Səhifə 1 / 2

Axşam vaxtı idi. İyirmi yaşlı bir gənc həyəcanlı, bığlarını kəmirərək, otaqda o baş-bu başa gəzinir, öz-özünə söylənirdi.

– Yox, daha səbir kasam dolub daşmış… öldürməsəm ürəyim sakit olmaz, düşmənlərimin tə’nəli baxışlarında, dostlarımın istehzalı təbəssümlərində bunu ayrıdan oxuyuram. Qoçu Sadığın oğlu Rəşid, qeyrətin, namusun harada qalmış?

Gəncin anası yanaşı otaqda axşam üçün yemək hazır edib süfrəyə qoyurdu. Yarıaçıq qapı arasından oğlunun səslərini eşidirdi. Öldürəcəyi kim olduğunu duyurdu. Onu sakit etmək üçün otağa girdi.

– Oğlum, xörəyin soyuyur, gəl otur, ye, – deyə anası Rəşidi yemək otağına təklif etdi.

– Ana, sənin o duz-çörəyin, bu məmələrindən əmizdirdiyin südün mən oğluna haram olsun.

– Ay oğlum, nə deyirsən, nə üçün belə qəzəbə gəlmisən? De görüm, sənə nə olmuş?

– Daha bundan betər nə olacaqdır? Bacım Leyla mənim bu qeyrət papağımı o dikdaban çəkməsi altına salıb tapdalayır… Bu qədər qardaşları tərəfindən öldürülən bacılardan ibrət almır. Yoxsa o elə fikir edir ki, mən Şura hökumətindən qorxub bu binamusluğu qəbul edəcəyəm? Xam xəyal… Hamı təqsir sən anamdadır…

– Rəşid, mən bədbəxt nə etmişəm?

– Onu etmisən ki, Leylanı o bigeyrət Kamilə verməyə mən razı deyildim, sən məni vadar etdin. Dedin: «Kamil oxumuş cavan oğlandır, özünün də yaxşı qulluğu var». Onun elm oxuduğu başına dəysin. Mənə qeyrəti, namusu lazımdır, o da ki onda yoxdur. Deyərəm, Kamil, bu arvadının ipini çək, səhərdən axşama kimi bulvarda yava qızlar kimi açıq gəzib, onunla-bununla mırt vurub gülür, bizi rüsvay edir. Deyir sənə borc deyil, arvad mənimdir, nə sayaq saxlayacağam özüm bilərəm.

– Oğlum, açığın tutmasın, Kamil doğru deyir, indi hamı Leyla kimi açıq gəzir. Qorxma, bacın namuslu, ismətli qızdır. O elə iş tutmaz ki, sənə, ya əninə alçaqlıq gətirə. Oğlum, qoçubazlıq zamanı getdi. İndiçə asudə olmuşuq. Atan zamanı nə gün çəkdiyimizi bilirsən? Gündüzlər düşmənlərin qorxusundan rahat bayıra çıxa bilməzdik, gecələr bir hənirti gəldikdə hamımız dik atılardıq. Sən özün keçmişdə indiki kimi belə arxayın gəzə bilərdinmi?

Belə sözlər ilə anası oğlunu sakit etməyə çalışırdı. Rəşid anasının dedikləri sözdə həqiqəti hiss edirdi. Doğrudan da atası zamanı bütün ailənin günü qara idi, həmişə qorxu altında yaşayırdılar. Onun özü məktəbli bir uşaq olduğu halda atasının əmrilə belinə tapança bağlamağa məcbur idi. Bacısının günü daha qara idi. O, atasının qorxusundan ki, sənə naməhrəmin gözü sataşar – stağından kənara çıxa bilməzdi. Anası onu da doğru deyirdi ki, o indi Şura hökuməti zamanı arxayın gəzə bilir. Lakin sabitdən iəs qalmış tərbiyənin tə’siri onda dərin kök salmışdı. Qadınlarının açıq və azada gəzməsinə o razı ola bilmirdi, çünki nadan atasından və cəmi qohum-ərəbasından aldığı yanlış tərbiyə üzündən: «Açıq gəzən qadında qeyrət namus olmaz» kimi sözlərə möhkəm inanmışdı.

Anası, oğluna etdiyi nəsihətin tə’sirini görüb dedi:

– Oğlum, heç vaxt unutma ki, düşmənlərimiz atanı küdaza verən kimi səni də vermək istəyirlər. Onların vəsvəsəsinə inanma, böyük bir ailədən bir kişi sən qalmısan, sən də tələf olsan, mən küçələrə düşərəm. Dur, oğlum, gedək, xörəyin soyuyur.

Anasının səy’i ilə Rəşid bir qədər sakit olub, yemək otağına keçdi.

Rəşidi yoldan çıxaranlar atasının düşmənləri idi. Anası Gülsüm bunu yaxşı bilirdi. Onlar köhnə ədavəti unutmamışdılar. Lakin Şura hökumətindən çəkinərək aşkar çıxış edə bilmirdilər. Hiylə ilə Rəşidi tələf etmək istəyirdilər. Onun bacısını əllərində alət etmişdilər.

Anasının nəsihətindən sonra Rəşid sakit olub bacısına əziyyət vermirdi. Bir ittifaq da buna daha artıq səbəb olmuşdu. Belə ki, Rəşid son zamanları tibb fakültəsində təhsil alan bir yəhudi qızına məhəbbət bağlamışdı. Liya adında bu gənc qız, qoca anası ilə Leyla olan həyətdə yaşayırdılar. Bu kasıb ailə, ancaq bu iki nəfərdən ibarət idi. Liya özü oxuduğu halda müəllimlik edib, xüsusi dərs verməklə həm özünü və həm də anasını saxlayırdı. Liya Leyla kimi qaraqaş, qaraköz bir qız idi. Onların bədənləri, boyları da bir biçimdə idi. Liya Azərbaycan dilini gözəlcə bilirdi. Liya Leylaya rusca dərs verirdi.

Rəşid Liya ilə görüşmək qəsdilə bacısıkilə tez-tez gəlib gedərdi. Leyla buna artıqca şad idi ki, qardaşı ona Liya ilə gəzməyə mane olmurdu.

Rəşidin düşmənləri rahat olmurdular. Onlar Gülsümün evini sahibsiz qoymaq fikrində idilər. Rəşidi tələf etmək üçün yeni planlar çəkirdilər. Leylanın dalınca pusqucular salıb, onun hara getdiyindən və nə iş tutduğundan mə’lumat toplayaraq Rəşidə adsız məktublar yazırdılar, min dürlü iftiralar düzəldirdilər. Liyanı da əllərində alət etmişdilər. Onu müsamirələrə də’vət edib, Leylanı ora çəkmək istəyirdilər. Lakin Leyla ya getmir, ya da gedəndə Kamil ilə gedirdi. Bu isə onların planlarını pozurdu.

Axırda bir hadisədən istifadə edərək düşmənlər Rəşidi tələyə salıb məramlarına nail oldular. Belə ki, bir qış gecəsi klubda kostyumlu və rəngli müsamirə verilirdi. Kiyev şəhərindən gəlmiş Liyanın nişanlısı bu müsamirəyə, namizədilə bərabər Leylanı da təklif etdi, lakin o razılıq edib, gedə bilməyəcəyinə üzr istədi. Liya müsamirəyə hazırlanaraq əntiq kostyum arayırdı. Leyla, çehiz gətirdiyi əski Azərbaycan biçimi ilə tikilmiş ipək libasını ona göndərib soruşdu:

– Liya, bu paltar yararmı?

Liya, bu əski çapkan, kürdü katibi, büzmə darayı tumanı və geyrilərini gördükdə gözləri parlayaraq dedi:

– Ah, nə gözəl paltardır, mən ömrümdə belə şeylər görməmişəm. Yəqinimdir ki, müsamirədə hamının gözü məndə olacaqdır.

Liya şadlığından Leylanı qucaqlayıb öpməyə başladı.

– İndi, gey görüm, əynimə necə gələcəkdir? – Leyla paltarı ona uzatdı.

Liya geydi sanki bu libas onun boyuna biçilmişdi. Bu paltarda Liya Leylaya o qədər bənzəyirdi ki, seçmək belə olmurdu.

– Bəs başıma nə örtüm? – deyə Liya soruşdu.

– Bu saat onu da düzəldərəm, – deyə Leyla başqa sandıqdan bir əski İran tirmə şalı çıxarıb onun başına saldı.

Saat doqquz yarımda Liya nişanlısı ilə müsamirəyə getdi. Düşmənlərin adamlarından biri orada hazır idi. O, Liyanın tanışı idi. Onu belə libasda gördükdə əvvəl tanımadı. Sonra onun paltarını tə’rif edib belə gözəl libasın kim verdiyini soruşdu. Liya nağıl etdi və əfsus etdi ki, Leyla gələ bilmədi. O, bir qədər Liya ilə söhbət etdi. Sonra klubdan çıxıb getdi.

O gecəsi Rəşid anası ilə naxoş xalasını yoxlamağa getmişdi, xalası bərk xəstə idi. Leylaya da xəbər verilmişdi, amma o hələ gəlib çıxmamışdı. Anası Rəşidi evə göndərib, özü bacısının yanında qaldı. Saat on tamamda Rəşid soyunub yerinə girdi. Gecənin bir vaxtı qapı döyüldü. Rəşid dik atıldı. O, fikir etdi ki, xalası keçinir, onu çağırırlar. Paltonu çiyninə atıb qapını açdı. Kürkə bürünmüş naməlum bir şəxs ona bir məktub verib cəld getdi. Rəşid otağa qayıdıb məktubu açdı, oxudu, rəngi qaçdı. Kağız əlində payız yarpağı kimi əsirdi.

– Yenə düşmənlərimin iftirasımı? Yox, böhtana oxşamır… «Gəl öz gözünlə gör» deyirlər. Binamus bacı, xalası evdə can verir, onu son görüşə çağırır, o, klubda aşnabazlıq edir… Ey bigeyrət bacı, əgər bu məktubda yazılan doğru olursa, sənin sabahkı günəş ziyasını görməyəcəyinə and içirəm! – Bunu deyə Rəşid cəld geyinib tapançasını paltonun qoltuq cibinə qoydu, qapını açıb küçəyə çıxdı. Hava ayaz idi. Rəşid paltonun boynunu qaldırıb yola düşdü. Fikir və xəyal onu elə aparmışdı ki, yolu azıb küçələrdə dolaşırdı. Öz-özü ilə danışırdı: «Bacımı öldürməyə mənim ixtiyarım varmı?» – deyə özünə sual verirdi. Nə üçün? Kamil ona inanıb başına buraxır. Məkər ondan heç namus hissi yoxmu?.. Yaxşı olmazmı ki, aparım məktubu ona göstərim… Yox, əvvəl məktubda yazılanı təhqiq etmək lazımdır. Rəşid başını qaldırdıqda özünü klubun qabağında gördü. Açıq qapıdan musiqi səsi gəlirdi. Kluba daxil olmaq istədikdə, gözü koridorda bir cavan oğlan ilə Şərq libasında bir gənc qadına sataşdı. Qadın sağ divarda bənd olunmuş aynanın qabağında durub başının tüklərini düzəldirdi. Rəşid onun üzünü tamam görə bilmirdi, lakin əynindəki əski Şərq libası bacısı Leylanın olduğuna şübhə etmirdi. Bu vaxt oğlan ondan ayrılıb paltar saxlayan xidmətçinin yanına getdi xidmətçi paltoları qarmaqdan çıxarıb ona verdi. Oğlan paltonu alıb qadına tərəf getdi. Onu kürsü üstünə qoyub şalı əlinə götürdü və qadının başına saldı. Rəşidin bədəninə lərzə düşdü. O, Leylanın bu əski tirmə şalını tanıdı. Bu vaxt qapıçı gəldi, ondan içəri girməyə də’vətnamə istədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Sona xala

...On doqquzuncu ildə, mayın axırında, yay tə’tili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli «Ş» şəhərini yenidən bir də görmək şövqü mənə isti yolun əziyyətini unutdururdu. Günəş dağlar arxasına keçərək qayıb olduqda mən də şəhərə varid oldum.Səhər saat doqquzda Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı.

9 dəq
Zarafat

Şaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:

3 dəq
Müalicə

Mənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar».

11 dəq
«Yoluxma xəstəlik»

İlk bahar… Mayın gözəl günlərindən biri idi. Ağaclar yaşıl paltara bürünüb, səhralar çiçəklərlə bəzənmişdi. Batumdan Tiflisə sür’ətlə hərəkət edən dəmiryol qatarı miniklərlə dolu idi. Bunların çoxu, səfərin bu gözəl mənzərəsindən istifadə edə bilmirdi; çünki Qara dənizin çılğın gəhgəhə ilə hayqıran fırtınalarından çox əziyyət çəkmişdilər. Onun üçün də indi kimisi uzanıb yatmış, kimisi də mürgüləyirdi.Bu vəziyyəti gənc Cəlil də çəkmişdi. Lakin öz yorğunluğuna baxmayaraq, kupe pəncərəsini qaldırıb baharın saf havasını dərindən tənəffüs edirdi. Hər anda mənzərəsini dəyişən təbiət onda başqa hiss və tə’sir buraxırdı.

4 dəq

Başqa şairlərin şeirləri