Səhifə 2 / 2 · 50%

Qalxıb getdim. Yaralı bihuş idi. Üzündən qan qaçıb meyit rəngini almışdı. Yarasına diqqətlə baxdığda xətərsiz bir yara olduğunu bildim, lakin xəstənin bədəni qayət zəif idi. Yeni azardan durmuş adamın vücuduna bənzəyirdi. Yaranı yuyub bağladım. Sonra ümumi odaya almağı əmr etdim. Bu vaxt bacım mənə yaxınlaşıb yavaş dedi:

– Xəstəni tək odaya qoymağı əmr et.

– O nə üçün?

– Sonra deyərəm.

Mən xəstəni xüsusi odaya apartmağı əmr verib, mənzilimə qayıtdım.

Tahirənin yaralıya tə’cili surətdə baxmaq tə’kidi, müəmmalı təklifi məni şübhəyə salmışdı. Burada bir sirr var, – deyə fikrə getdim. Aradan on dəqiqə keçmiş Tahirə də daxil oldu.

– Yaralını tanıdınmı? – deyə sordu.

– Yox, kimdir?

– Şahbaz bəy.

Məni heyrət tutdu. Dörd il içərisində nə qədər dəyişiklik… «Kommunizmi silah gücü ilə yürütmək istəsəniz, məni sıranızda yox, müqabilinizdə görərsiniz» sözü yadıma düşdü.

– Şahbaz bəy körpünü dinamitlə uçurmaq istədikdə, qarovulçu əsgər güllə ilə vurmuş, – deyə Tahirə əlavə etdi.

– Xəstənin halı indi necədir?

– Huşu gəlmiş, ancaq böhran içindədir.

– Hərarəti necədir?

– 39,5.

– Həkimlərdən kim baxır?

– Yoldaş İvanov.

– Gedək, – deyə qalxdım.

Qəlbimdə bir iztirab ilə Şahbazın yanına gəldim, nəbzini aldım.

– Yəqin malyariya ilə xəstələnmiş… İndi də bu hərarət onun hərarətidir.

– Yarasından heç bir qorxu yoxdur. Kaş ağır bir öldürücü yara olaydı.

– O nə üçün? – deyə Tahirə iztirab ilə sordu.

– Qızıl Ordu ilə müharibə edən əks-inqilabçı ağanın, körpü dağıtmağa qəsd edən bir mühəndisin cəzası nə olduğunu bilirmisən?

Bunu eşitdikdə Tahirənin rəngi üzündən qaçdı. Əsil məhəbbət qəlbindən hələ çıxmadığını birüzə verdi.

– Xəstəyə baxmağa yoldaş İvanov kimi tə’yin etmiş?

– Məni.

– Sən yaramazsan.

– Nə üçün?

– Məsləhət belədir. Get bacı Markovanı göndər.

Tahirə mə’yus və pərişan odadan çıxdı. Bir azdan sonra Şahbaz gözlərini açdı. Zəif səslə sordu:

– Mən haradayam?

Mən sandalya alıb yanında oturdum. Şahbaz böhranlı gözlərini üzümə dikdi, diqqətlə baxdı.

– Fəxrəddin, mən nə üçün buradayam?

– Şahbaz, sən yaralısan, bura da xəstəxanadır.

– Düşünürəm… Düşmən əlindəyəm.

– Qəm etmə, yaran yüngül yaradır. Təzliklə sağalarsan…

– Sonra da güllə qabağında…

– Biz xəstə ilə müharibə etməyirik. Daha danışmağa izin verməyirəm, – deyə mən ayağa qalxdım. Bu halda Markova daxil oldu.

– Yoldaş Markova, bu xəstəyə siz baxacaqsınız. Xəstəyə yaradan artıq malyariya əziyyət verir. Kinə tə’yin edirəm. Gündə üç dəfə verərsiniz. Çox su içməyə izin verməyiniz, əvəzində çay verin. Mən qapıya tərəf yönəldim. Qapıdan çıxdıqda qulağıma Şahbaz tərəfindən – iki dost, iki düşmən sədası dəydi.

Şahbaz sür’ətlə sağalırdı. Bu isə onu şad etməyirdi. Bir dəfə Markova onun yarasına yod sürtüb bağlayırmış. Şahbaz fürsət tapıb yod şüşəsini qapıb içmək istədikdə bacı əlindən alır. Şahbazın halı məni dərin düşündürürdü. Sağaldığdan sonra əvvəl hərbi tribunal, sonra güllə qabağında. Onun üçün nicat yolu yox idi. Məndən heç bir yardım gözləməyirdi, çünki bilirdi ki, mən kommunizm uğrunda hər bir şeydən keçirəm. O bilirdi ki, mən onunla şəxsən səmimi dostam, lakin məfkurəcə dərin düşmən. «İki dost iki düşmən» mə’nası bu idi.

Son zamanlar Şahbazda dəyişiklik görünürdü. Qəlbi açıq danışıb gülürdü. Hətta şuxluq tərzi ilə bəhs də edirdi:

– Fəxrəddin, dediyimi geriyə alıram. Mən sizin hökm sürməninizə üç gün vaxt vermişdim, amma siz üç ildir ki, hökumət aparırsınız. Lakin ömrünüzə az qalmışdır…

– Səninlə mənim ömrümə çatar, – deyə mən cavab verdim.

Bir səhər növbətçi bacı kabinəmə daxil olub dedi:

– Yoldaş Fəxrəddin, Şahbaz bəy odasından yox olmuş. Bu xəbəri eşitdikdə sanki başıma bir ildırım çaxdı.

– Növbətçi həkim kimdir? – deyə sordum.

– Yoldaş İvanov.

– Buraya çağırınız.

Bacı getdi. Mən böyük iztirabda idim. Xəyalıma dürlü-dürlü şübhələr gəldi. İvanov daxil oldu.

– Yoldaş İvanov, xəstə Şahbaz bəy necə olmuş?

– Yoldaş müdir, hər yeri arayıb axtarış etmişəm. Gördüm deyən yoxdur. Mənim zənnimcə Şahbaz bəy dünən, cümə günü qaçmışdır, çünki xəstə əskərlərin görüşünə yaxın adamlar, ancaq o günü buraxılır, o da komandanın buraxılmış vəsiqəsilə.

– Fikriniz mənçə doğrudur, lakin Şahbazın yanına bir kəs buraxılmamış. Buradan da mənim imzam ilə vəsiqə üzrə buraxılır, bu da olmamış.

– Şahbaz bəyi buradan qaçırmışlar, – deyə İvanov mə’nalı nəzərlə üzümə baxdı.

– Kim qaçırmış? Bunu sizdən tələb edirəm, – deyə səsimi uçaltdım.

– Onu ərkan hərb tərəfindən tə’yin olunmuş Fövqəl’adə komisyon arayıb tapar!..

Şübhəsiz, İvanov bu işdə məni müqəssir edirdi, etməyə də haqlı idi; çünki mənim Şahbaz ilə əski dostluğum, onu yüngül yaralı olarkən ayrı odaya buraxdığım və sonra da ona artıq diqqət etdiyim, bunların hamısı mənim əleyhimə idi.

Həmin fikrə Fövqəl’adə komisyon da gəldi. Komisyon tərəfindən aparılan istintaq yeni bir şey açdı, o da cümə günü xəstəxanadan mənim imzam ilə bir qadının dışarıya buraxılması, o qadın tə’qyiri-libas etmiş Şahbaz bəy imiş.

Əlbəttə, komisyon məni danışdırdıqda imza sahta olduğunu asanlıqla isbat edəcəkdim, lakin məni xof və şübhəyə salan bacım Tahirə idi. Bu ittifaq düşəndən bəri onunla görüşməmişdim. Bu halda Markova kabinəyə daxil olub dedi:

– Yoldaş müdir, Tahirə dünən axşam şəhərə getmiş, indiyə kimi qayıtmamış…

Bunu eşitdikdə bütün bədənimə bir lərzə yayıldı. Tahirənin Şahbazın dalınca qaçması mənə aşkar oldu. Titrək bir səslə Markovaya dedim:

– Yəqin tanışkildə keçikib qalmışdır, gəlib çıxar. İndi vəzifəniz dalınca olunuz. – Markova getdi. Bir azdan sonra komisyon məni danışdırdı.

– Yoldaş Fəxrəddin, cümə günü sizin izninizlə dışarıya buraxılan kimdir? – deyə komisyon sədri sordu.

– Elə ittifaq olmamış.

– Bu imza sizindirmi? – deyə vəsiqəni mənə uzatdı.

Mən alıb diqqətlə baxdım, xətt Tahirənin olduğunu bildim.

– Bu imza mənim deyil, sahtadır.

– Kimin xətti olduğunu bildinizmi?

– Bəli, bacım Tahirənindir.

– Bu cinayəti yapmağa Tahirəni nə və bəlkə kim vadar etmişdir?

– Əskidən Şahbaz bəyə bağladığı və burada görüşdükdə təzələnən məhəbbət.

Bu barədə mən müfəssəl mə’lumat verdim. Komisyon bir neçə sual-cavabdan sonra istintaqı bitirdi.

Mənim üçün hərbi məhkəmə quruldu. Komisyona verdiyim şəhadəti burada təkrar etdim. Bu vaxt məhkəmə sədri:

– Şahidi gətirin, – deyə əmr etdi.

Bacım Tahirə daxil oldu.

Sədr. Vətəndaş Tahirə, bu iş barəsində nə bilirsiniz? Söyləyiniz.

Tahirə. Sahta vəsiqəni imza edən, Şahbaz bəyi öz libasımı geyindirib qaçırdan mənəm. Sonra mən özüm də yapdığım cinayətdən qorxub qaçdım. İndiyə kimi şəhərdə gizlənmişdim. Qardaşımı müqəssir etdiyinizi bilib gəlmişəm. Qardaşımın bu işdə heç bir əlaqəsi və xəbəri yoxdur. Hamısını mən tək özüm etmişəm.

Sədr. Şahbaz bəyi qaçırtmaqdan məqsədiniz nə idi?

Tahirə. Onu ölümdən xilas etmək.

Sədr. Nə üçün?

Tahirə. Mən onu sevirəm.

Sədr on dəqiqə tənəffüs e’lan edib üzvlərlə müşavirə odasına getdilər.

Bu zaman Fövqəl’adə komisyonun sədri yanıma gəlib dedi:

– Yoldaş Fəxrəddin, mən istintaq apardığım zaman sizin bu işdə müqəssir olmadığınıza inanmışdım. Lakin şübhəyə salan imzanız idi. Onu da ekspertlər tədqiq edib aydına çıxardılar. Bacınızın yox olması komisyon üzvlərinin bir neçəsini şübhəyə salmışdı. İndi o da aydınlığa çıxdı.

Bu vaxt sədr, üzvlərlə məhkəmə salonuna daxil oldular. Sədr məhkəmənin qətnaməsini oxudu. Mən azad olub, Tahirə həbsə alınıb, yeni məhkəmə qurulacağını e’lan etdi. Lakin binəva bacım yeni məhkəməni görmədi. Qətnamə oxunduqdan sonra özü ilə gətirdiyi süleymanini içib yerə yıxıldı. Sağaltmaq mümkün olmadı. Canını Şahbaz bəyə bağladığı eşqə fəda etdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Gənc maşinistka və qoca yazıçı

On səkkiz yaşında sevimli bir qız. Keçmişi bilməz. Yaşmaq görməmiş, çarşaf bürünməmiş, molla, seyid tanımaz, siğə kimi çürük məhv olmuş sözləri anlamaz. Çəhrə, falaqqa kimi asari-ətiqəmizdən xəbəri yox. O, bir sözlə, Şura balasıdır. Adı Nərkiz, özü də onun kimi bir çiçək. İşlədiyi yer Azərnəşr sarayı. Saat dörddə gələr, saat onda qulluğunu bitirər. Nərkiz çox iti işlər. Yazdığı zaman barmaqları yazı maşınında ləzkihənki oynardı. Nərkiz həssas qızdır. Maşında yazdığı zaman əsərin təəssüratını onun simasından oxumaq olar. Dodaqlarında təbəssüm – demək əsərdən aldığı zövq, nəş’ə qəlbini şad etmiş. Barmaqları altında şaqqıldayan düymələr kimi özü də şaqqıldar – demək əsərdən aldığı zövq, nəş’ə ona artıq tə’sir etmiş. Gözlərində atəş, qaşları hərəkətdə, qəlbi çarpar – bu da əsərdən aldığı bədii həyəcandır.Nərkiz məşğul olduğu otaqda səkkizə kimi maşinistka işləyir. İş zamanı bu otaq bir pulemyot bölüyünə dönür. Şaqqıltıdan ağız deyəni qulaq eşitmir, fəqət bu hal adət etməyənlər üçündür. Maşinistkalara gəldikdə, onların əlləri işdə olduqda ağızları da bekar qalmayır. Mehriban söhbət etdikdə pulemyotların səsləri, incə, həzin səda verir. Fəqət mübahisəyə keçdikdə şaqqıltı səsi artır. Sözləşmədən qovğaya keçdikdə batareya aramsız uraqan atəşi açır.

3 dəq
Laçın yuvası

Drama 3 pərdədə*İştirak edənlər

1 dəq
Birinci pərdə

Hadisə ilk baharda, böyük mülkədar Əmiraslan ağanın dağ döşündəki kəndində vaqe olur. Kəndin üst tərəfində həsarlanmış əski bir köşk (qala), onun yaxınlığında Əmiraslan ağanın evi. Səhnə Əmiraslan ağanın otağını göstərir. Otağın divarları və səqfi Firdövsinin «Şahnamə» əsərinin qəhrəmanlarının rəsmi ilə müsəvvər, pəncərələrinin şüşələri rənkbərənkdir. Açıq pəncərələrdən dağlar, çay və qala görünür.*Gövhər xanım** (tək). Xudaya, mən nə günahın sahibiyəm ki, məni belə böyük bir bəlaya giriftar etdin? Tam üç ildir ki, gözlərimin nuru, ciyərparəm, yurdumun çırağı, tək bir övladımın həsrətini çəkirəm. Cahankirim, gözəl oğlum, cavan oğlum, başına nə bəla gəldi ki, bu uzun müddətdə gəlib əziz vətənimə çıxa bilmədin? Söyləyirlər ki, Rusiyada inqilabdır. Orada su yerinə qan axır. İnsanlar acından tələf olurlar. Ya rəbbi! Bu tökülən göz yaşıma rəhmin gəlsin. Ey uca tanrı! Ey böyük Allah! Ey cəmi yaranmışın pənahgahı! Oğlumu səndən istəyirəm. Ciyərparəmi tezliklə mənə yetir. (Hadi lələ daxil olur. Gövhər xanım iztirab ilə.) Hadi lələ, nə xəbərlə gəlmisən? Oğlumdan bir şey bildinmi?

16 dəq
İkinci pərdə

Birinci pərdənin səhnəsi.*Pəricahan xanım** (yalqız). Ah! Nə dəhşətli xəbər! Nə fəna bir hal! Qırmızı Ordu tərəfindən kəndlər tutulmuş. Kəndlilər də bolşeviklərə qarışıb bəylər üzərinə üsyan edirlər. Bizim rəiyyətə də e’tibar yoxdur. Bu axır vaxtlar xidmətçilərimizin rəftarı bizlə büsbütün dəyişilib. Xanədanımızda ən müti, ən fədakar sayılan Hadi lələ də yox olmuşdur. Yəqin o da bolşeviklər tərəfə keçibdir. Daha bundan sonra kimə ümid bağlamalı? Kimdən nicat gözləməli? Ah, harada qalmısan ey sevgili əmizadəm! Gəl, gəl, meydanda tək qalmış zavallı əmucəmin imdadına çat! Uğrunda göz yaşı tökməkdən kor olan xəstə əmməmin fəryadına yetiş!

18 dəq

Başqa şairlərin şeirləri