Şəninə dastan yazıram,Ay qoşa duran, bəri bax!Gürcüsən, aysorusan,Yoxsa müsəlman, bəri bax!Səf düşdüm, səbr elədim,Mələksən, insan, bəri bax!Xəstəyəm, yalvarıram,Həkimi-loğman, bəri bax!

Gəzmişəm hər mahalı,Gözəl yoxdu sən cürə, bax.Yolunda məhbus olmuşam,Gərdənində zəncirə bax,Musayisən, Tövrat oxu,İsayisən, İncilə bax.İslamısan, and verirəm,Ayeyi-quran, bəri bax!

Qaş qara, gözlər ala,Yanaqların xalına bax.Danışır şirin-şirin,Ləblərinin balına bax.Oynayıb-gülməkdədir,Yoldaşının halına bax.Yoldaşın bixəbərdir,Sən təzə cavan, bəri bax!

Zülf tökülüb dal gərdənə,Qabağa tellər yaraşır.Burun püstə, dodaq qaymaq,Yanağa güllər yaraşır.Abdulla sadağadır,Kəsməyə əllər yaraşır.Hazarat, siz də deyin,Gəlibdi qurban, bəri bax!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri