Gecə-gündüz oda düşüb yanaram,

Siyah telli bir sonanın ucundan.

Nə dil deyə bilir,nə qələm yazır,

Hər nə ki çəkmişəm onun ucundan.

Qəm ki gəlir mənə firqəbəfirqə,

Nə Məcnun çəkibdir, nə görüb Vərqə,

Neçə mərdümləri vermişəm qərqə,

Çeşmimdən tökülən qanın ucundan.

Nə xoş olur eşq əhlinin bu halı,

Şəmə yana pərvənənin misalı,

Gəldikcə xəyala yarın xəyalı,

Yanar odlar düşər canın ucundan.

Könül düşüb hər havadan enərmiş,

Şişə təki hər nə dəgsə sınarmış,

Səməndər tək özbaşına yanmamış,

Hicran günü can cananın ucundan.

Bivəfa dünyada, dəhri-fənada,

Fələk məni yetirmədi murada.

Vidadi xəstəyəm, ömrümü bada

Verdim axır bu sevdanın ucundan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq