Gör necə bir modabaz oğlandı bu,Sanmayınız cindi, ya şeytandı bu.

Qaşları əyri, qara buynuz kimi,Bığları qırxıqdı fransız kimi,Kofta geyib, naz eləyən qız kimi,Canlar alan qızlara qurbandı bu,Gör necə bir modabaz oğlandı bu.

Pudralanıb üz-gözü undan da ağ,Əyri qoyub beretkanı qızsayaq.Sağrısı enli, şalvarı dar balaq.Hansı tərəfdəndi, hayandandı bu?Gör necə bir modabaz oğlandı bu.

Nə işə var meyli, nə məktəb sarı,Müftə yeyib gəzir bağı, bulvarı.Bəs kim alır buna bu pal-paltarı?Sənətə, elmə niyə düşmandı bu?Gör necə bir modabaz oğlandı bu.

Rəqsdə maildir amerikanlıya,Oxşamayır azərbaycanlıya.Heç kəsə yox dəxli, onu danlıya,Gər deyən olsa ki, xuliqandı bu,İnanmarıq biz ona, böhtandı bu,Gör necə bir modabaz oğlandı bu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira