Gəldi məhərrəm ayı,Molla fırıldaq dayı!

Qoşul rövzəxanlara,Köhnə müsəlmanlara,Gündə get ehsanlara,Ol hər yerdə sərpayı,Molla fırıldaq dayı!

Yanla molla Qəvamı,Tovla beş-on avamı,Qətlə yetir imamı,Özün də Şümrün tayı,Molla fırıldaq dayı!

Batma qəmə, qüssəyə,Bax Qumriyə, Qüdsiyə,Oğra beş-on mərsiyə,Məclisə sal ah-vayı,Molla fırıldaq dayı!

Toyda oxu saz ilə,Məsciddə avaz ilə,Mərsiyə de naz ilə,Ye bozbaşı, iç çayı,Molla fırıldaq dayı!

Binadan dolaşıqsan,Nə molla, nə aşıqsan,Hər qazanda qaşıqsan,Bicliyinin yox sayı,Molla fırıldaq dayı!

Bir “molla”san savadsız,Məsləksiz, etiqadsız.Şansız, şərəfsiz, adsız,Hərcayısan, hərcayı,Molla fırıldaq dayı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira