Əcəb gözəl yetirib gərdişi-zəmanə səni,Zəmanəmizdə sanır xəlqimiz yeganə səni.

Məhəbbətinlə könüllər dolub, unutmayacaq,Nə bir rəfiqi-həqiqi, nə əhli-xanə səni.

Vətəndə namü-nişan ilə ölmək izzətdir,Diyari-qürbətə kim saldı binişanə səni?

Cavanlaşardım, əlim çatsa, mehrsiz fələyə,Səbəb nədir ki, salıb dərdi-biamanə səni?

Qərəzlə ev yıxanın xanimani odlansın!Ki, qoydular gözü həsrətlə xanimanə səni.

Sən olmasan da, xəyalın bizimlə həmdəmdir,Əgər ki, möhnəti-qürbət yetirdi canə səni.

Bəlayi-hicrə gərək səbr qılsın aşiqlər,Bu işdə bəlkə çəkib bəxtin imtahanə səni.

Bahari-ömrünü, Vahid, fələk xəzan elədi!Yetirdi bülbüli-şeyda bu cür fəğanə səni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran