Əqrəb var çiçəkdə yuva salıbdır
Əqrəb var çiçəkdə yuva salıbdır,Bülbül var gül ilə dava salıbdır,Mən toyuq yerişli şahin görmüşəm,Dünyanın çox işin çətin görmüşəm.
Bəzən qapı iti qurdtək ulayır,Bəzən qurd qapıda quyruq bulayır,Allah da bəndənin hirsinə düşür,Dünyanın çox işi tərsinə düşür.
Ömrün yazı solur, sərt qışı gedir,Cəlladı sevənin öz başı gedir,Şairin qiyməti sözü qədərdir,Dünyanın ağrısı özü qədərdir.
Ocağa gedirsən, gözə göz dəyir,Yanan ocağa da bəzən göz dəyir,Ölümün ağaran dişlərinə bax,Bu gözəl dünyanın işlərinə bax...1996
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-eqreb-var-cicekde-yuva-salibdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir