Hasan paşanın Çənlibelə gəlməyi
Səhifə 2 / 2 · 50%
Mən dəliyə hədyan söyləmə paşa,
Hünərlisən, gəl meydana, əfəndim!
Dağıdar ölkəni, çevirrəm taxtın,
Bularam cəmdəyin qana, əfəndim!
Mən bələdəm sənin cəngi-şəstinə,
Qılınc çəkib girrəm bu gün qəsdinə,
Hayqırıb meydanda gəlsəm üstünə,
Yetirərəm səni cana, əfəndim!
Baş əymərəm xotkar yazan fərmana,
Gələrsən əlimdən axır amana,
Koroğluyam, nərəm çıxar asmana,
Qoşun qaçar dörd bir yana, əfəndim!
Söz tamama yetişdi. Koroğlu bir dəli nərə çəkib özün vurdu qoşuna. Hasan paşa da hay vurdu, qoşun dörd tərəfdən töküldü. Koroğlu üzün Yağı qoruğuna tərəf tutub dedi:
Mərd igidlər dava günü gəlibdi,
At sürüb meydana çıxan gündü bu.
Müxənnətlər tər savaşa varıbdı,
Vuruban atından yıxan gündü bu.
Comərd igid heç qaçarmı meydandan?
Qılınc çəkib hayıf alaq düşmandan,
Qorxaq kəslər boyun əyib pünhandan
Sinilib xəlvətdən baxan gündü bu.
Qoç Koroğlu, qılınc götür dəstinə.
Müxənnət paşalar dolub qəsdinə,
Qarı düşman hücum edib üstünə,
Nizəni gözünə soxan gündü bu.
Dəmirçioğluya elə bir işarə bəs idi. Hay vurdu, dəlilər siyirməqılınc töküldü qoşunun üstünə. Hasan paşa işi belə görəndə hay vurdu ki, qoşun o tərəfə yerisin.
Koroğlu dedi:
– Hasan paşa, görürsən ki? Bax, indi sən mənim əlimdəsən. Bir həmlədə səni yerlə yeksan elərəm. Amma ki, dəymirəm. Qoşununa sərkərdəlik elə.
Dava qızışdı. Koroğlu dəliləri davada görəndə ürəyi telləndi. Dedi:
Dolun at belinə, qoç dəlilərim,
Xotkarı taxtından endirək, hoydu!
Talayaq mülkünü, alaq canını,
Evini başına endirək, hoydu!
Şığıyıb üstünə qəddini bükək,
Gərək Çənlibelə min əsir çəkək!
Paşanın başında gəlin turp əkək!
Şahın çırağını söndürək, hoydu!
Bir hayqırsam, polad qollar boşalar,
Düşmanlar əlimdən çəkər haşalar,
Öldürək xotkarlar, qıraq paşalar,
Meydanı məhşərə döndərək, hoydu.
Qeysəri öldürək, sərdarı tutaq.
Böyüyün, kiçiyin qol-qola çataq,
Ərəb at döşünə cümləsin qataq,
Çənlibelə əsir göndərək hoydu.
Gələr Koroğlunun damaqlı çağı,
Dəlilər məclisdə, xan Eyvaz sağı.
Aladı gözləri, qaşları yağı,
Bulğarlı xanımı dindirək hoydu!
Söz elə təzəcə tamam olmuşdu ki, qoşunun dal tərəfindən nərə
səsi gəldi. Koroğlu da, Hasan paşa da hər ikisi geri döndülər. Koroğlu
baxdı ki, Dəli Həsən üç min dəli ilə daldan özünü vurdu Hasan paşanın
qoşununa. Koroğlu qaldı məəttəl ki, bu necə olan işdi. O əvvəl-əvvəl
elə bildi ki, Dəli Həsən Hasan paşanın köməyinə gəlir. Baxdı ki,
kömək nədi? Dəli Həsən bir su içim saatda Hasan paşanın qoşununu
qatım-qatım qatlayıb, ağnatdı bu tərəfə. Dava qızışdı, nə qızışdı. Dəli
Həsən qızğın davada qışqırıb dedi:
– Ayə, Dəmiçrioğlu, vur!.. Qabaq sənin, dal mənim. Görək kim tez
qurtaracaq?
Dəmirçioğlu sözü eşitcək, qılıncı atdı yerə. Əl eləyib belindən kotan
zəncirini açdı. Dedi:
– Dəli Həsən, mənim dəstəm xırdadı. Görürəm ki, zənciri tovlamasam
səndən geri qalacağam. Ya mədəd!
Zənciri başladı hərləməyə. Qabaq kəsildi, dal kəsildi. Ortada da
Koroğlu özü. Qoşun başladı sağa, sola yayılmağa.
Eyvaz Hasan paşanın qoşununu belə görəndə qalxdı ayağa. Atı minib bəndərgahlardakı dəlilərə hay vurdu. İki min dəli də Eyvazla sol tərəfdən təpildi qoşuna. Koroğlu işi belə görəndə Qıratı cövlana gətirdi, dedi:
Qıratım kişnəyib girər,
Atılar meydan başına.
Qılınc çəkib dəlilərim,
Od ələr düşman başına.
Yaxşı ər yaxşı at minər,
Ortada göstərər hünər,
Atılanda nizə, şeşpər,
Qaldırar qalxan başına.
Gər girişsəm çalhaçala,
Quş gərəkdi, qanad sala,
Çəkib uçurdaram qala,
Bəy, paşa, sultan başına.
Dava günündə Eyvaz xan
Yüz yağıya verməz aman,
Dolanıb olasan qurban,
Bir elə oğlan başına.
İgiddə olar namus, ar,
Dar gündə görər gücü kar.
Koroğlu, dəlilər, Nigar,
Yığılar dövran başına.
Hasan paşa gördü iş şuluqdu. Belə getsə buradan bir nəfər adam
qurtara bilməyəcək. Odu ki, hərci badabad deyib atın başını döndərdi,
bir dəstə qoşunla Koroğluya hücum elədi. Koroğlu Misri qılıncı çəkib
onları qabaqladı. De bir sağa vurdu, bir sola vurdu, qoşunun ağzını
sındırıb qaçağa saldı. Üzün dəlilərə tutub dedi:
Xotkar üstümüzə qoşun göndərdi,
Qırın, dəlilərim, eyləyək cəngi.
Çıxın qarınca tək dolun hər yandan,
Bilin ölkələrin mənəm firəngi.
Əlli nədi, altmış nədi, yüz nədi?
Daldalarda tənə-tənə söz nədi?
Dərə nədi, təpə nədi, düz nədi?
Mənəm gürbələrin şiri, pələngi!
Yaranandan bu meydanda tək mənəm,
Hər ləkə paşaya boyun əymənəm,
Qəsəm olsun, tər savaşdan dönmənəm,
Axır suda sınar suyun səhəngi!
Koroğlu fərmanı mərdi-mərdana,
Can-dil ilə qılınc vurram düşmana.
Baş əymirəm nə sultana, nə xana,
Mənəm igidlərin yeki-irəngi!
Axır ki, qoşun davam gətirə bilməyib təslim oldu. Koroğlu hay
vurub davanı dayandırdı. Hasan paşanın özünü də əsirlərin qabağına
salıb Çənlibelə gətirdi. Ondan üzün dəlilərə tutub dedi:
– Hanı Dəli Həsən?
Dəli Həsən dəlilərin içindən çıxıb Koroğlunun qabağına gəldi.
Yetişəndə qılıncın çıxardı, iki əllərinin üstündə tutub Koroğlunun
qabağında diz çökdü. Dedi:
– Qoç Koroğlu, hər şeydən qabaq mənim böyük bir taqsırım var.
Gərək ondan keçəsən. Mən sənə xəbər verməmiş bəndərgahları boşaldıb,
dəliləri götürüb getmişdim. Amma onu deyim ki, mən qəsdən
belə eləmişdim. Hasan paşanın qoşun ilə gəlməyini keşikçilər axşamdan
mənə dedilər. Onun qoşunu necə yerbəyer eləməyini, necə pusqu
düzəltdiyini mən görmüşdüm. Qorxdum ki, işi sənə xəbər versəm,
Çənlibelə səs düşə, düşmən işi bilə, fikrini dəyişə. Odu ki, səssizsəmirsiz
dəstəni götürüb gecə ilə onların dalında pusquya girdim.
Koroğlu dedi:
– Afərin. Mən elə belə də fikirləşirdim. Mən indi sənin bu günkü
işinin əvəzini vermək istəyirəm.
Ondan üzün tutdu Hasan paşaya. Dedi:
– Hasan paşa, sən mənim yolumda Mahmud paşanın qızı Dona
xatunu keçəl Həmzəyə verdirdin. Camal paşanın qızı Dünya xanımı da
Bolu bəyə vermək istəyirdin, ancaq ona qismət olmadı. Eşitdiyimə
görə sənin Bulqar xanım adında bir qızın var. Onu gərək Dəli Həsənə
verəsən. Götür bu saat bir namə yaz, göndər, Bulqar xanım gəlsin buraya.
Qorxma, bizdə bir qayda var, hərə öz istədiyinə gedir. Bəyənər
gedər, bəyənməz genə də sənin qızındı. Səninlə birinci şərtim budu.
Hasan paşa dedi:
– De görüm, ikinci şərtin nədi?
Koroğlu dedi:
– Hələ sən naməni yaz, ver, sonra da ikinci şərtimi deyəcəyəm.
Hasan paşa gördü ayrı əlac yoxdu. Kağız götürüb Koroğlunun
dediyi kimi yazdı. Koroğlu naməni alıb qoydu cibinə.
Ondan dedi:
– Hasan paşa, indi qulaq as, ikinci şərtimi deyim. Ancaq əslində
şərt deyil, mənim əhdimdi. İndi yerinə gəlib.
Koroğlu bunu deyib üzünü tutdu Dəli Mehtərə, dedi:
– Ayə, Dəli Mehtər, Qıratla Düratı buraya çək!
Dəli Mehtər o saat Qıratla Düratı çəkdi ortalığa.
Koroğlu dedi:
– Hasan paşa, mənim atam Alı kişi səni kişi bilib, bu iki atı sənə
bağışlamaq istədi. Bu yaxşılığın əvəzində sən bu atların üstündə onun
iki gözlərini çıxartdırdın. Odu ki, bu Çənlibelə gələndən mən əhd
eləmişəm. İndi əhdim yerinə gəlib. Nə qədər ki, ömrün var, Çənlibeldə
qalıb bu iki ata mehtər olacaqsan.
Ustad deyir bir neçə gündən sonra Bulqar xanım Çənlibelə gəldi. Koroğlu onu Dəli Həsənə verib toyunu elədi.
Kitabxana.az · https://kitabxana.az/works/xalq-koroglu-dastani-hasan-pasanin-cenlibele-gelmeyi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ərzurumun bazarına varanda,Məqamda düşmanı atmağın gərək.
Paşa, sənə nişan verim QıratıPaşa, sənə nişan verim Qıratı,Əbrişim ipəkdən yalı gərəkdi.
Sənə deyim qoç igidin nişanınSənə deyim qoç igidin nişanın,Aça yağılarla meydan gərəkdi.
GörmüşəmBu dünyanı ələk-vələk eylədim,Namusu, qeyrəti atan görmüşəm.
Başqa şairlərin şeirləri
Babat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,