Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə zinət,Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,Nə qədim əsrləri yada salıb ağlayan,Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,Nə dövrün hakiminə şer yazıb pul alan,Nə cəlladlar önündə həya üçün alçalan,Nə peymanə, nə saqi, nə şərab şairiyəm,Azadlığın carçısı inqilab şairiyəm.

Mən əyilib hakimin əllərindən öpmədim,Şerimi çiçək kimi ayaqlara səpmədim.Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,Nə saray məddahıyam, dərgahlardan qovulam,Mən ellərin oğluyam, ellər böyütmüş məni,Şerim eldən alıbdır bu ilhamı, qüvvəni,Mən nə şam, nə pərvanə, nə rübab şairiyəm,Azadlığın carçısı inqilab şairiyəm.

Mənim könül dəftərim bənzəyir gülüstana,Onda yer verilməmiş qarlı qışa, tufana.Bir bahar ətri vardır hər şerimdə, sözümdə,Baharın həsrətilə yaşayıram özüm də,Mən əl açıb göylərdən diləmədim azadlıq.Mənim arxalandığım onlardan daha artıqÖlkələr həsrət çəkən afitab şairiyəm,Azadlığın carçısı inqilab şairiyəm.

Ərdəbil, 1941

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar