Səfayi-söhbəti-cananı kim görüb, o desin!Bəlayi-möhnətü hicranı kim görüb, o desin!

İnanmıram, mənə hər kim deyir ki, cənnət var,Göziylə rövzeyi-rizvanı kim görüb, o desin!

Mənim gülüm, çiçəyim, cənnətim gözəllərdir,Behişti, huriyü qılmanı kim görüb, o desin!

Kəməndi-eşqdə Məcnunu görməyən nə bilir?Əsiri-zülfi-pərişanı kim görüb, o desin!

Mən ağladıqca nigarım gülərdi göz yaşıma,Gülərkən ol güli-xəndanı kim görüb, o desin!

Çəməndə hər səhər eşq əhlinin təranəsidir,Fəğani-bülbüli-nalanı kim görüb, o desin!

Mənim də, Vahid, öz istəklimin gözəlliyini –Bahar zamanı gülüstanı kim görüb, o desin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq