Hər kəs ki desə, dərdimi dildarə mənimçün,Guya ki, təbibimdir, edib çarə mənimçün.

Bir bülbüləm, öz naleyi-zarım mənə bəsdir,Kim yalvaracaq güldən ötrü xarə mənimçün.

Bir lalərüxün mən yenə zülfündə əsirəm,Gördükdə deyir xəlq günü qarə mənimçün.

Candan keçərəm, bir elə hal əhli olaydı,Dərdim deyib ol dilbərə, yalvarə mənimçün.

Pərvanədə olsaydı əgər məndə olan eşq,Yüz şövq ilə çırpardı özün narə mənimçün.

Heç bir kəsə razı deyiləm yar yolunda,Minnət çəkə bundan belə əğyarə mənimçün.

Başdan-başa, Vahid, bütün aləm gözəl olsa,Artıqdır hamından yenə Məhparə mənimçün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq