Oğlum, atanın çıxma sözündən, kor olarsan,Alverdən uzaqlaşma, inan, dilxor olarsan;Yüngülcə dolan, bərk işə girmə, yorularsan,Papros satan oğlum!Sərxoş yatan oğlum!

Bir yerdə gedib işləməyin indi əbəsdir,Paprosdan, oçerdən nə qazansan bizə bəsdir.Min müftə tramvaylara, get tinləri kəsdir;Papros satan oğlum!Sərxoş yatan oğlum!

Bildirləri alverlə böyük dövlətə çatdın,Üç ay qışı hey qənd-çay alıb, xəlvəti satdın.Hərçənd bir az, cüzi gedib həbsdə yatdın,Papros satan oğlum!Sərxoş yatan oğlum!

İndi, a balam, az qalıb on beş yaşın olsun,Bir min gərək hər gündə sənin daşbaşın olsun,Alverçi gərək əldən, ayaqdan maşın olsun,Papros satan oğlum!Sərxoş yatan oğlum!

Şükr allaha, sandıq dolusu qənd, çayın var,Arşınmalıdan gündə pasajlarda payın var,Qəm çəkmə, tutulsan, nədi ki, altı ayın var,Papros satan oğlum!Sərxoş yatan oğlum!

Get çayxanaya, iç çayı, çək nəşəni hallan,Dinc durma, sataş xalqa, tramvaylara sallan,Tez gir cibə, gördün ki, milis var, yerə tullan.Papros satan oğlum!Sərxoş yatan oğlum!

Sən keçmişə baxma, atan onda xozeyindi,Qalsaydı o mal-dövlətim hərgah, birə-mindi,Dövlət də gedib, mal da gedib, neynəyim indi?Papros satan oğlum!Sərxoş yatan oğlum!İbrət al atandan,Mamlımatan oğlum!Ölsün atan, oğlum!Sərxoş yatan oğlum!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira