Şeyx Səfi məqbərəsi
Qədim Ərdəbilin sinəsi üstdə,Günbəzi qızılı bir məqbərə var.Yaxından, uzaqdan hey dəstə-dəstəBura ziyarətə gəlir adamlar.
Gəlir illər boyu etiqadınıBu böyük türbətə bağlayan gəlir.Gəlir el dərdini, el həyatınıCanında canı tək saxlayan gəlir.
Məqbərə söylədim, nə mərmər sütun,Nə də divarlarda rəngli kaşı var.Darvaza ağzından qəbrədək bütünDüzülmüş yan-yana sadəcə daşlar.
Fəqət bu daşların yaşı çox qədim,Tarixi solmayan dastana dönmüş.Haman bu yollarla nə qədər alim,Nə qədər müdərris gəlib-gedərmiş...
Bir vaxt da Qızılbaş ordusu burdaAnd içib silaha sarılan zaman,Vətən yolundakı vuruşmalardaÖnündə diz çöküb, baş əydi düşman.
Fəqət illər ötdü, dövran dəyişdi,Dəyişdi hökmü də dövri-zamanın.İgidlik, qoçaqlıq atından düşdü,Ayağı açıldı bura düşmanın.
Gəlmələr, yerlilər, şahlar, krallar,Bir gün bu qapıya yaman dadandı,Nə başbilən oldu, nə də sahibkar,Bir xalqın sənəti, varı talandı.
Yığıb apardılar xalçanı, qabı,Nadir əlyazmalar Londona getdi.Qızıl şirazələr çəkilmiş qapıAncaq bilinmədi harada idi.
Fəqət itirmədi öz hörmətiniMəqbərə zamandan-zamana qaldı.Yadlar apardısa hər sərvətini,O, xalqın gözündə yenə ucaldı.
Qədim Ərdəbilin sinəsi üstdəGünbəzi qızılı bir məqbərə var.Yaxından, uzaqdan hey dəstə-dəstəBura ziyarətə gəlir adamlar...
Ərdəbil, 1940
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-seyx-sefi-meqberesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir