pəncərələrdən düşən işıqlar bir-bir söndü, müqabil tərəflər qaraldı. Lakin küçələr boyu qoyulan ara-ara işıqlar bir qədər nəfəs alıb öz işıqlarını artırdı. Payızın soyuq küləyi dağlardan üzüaşağı əsməyə, dirəklərdən sallanan lampaları yelləyib cırıldatmağa başladı. Anbarın ağzındakı dirəkdən sallanan lampanın səsi qapıdan içəri dolur, parça taylarının arasında marığa yatan Məmmədxanın narahatlığını birə-min artırır, hər yer Məmmədxana qorxulu, hər şaqqıltı ona təqibedici görünürdü. Xeyli ara verdi, Məmmədxan tayların arasından çıxıb qulağını anbarın qapısına söykədi: dizləri uçundu. Öz-özünü söyüb danladı, işığı tez yandırıb anbarı dördgöz halda seyr etməyə başladı... “İşdir meşə adamlarına qoşularamsa, buranı yarmaq lazım gələrsə, nə qədər qənimət əldə edə bilərik?” – deyə Məmmədxan yenə də anbarın içini tezcə dolduran işığı söndürdü. Özü də anbarla birlikdə qaranlığa qovuşdu. İndi Məmmədxana işıq yox, qaranlıq gərək idi. Sanki qaranlıq Məmmədxanın qolundan yapışır, işıq onun cinayət və xəyanətlərini faş edib anbarda olan kələklərinin və ötən gecənin zülmətində, təqribən, elə gecənin bu vaxtında törətdiyi ağır cinayətin üstünü açırdı... Yox, qaranlıqdan da artıq kömür kimi bir zülmət lazım idi ki, Məmmədxan bu gecə sabaha kimi, ya öz cinayətinin üstünü örtüb yalquzaq kimi ağızburnunu yalayıb sabahdan sakit görkəmdə işə çıxsın, yaxud elə bu gecə, vurub bu şəhərcikdən uzaqlaşsın, əlinə nə oldu silah keçirib qaranlıq meşələrdə gizlənən qolçomaq qalıqları ilə birləşsin, ipə-sapa yatmayan Mehmandan heyfini alsın... Axır bu cavan Mehman Atamoğlanovun yerində o dazbaş Murtuz Murtuzov olsaydı, necə də bu Balışın qətlini istənilən kimi yozar, ortaboylu, tökməbədənli, əldən-ayaqdan çevik Məmmədxan nə söyləsə üzü qarmon kimi qırışıq Murtuz onun bir cüt əfil-əfil yanan çiçək naxışlı xalçasının müqabilində lap sandıqtulasına dönərdi. Ancaq nə edəsən ki, burada başqa bir adam, dönməz, çəkinməz, qayıtmaz bir adam vardı ki, o öz araşdırıcı, nüfuzedici, qaynar, odlu gözlərini bu vurnuxan Məmmədxanın gözlərindən çəkmir, bir an belə onu bu anbarda öz halına-əhvalına buraxmır. Bax, bax oradan o yandakı bir cüt amir gözə görünür, Həmin gözlər Məmmədxanın nəinki zahirini, onun batinini, içini-içalatını yarıb, aləmə göstərir, – yığılın, gəlin, görün, – deyə aləmə haray salır, külli-aləm yığılıb gəlib görür ki, bu Məmmədxan olmazın xəyanətlər törətmiş, xalq əmlakını talan etmiş, hər iki qara əlini qırmızı qana batırmışdır. Gözlər çoxalır, gözlər cinayətkar qatili dəyirman daşlarından da bədtər əzirdi. Təftişdən başlayan ağır, əzici zəhm onu hey basır, əzirdi. Daha Məmmədxan burada, bu vəziyyətdə boğucu rütubətdə dayana bilmədən qapının arxasını boşaldıb bayıra çıxdı, qapını qıfıllayıb əlinin içində kibrit yandırıb surğuc tutdu, buranı möhürlədi, sarı bürünc möhrü cibinə qoydu, nə isə, haradansa balaca bir şıqqıltı onu səksəndirdi. Məmmədxan qurd kimi döyükdü, – “bu belə kim ola?” – deyə əlləri üstə çöngəyib yan-yörəyə boylandı. O diqqətlə süzə-süzə qaranlığa baxdı, heç bir iz-əlamət görmədi. Dirəkdən sallanan elektrik lampası yenə də birdən cırıldayıb səsləndi, anbarın qabağına tökülən həsir parçaları əsən küləyin qabağında yumurlanıb, aşa-aşa aşağıdakı uçuruma yuvarlandı. İndi hər bir şey yalquzaqsayağı çöng oturan Məmmədxanın gözlərində qabarıb dikəlib canlanır, onun qulaqlarında qəribə, müdhiş uğultulu səslər gəzir, törətdiyi cinayətin yerindən əkilib uzaqlaşmaq istəyirdi. Bəli, doğrudan da, indi hər şey Məmmədxana dəhşətli bir təhlükə görünürdü. “Yox, izi-tozu tamam-kamal itirmək, sübhün gözü açılana qədər aradan çıxmaq, meşəyə girmək, vuruşan dəstəni tapmaq gərəkdir!” – deyə Məmmədxan ayağa qalxdı, anbarın həyətindən əyri-üyrü dolaşıq addımlarla çıxdı, gecə növbəsini aparan milis nəfərinin gözünə dəymədən qaranlığın içiylə özünü üzüyuxarı verdi, gedib-gedib evinin qapısında dayandı, sinəsi qopub, ürəyi parçalanmaq istəyincə buraya sığındı. İri qıfıl öz yerindən asılmışdı. Demək burada heç bir dəyişiklik olmamışdı. Məmmədxan açarı çıxarıb qapını astaca açdı. İçəriyə girdi. O, lampanı yandırmadan, otağın içində büzüşdü. “– İndi bəs necə olsun? – Məmmədxan sinəsində mırıldandı. – İndi bu it balasının izini itirmək necə olsun? Buradakı, yandakı, bəlkə anbarın içindəki quyuda o it balasını gizlətmək mümkün olsun? Birdən aradılar, birdən bəlkə bu it balasını tapdılar”. – Məmmədxan daş kimi dayansa da öz murdar taleyini düşünürdü. “– Bəs onda, bəs onda?.. Bəs necə etmək? Bəlkə onu bənd-bənd doğrayıb buradan torbalarda hissə-hissə çıxarmaq! – Axır bir zaman onun əmisi də qısqanclıqdan öz qadını ilə eynən beləcə rəftar etmişdi? O, çar vaxtı qətlə çatdırdığı qadının qan izlərini məharətlə silib-süpürüb itirmişdi. Bu qan izləri, Şura hökuməti zamanında açılınca Araz çayının o biri tayını adlamışdı. Bəlkə elə indi Məmmədxanın əmisi də bu qaranlıq meşədəki bir dəstənin içindədir?.. – Yox, yox, daha belə bir gündə daş kimi dayanmaq, durmaq olmaz!”Məmmədxan ağırlaşan qurğuşun addımlarıyla qaranlıq küncdə gedib gödəksaplı, enliağızlı baltanı sağ əlinə götürüb, ağır-ağır samballadı. Otaqdan anbara açılan qapını tərpədib dayandı, bayıra qulaq verdi. Demək, bu ağır, ovxarlı balta işləyəndə necə olsa da bir səs çıxacaqdır! Bəlkə pusquda dayanan, bu evin dövrəsində dolanan da vardır? O, qaranlıqda qızaran gözlərini gəzdirdi. Mehmanın ona zillənən gözlərini görürmüş kimi vahiməyə düşdü, addım-addım geriyə çəkildi, əlində balta qapıya yanaşdı, nə isə onun qulağına bayırda xısıltı, həm də şübhəli ayaq səsləri gəldi. – “Adamdırmı, küləkdirmi?” – Məmmədxan qapı açıb gözünün ucuyla bayıra baxdı, bir qaraltı onun gözünə dəyib ötdü... – “Bu adamdır, ya mənim gözlərim böyüyübdür?” – Məmmədxan qapını açıq qoyub qəsdən öskürə-öskürə həyətə çıxdı, bir neçə addım da gəzib dolandı, heç bir qaraltı onun gözlərinə dəymədi. Məmmədxan içəriyə dönüb iri-iri boçkalar dayanan anbara girmək istərkən asta bir fit səsi onun qulaqlarına gəldi. – “Belədir, ya mənə belə gəlir?” – Məmmədxan bir qədər gözlədi, pəncərənin pərdəsini çəkdi, bayıra baxdı, yenə də gözlərinə qaraltı sataşdı, arada az-çox toxtayan Məmmədxanı yenə də dəhşət götürüb istər-istəməz uçundu, ancaq bir ümidlə içində baltanı daha bərk tutdu. Lakin bu baltanı burada işlədib azca da olsa səs çıxarmaq cinayət yerində tutulmaq deməkdi... Məmmədxan döndü, gizlətdiyi tapançanı aradı, xeyli eşələndi, tapmadı. O, tapançanın yerinimi azdırmışdı, yaxud onu Balış gizlətmişdir? Ya bəlkə Balış əlaltınca Məmmədxanın silahını milis rəisi Cabirə vermişdi? Bəlkə həmin tapança indi evin dövrəsinə dolanan bir milisin – gözətçinin əlindədir?.. Onda elə qaçarağa düşüncə, öz yanınca bu baltanı götürsün? Bu balta görən, duyan kəsdə bir şübhə oyatmazmı?.. Nə qədər şübhə oyatsa da əlac baltaya idi... Məmmədxan baltanın dəstəsini buraxmadı, onun qulpundan bərk-bərk yapışıb, qapıdan birbaşa çıxdı, həyətə düşüb addımlayınca bir öskürtü eşitdi. O, özünü gözə dəyməyən, ancaq bənd-bərəni kəsən silahlı adamların əhatəsində hiss etdi. İndi bu halda o, qaçmaq, aradan çıxmaq istədi. Ayaq saxladı, bəlkə bəndərgahlarda pusquya duranlar vardır. Birdən onlar gördülər, qışqırıb, əli baltalıya “dayan-dayan!” dedilər. Əli baltalı adam ayaq saxlamayınca odlu güllədən onun qaraltısına dolu kimi yağdırdılar, dəlik-deşik meyit ortada qaldı?! Nəfəsi təngişən, geniş dünya iynə ulduzu kimi başına daralan Məmmədxan qayıdıb qapısına söykəndi. Ona elə gəldi ki, buradan qaçmaq üçün etdiyi cidd-cəhd heç bir vəchlə baş tutmayacaq, o yaxalanacaq, yaxud dolu kimi yağan odlu güllələrin nəticəsində dəlik-deşik olacaqdır. Qalsa necə? – “Buradaca qalsam?.. Bəs necə?.. – deyə Məmmədxan çiyinlərini çatdı, başını qınına saldı. – Qalsam, bəlkə, birtəhər qaldım, anbardan çalıb-çapıb illər boyu yığdığım varın bir qismini, bərkə düşsə lap hamısını Murtuz kimisinin üstünə töküb özümü xilas etdim!.. Verim nəyin yolunu bağlamaz, verim kimin səsini desən boğazında boğmaz. Hələ bax o çıq-çıq, sarı saatın ardınca xeyli qiymətli, dəyərli şeylərdən tökməklə tamahkar Şəhla xanımın yumşaq, ətli əlilə inadcıl kürəkəninin ağzını qapamaq da olmazmı? Məmmədxan qapını bağlayıb nəfəsini dərdi, demək, işin izini ayrı yolla da itirmək olar. O, dolandı, evin içində gəzib bir neçə qulacdan ibarət kəndir tapdı. İçəriyə girib yan-yörəsinə baxdı, öz qurbanını dikəldib asmağa cəhd etdi... Xeyli vaxt keçdi, qaranlıq yavaş-yavaş əridi tər içində çapalayan Məmmədxan dönüb baltasıyla birlikdə yorğan-döşəyə girdi. “Bu zalım qızı həm oynağan, həm də gəzəyən çıxdı”, – deyə Məmmədxanın beyni sıxılıb daralmağa, ürəyi döyünməyə başladı. – İndi, sabahdan məndən soruşacaqlar, “Məmmədxan bəs Balış hanı? Niyə Məşədi İbad pozuldu?” Deyərəm: “Mən nə bilim hanı! Avaranın qızı avara, nə bilim itilib hansı cəhənnəmə gedib?”
XXXIZüleyxa “qızıl saat” əhavalatını açıb anasına söylədi. Bir neçə gün sonra o, anasının məsləhət və təkidilə saatı çıxarıb qoluna bağladı və işdən qayıdan Mehmana göstərib:– Neçəyə dəyər? – dedi.
XXXIIÖz vaxtında prokurorluğa gələn Mehman, cari kağızlarla məşğul olub onların icrası üçün qanuni istiqamət verdi, sonra onu, çox narahat edən Balış məsələsi düşündürdü. Bakıda hüquq fakültəsində oxuyarkən istehsalat təcrübəsi zamanı “Səriyyə məhkəməsi”nin materialları ilə necə tanış olduğunu təsəvvürünə gətirib xatırladı. Səriyyənin qətlinə dair respublika qəzetlərində çap edilən ictimai etirazları necə tədqiq etdiyini, özü üçün konspektlər tərtib etdiyini, necə qəzəbləndiyini yaşadı, sanki onun qəzəb və nifrəti, qatillərə qarşı qətiyyəti qat-qat gücləndi. Mehman birdən stolun arxasından dik ayağa durdu, kitab mərtəbəciyinə yanaşdı, buradan bir kitabça çəkdi, vərəqlədi, buradakı “Səriyyənin ölümü” şerini diqqətlə, kərratla oxudu.“Mən görmədim, söyləyirlər bir gecənin sonunda
Başqa şairlərin şeirləri
نه جفت زمینی نه جفت هوائی
Sevməyən kimsəSevməyən kimsə nədir qüssə, nə anlar, gözəlim,Qüssə nə anlamayan kimsə nə anlar, gözəlim?!
EdəsənBaşına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən
Sənəma! Talibdir üzünü görməgə ürəkSənəma! Talibdir üzünü görməgə ürək,Aç üzün ta ki gözəl üzünü bir an görək.