Könlüm olubdu mail ol yarə, neyləyim mən?Oldum onun qəmindən biçarə, neyləyim mən?

Məndən bu növ canan kəsməzdi iltifatın,Düşdüm yenə bəlayi-əğyarə, neyləyim mən?

Bir mübtəlayi-eşqəm, Məcnun nədir yanımda,Qaldım bu qəm çölündə avarə, neyləyim mən?

Bülbültək ağlaram mən, ey bağban amandır,Gülşəndə yar olubdur gül xarə, neyləyim mən?

Bir dərdə düşmüşəm ki, zalim, sənin qəmindən,Gəlsə, təbib də tapmaz bir çarə, neyləyim mən?

Öz aşiqin unutdun, getdin rəqibi tutdun,Bir sən kimi vəfasız dildarə, neyləyim mən?

Qoymaz görəm doyunca, Vahid, o gül cəmalın,Zülfün tökər həmişə rüxsarə, neyləyim mən?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq