Xaki-payinə o mahın dün səhərdən düşmüşəm,Zərrə mehr etməz mənə, guya nəzərdən düşmüşəm.

Olmuşam Məcnunu ol gündən mən ol Leyliveşin,Eylə rüsvayəm ki, xalq içrə dəyərdən düşmüşəm.

Ol hilaləbruyə dil açsam da, baxmaz naləmə,Guyiya, bir paslı şəmşirəm, kəsərdən düşmüşəm,

Məndən ol sərvim, o gündən kim kəsibdir ülfətin,Öylə bil ki, bir nihaləm, mən səmərdən düşmüşəm.

Rəhm qıl, cövr etmə, ahımdan yanarsan aqibət,Sanma bir sönmüş çirağəm, mən əsərdən düşmüşəm.

Olma həmdəm qeyrlə, qeyrət həlak eylər məni,Çox da pirəm, ey gözəl, sanma, hünərdən düşmüşəm.

Surəti-halım görüb, el kəsdi məndən rəğbətin,Eylə kim ol mahin eşqində ləkərdən düşmüşəm.

Vahid, Azər xoş demiş: oddur vücudu aşiqin:“Azəri-eşqəm, güman etmə, şərərdən düşmüşəm”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq