Diyari-eşqə sultanəm, bəlalər çox çəkib başım,Cəlali-şövkətim qəmdir, hücumi-dərd fərraşım,Ömürlərdir axar kuyində yarın qanlı göz yaşım,“Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım”.

Xəyal eylər görən, bir bülbüləm gülzari-eşq içrə,Yaxar gülzari naləm ahi-atəşzari-eşq içrə,Məni sevdayi-həsrətdür yıxan azari-eşq içrə,“Tərazuyi-əyari-möhnətəm bazari-eşq içrə,Dolub hər dəm gözüm, min daşə hər saat dəyər başım”.

Görüb rüsvalığım eşqində yarın, tən edər hər kim,Bəlalər çəkməyə guya məni çərx eyləmiş təhkim,Fələkdən başıma daşlar yağır, qılmaq dilər tərkim.“Sirişkim al, bağrım parə, bir kuhi-bəlayəm kim,Həmişə laləvü ləl ilə rəngindir içim, taşım”.

Həyatı aşiqin eşq olmasa, əfsanə bir röya,Məhəbbətdir fəqət pəjmürdələr qəlbin edən əhya,Məni aşiq doğub, qoynunda yalnız bəsləmiş dünya,“Mənə manənd bir divanəsurət bağlamaz guya,Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım”.

Sevinci könlümün yar etdiyi qəhri-qəzəbdəndir,Vəfadə sabit olmaq aşiqə əslü nəsəbdəndir,Cəfayə dözməmək, Vahid, demə, rəsmi-ədəbdəndir.“Füzuli, xazini-gənci-vəfayəm, ol səbəbdəndir,Cühərlər tökdü israf ilə bu çeşmi-gühərpaşim”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq