Gözəlim, varmı bir aşiq sənə məndən qeyri?Ölərəm, baxsam əgər bir gülə səndən qeyri!

Könlümü qan eləyən varmı bu aləmdə məgər,Bir sənintək üzü gül, qönçədəhəndən qeyri?

Özgə bir dilbər ilə könlüm açılmaz sənsiz,Nə gərək bülbüli-şeydayə çəməndən qeyri?

Özgələr ləzzəti-vəslinlə səfalər çəkdi,Mənə hicrin nə verib dərdi-mühəndən qeyri!

Dərdi-hicranını da könlümə tapşırdı fələk,Əlimi daməni-vəslindən üzəndən qeyri.

Ləblərin nəşəsini piri-muğandan xəbər al,Badə zövqün nə bilir rindi-kühəndən qeyri?

Vahid, aləmdə bir insanlığa xidmət qalacaq,Varmı bir şey aparan qəbrə kəfəndən qeyri?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran