Lap gətirdin məni, ay fərsiz oğul, təngə, zara,Bir təhər dürt özünü sən də bu kolxozbazara.

Qonşumuz Əkbərə bir bax, yaşın ondan çoxdur,Kök satır gündə bazarda, elə bil bir oxdur.Kaş olaydın bu zirəklikdə, yarıncan yoxdur,Mollalar tək o, gülab-zad da satır pəsməzara,Bir təhər dürt özünü sən də bu kolxozbazara.

Əsil alverçi bizim molla Sonanın əridir,Dələduz, oğru uşaqlar da ona müştəridir.Hər bazarda yeri vardır, neçə ildən bəridir,Bir gün alverdən uzaqlaşsa, düşər min azara,Bir təhər dürt özünü sən də bu kolxozbazara.

Məktəbə, elmə mənim tək həvəsin yoxdur, oğul,Get pasajda rayon alverçilərilə şərik ol,Gecə-gündüz kefə bax, hörməti hörmət, pulu pul.Nə xəcalət, nə üzün kütlə yanında qızara,Bir təhər dürt özünü sən də bu kolxozbazara.

Qorxma, çox iç arağı, çünki düzəldər başını,Xalqı aldat pulun al, içkiyə ver daşbaşını.Sonra vur ənginə, bir tində uzat yoldaşını,Sən gedib həbsdə keflən, o da getsin məzara,Bir təhər dürt özünü sən də bu kolxozbazara.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira