İlk bahar… Mayın gözəl günlərindən biri idi. Ağaclar yaşıl paltara bürünüb, səhralar çiçəklərlə bəzənmişdi. Batumdan Tiflisə sür’ətlə hərəkət edən dəmiryol qatarı miniklərlə dolu idi. Bunların çoxu, səfərin bu gözəl mənzərəsindən istifadə edə bilmirdi; çünki Qara dənizin çılğın gəhgəhə ilə hayqıran fırtınalarından çox əziyyət çəkmişdilər. Onun üçün də indi kimisi uzanıb yatmış, kimisi də mürgüləyirdi.

Bu vəziyyəti gənc Cəlil də çəkmişdi. Lakin öz yorğunluğuna baxmayaraq, kupe pəncərəsini qaldırıb baharın saf havasını dərindən tənəffüs edirdi. Hər anda mənzərəsini dəyişən təbiət onda başqa hiss və tə’sir buraxırdı.

Bu gənc yeddi il idi ki, Parisdə tibb fakültəsini ikmal üçün sevgili vətənindən ayrı düşmüşdü. Bu aralıq Oktyabr inqilabı zühur edərək, daha sonra Azərbaycanı da şuralaşdırmışdı. Vətəndən əlaqəsi kəsilmiş Cəlil, Paris mətbuatında dərc edilən provaqasiya xəbərləri mütaliə edərkən mütəəssir olardı. Cəlil hər nə qədər bu xəbərlərə inanmayırdı, lakin yenə qəlbində böyük bir iztirab hiss edirdi. O idi ki, Batuma çatdıqda yorğunluğuna baxmayaraq, şəhəri gəzməyə başlamışdı ki, bəlkə bir tanışa rast gəlsin… Ancaq kimsəyə rast gəlməmişdi.

Qatar Tiflis stansiyasına çatdıqda miniklər vaqonlardan əcələ ilə enərək özlərini bufetlərə soxmağa başladılar. Cəlil də kupedən enərək yerə düşdü… Lakin yenə də yemək yeməzdən əvvəl tanış aramaq fikrində idi. Ancaq qarınca kimi qaynaşan insanlar sırasında heç bir tanış tapmadı. Qəzet, məcmuə alıb bufetə girdi və yemək yeməyə məşğul oldu. Qatar hərəkət edərkən, Cəlil yenə vaqona atıldı… Bir qədər Tiflisin mənzərələrinə tamaşa etdikdən sonra kupesinə gəldi. İçəri daxil olduqda pəncərə səmtində qısa boylu, zəif əndamlı, batıqordlu, çalsaçlı bir şəxsi oturmuş gördü. Bunun siması Cəlilə tanış gəldi. Bu şəxs də diqqətli bir nəzərlə ona baxırdı.

Cəlil bunun qarşısında oturaraq soruşdu:

– Siz müəllim Mirzə Xəlilmisiniz?

– Bəli.

– Məni tanıyırmısınız?

– Yəqin əski tələbələrimdən birisiniz… Lakin adınızı unutmuşam.

– Bəli, mən sizin əski tələbənizəm, adım Cəlildir. Doğru, doğru indi tanıdım.

– Siz Parisdəmi təhsil edirsiniz?

– Bəli, təhsilimi bitirmiş, indi vətənə qayıdıram.

– Çox gözəl… Artıq şadam, – deyə Mirzə Xəlil əlini uzatdı.

Cəlil yerindən qalxaraq iki əlilə onun əlini sıxdı.

– Möhtərəm müəllimim, sizi sağ və salamat görməyimə mən də artıq şadam.

Kupedə bunlardan başqa iki minik daha vardı. Lakin onlar üst yatacaq yerlərini qaldırıb uzanmışdılar. Bunların söhbətlərinə mane olan bir şey yox idi.

Cəlil qohum-əqrəbasının, dost-aşnalarının sağ və salamat olmağını bildikdən sonra söhbəti Azərbaycanın siyasi və ictimai vəziyyətindən açmışdı. Mirzə Xəlilin verdiyi mə’lumata təəccüb edərək deyirdi:

– Bizə çatan xəbərlər büsbütün bunun əksini anladırdı, möhtərəm müəllimim! Mən hənuz Parisdə tibb fakültəsində təhsil alarkən, qət etmişdim ki, təhsilimi bitirdikdən sonra vətənə evdət edəm. Bakıda qalmayıb Azərbaycanın ən uzaq və mədəniyyətcə geridə qalmış qəzasında oturaraq əhalisinə tibb yardımı edəm. İndi, söhbətimizdən sonra bu fikirdə daha möhkəm qalmağı sizə söz verirəm.

Mirzə Xəlil dedi:

– Fikriniz çox gözəldir, çünki Azərbaycanda təhsillərini bitirmiş gənc təbiblərimiz qəzalara getməkdən çəkinirlər. Hamısı Bakıda qalmaq istəyir.

– Mirzə, keçmişdə Azərbaycanda isitmə xəstəliyi çox artıq dərəcədə idi, indi nə haldadır?

– İndi azalmaqdadır. Şura hökuməti səhiyyə işlərinə artıq diqqət verir. Lakin Azərbaycanda yeni bir «yoluxma xəstəlik» peyda olmuş. Bu əcib fəqət çox gözəl «xəstəlik» bütün Azərbaycanı bürüyür… ərkək, qadın, çocuq, qoca hamısı bu «mərəz»ə mübtəla olurlar.

Cəlil təəccüblə soruşdu:

– Möhtərəm müəllimim, o yoluxucu xəstəliyə bir «gözəl» kəlməsi də əlavə etdiniz… Buna mən təəccüb edirəm.

Mirzə Xəlil gülümsəyib dedi:

– Bəli, bu «xəstəliyə» mübtəla olan şəxslər çox gözəlləşirlər, ruhları yüksəlir, zehinləri itiləşir…

Cəlil təəccüblə dedi:

– Bu mərəzin bə’zi nişanələri vərəm xəstəliyinə bənzəyir. Lakin, ümumiyyətlə indiyə kimi görünməmiş bir mərəz… Şura hökuməti bu xəstəliyin qabağını almaq üçün nə təşəbbüsdə bulunur?

– Onun daha da artmasına səy’ edir.

Cəlil bu sözləri eşitdikdə gülərək dedi:

– Möhtərəm mirzə, zarafat etdiyinizi indicə anladım.

– Xeyr, zarafat etmirəm, lakin gecə keçmiş, söhbətimizi bitirək… Sonra Bakıda görüşüb bərabərlikdə bu «mərəz» haqqında danışarıq, indi isə rahat olaq.

Bir azdan sonra Mirzə Xəlil və Cəlil kupenin açıq pəncərəsindən içəri tökülən qucaq-qucaq ölgün ay işıqları altında uyuyurdular.

Doktor Cəlil Bakıda idi. Neçə illərdən bəri uzaq düşdüyü Bakını gəzir, dolanır və bu günkü yeniliklərə çiddən sevinirdi. Bir gün Mirzə Xəlil ilə görüşərkən gülmüş və demişdi:

– Möhtərəm mirzə, vaqonda dediyiniz və həm də mübhəm saxladığınız gözəl «mərəz»i özüm axtarıb tapdım. Hal-hazırda onun mikrobunu təhlil edirəm ki, asan bir üsul ilə daha şiddətli inkişaf etdirərək Azərbaycanın ən qaranlıq küşələrinə nəşr edəm, hətta bu gözəl «mərəz»in adını da öyrəndim. İstərsəniz söyləyim.

Mirzə gülərək:

– Hansı «mərəz»dir?

– O, maarif çiçəyidir ki, qocadan tutmuş çocuqlara qədər yayılmış və yayılmaqdadır.

– İndi mən də bunu peyvənd edəcəyimə söz verir və çiddi çalışacağam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci pərdə

Üçüncü şəkilƏvvəlinci səhnə

2 dəq
Dibdat bəy

Bir pərdəli, iki şəkilli məzhəkə*İştirak edənlər

1 dəq
Birinci şəkil

Səhnə Səfdərqulu bəyin otağını göstərir. Otaq yarı Asiya, yarı Avropa qaydası ilə bəzənmiş. Ortada girdə stol. Üstə şamdan, kart vəqeyri qumar şeyləri. Sandalyalar qaydasız halda durmuş. Açıq qapıdan yemək otağı görünür. Pərdə qalxdığda Nəbi otağı qaydaya salarkən öz-özünə söylənir.*Nəbi**. Vay sizin evinizi Allah yıxsın, a belə ağalar. Bir belə də qumar oynamaq olarmı? Hər gün səhərə kimi oynayırlar. Çox vaxtı gecəni gündüzə qatıb o biri günə kimi kart vururlar. Vallah, mən nökər belə rahatsızlığa davam edə bilmərəm. Amma bizim bu nəçib bəylərimiz davam edirlər. Özkə vaxtı «o yana dur» üstə xəncər, tapançaya çıxırlar. Amma qumarda bir-birlərinə itə deyilməz sözləri deyirlər. Yenə də keçir gedir. Amma lotular mənim bu səfeh ağamı yaxşı tovlayıb tapıblar. Gecə-gündüz çörəyini yeyib, çayını içib, özünü də, qumarda sağmal inək kimi sağırlar. Ha-ha-ha... (Bir az dayanıb yenə də) Ha-ha-ha... A kişilər, bu lotuların hər kələkləri qurtarmışdı, gəlmişdi elə bu. İndi də tutublar ki, Səfdərqulu ağa, səni cəmi bəylər tərəfindən dibdat seçəcəyik. Gedib Fitilbörkdə dum deyirlər, nə deyirlər, orada vəzirlər yanında danışasan. Ha-ha-ha... Səfdərqulu bəy vəzirlər yanında danışacaq? Vay o yazıqların halına. «Vot tebe na»dan başqa bir şey başa düşə bilməyəcəklər. (Cəbi daxil olur). Xoş gördük, a Cəbi lələ. Mənə qulluq.

9 dəq
İkinci şəkil

Birinci pərdənin səhnəsi. Pərdə qalxdığda Səfdərqulu bəy görünür.*Səfdərqulu bəy** (saata baxır). İndi seçki gərək qurtara. Nəbi! Nəbi!..

8 dəq

Başqa şairlərin şeirləri