Sən olmasan, gözəlim, gülüstanə baxmaz idim,Çəmən çiçəklərinə aşiqanə baxmaz idim.

Əsiri-zülfün əgər olmasaydım aləmdə,Cəmalına bu qədər acizanə baxmaz idim.

Mənimlə olsa idin bir dəqiqə ömrümdə,Cahan bütün gözəl olsa, cahanə baxmaz idim.

Məni fəraqın odu yaxmasaydı şəm kimi,Görəndə gül üzünü yanə-yanə baxmaz idim.

Fəraqına dözə bilsəydi qan olan könlüm,Yolunda çəkdiyim ahü fəğanə baxmaz idim.

O gül cəmalına mən aşiq olmasaydım əgər,Fəğani-bülbülə çox məhrəmanə baxmaz idim.

Nəzakət olmasa, Vahid, təbiətimdə mənim,O qara gözlərə mən şairanə baxmaz idim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq