Çöhrəndə ölüm kölgəsi var, ey qarı düşmən,Xalq ordusu çoxdan qazımışdır sənə mədfən.

Matəm bürüyüb dövrəni, ətrafına bir bax,Berlində salıbsan analar qəlbinə şivən.

Qırdırma nemes xalqını haqsız yerə, zalım,Bir gün gələcək, qorx o cəza məhkəməsindən.

Öz tankına, təyyarənə boş-boş havalanma,Girdabə sürüklər gəmini çox kərə yelkən.

Dağlar kimi sədd olsa da düşmən bizə qarşı,Bir anda qoparrıq onu, aləm deyər əhsən.

El hümməti, el qüdrəti vardır qolumuzda,Bir gün alarıq biz bu qisası yenə səndən.

Çox zülm eləyən zalımı yıxmış Qızıl Ordu,Döymə döşünə, çox demə; dünyada mənəm, mən!

Kəlləndə sovet bombaları partlayacaqdır,Təxtində də fırlandırarıq odlu dəyirmən.

Tarixi unutma, qocaman Moskvadır bu!Onlarca Napolyon döyülüb qaçdı bu yerdən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən