Bəsdir, “mən, mən” söyləyib atıldığın meydana,Neçə qoltuq altına girdiyini saysana!Saysana onun-bunun üzünə güldüyünü,Tozsuz paltarlarının tozunu sildiyini.Lovğalar meydanında tapılmaz bərabərin,Qeyrət vaxtı gələndə yorğan-döşəkdir yerin.İstəsən bir ay, bir il qalxmazsan yatağından,Xanənişin olarsan, çıxmazsan otağından.Yanından yel keçəndə,İşin bərkə düşəndəSağa, sola boylanıb,Hərdən dala boylanıbEhtiyatla dinirsən,Kölgədən diksinirsən.Qorxaqlıqda birinci,Yaltaqlıqda birinci,Yaxın dostun sirrini açmaqda birincisən,Dabanına tüpürüb qaçmaqda birincisən.Bütün aləm bilir ki,Sənə elə gəlir ki,Geyimdə birincisən,Yeyimdə birincisən.Hər gün səni gəzdirən avtomaşın birinci,Ağlın, başın birinci,Mərifətin birinci, qeyrətin birincidir,Səxavətin birinci, şöhrətin birincidir.Bu “birinci” kəlməsi aranıbdır səninçin,Başqalarıyçın deyil, yaranıbdır səninçin.Razılıq əlaməti gözündə, dodağında,Baxırsan camalına güzgünün qabağında.Deyirsən: “Məndən olmaz,Tənim kimi tən olmaz”.Əslindən danışırsan,Nəslindən danışırsan,Deyirsən ki, “Təkcə biz axar sudan təmizik,Ləkəlilər içində ləkəsiz ancaq bizik”.Söz üçün onun-bunun cibinə də girirsən,Yerində sən lap yerin dibinə də girirsən.Sənin yol yerişin də tamam oyundur, oyun,Dağdan uca görünür sənə bir qarış boyun.Çəkdiyin siqaretin tüstülü havasındaÖzünü zənn edirsən pərilər arasında.Orda ağla gəlməyən məclis qurulur sənə,Kimsəyə vurulmayan qızlar vurulur sənə.Bilirəm bu xəstəlik çıxmayacaq canından,“Dahilər də yel olub keçə bilməz yanından”.O qoz ləpəsi beynin məşğuldur tək özünlə,Sanırsan aləm gələr, səcdənə bir sözünlə.Sənə elə gəlir ki, mədəniyyət səndədir,Hamı gəldi-gedərdir, əbədiyyət səndədir.Çiyrinib hap-gopundan,Adam girmir qapından.Hamıdan narazısan, tək özündən razısan,Yuxuda görmüşəm ki, “heçstanda qazısan”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira