Şərəfdir aşiqə ölmək yolunda cananın,Əsiri birdəm olunca bəlayi-hicranın.

Fədasiyəm o gülün, dil bilə, işarə qana,İtaətində varam mən o ülvi insanın.

Məhəbbətinlə sənin hər cəfayə səbr edərəm,İcazə ver ki, olam bir dəqiqə mehmanın.

Səninlə gizli əgər bir dəqiqə söhbət edəm,Sədaqət ilə edərdim bu canı qurbanın.

Əgər sən olmasan, ömrüm gedər fənayə mənim,Əlacım eylə, amandır, var isə dərmanın.

Qəza gəlirsə, nə qəm, sən mənimlə olsan əgər,Əhatə qılsa məni min bəlası dünyanın.

Gözəllər eşqi ilə məstsən, ayılmazsan,Sənin də bircə budur, Vahid, eybü nöqsanın!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq