Səhifə 3 / 4 · 50%

Aldı Həsən:
Gözəllər çıxıbdı seyrəngahına,
Bənzəyir cənnətə bu bağlar indi.
Mən qurbanam gözəllərin şahına,
Bənzəyir cənnətə bu bağlar indi.

Zərnişan xanım siyah saçından üç tel ayırdı, turuncu məmələri üzərində saz edib götürdü görək cavabında nə dedi:

Yanşaq, dəlisənmi, yoxsa divanə?
Düşmüsən ölümün bazarına sən.
Qov kimi canını salıbsan oda,
Dözməzsən bu eşqin azarına sən.

Aldı Həsən:
Yanşaqların peşəsidi söz demək,
Balı qəndi qatıb şirincə yemək,
Yasaqdımı bu yerləri de, gəzmək?
Dönübdü gülşənə bu bağlar indi.

Aldı Zərnişan xanım:
Yanşaqsan, yamanca, amma dillisən,
Mən bilirəm qərib, uzaq ellisən,
Adın nədi, de hansı məkanlısan?
Düşərsən babamın nəzərinə sən.

Aldı Həsən:
Adım Həsən bəydi, şirin dilliyəm,
Qolu qüvvətliyəm, dəliqanlıyam.
Koroğlu nəsliyəm, Çənlibelliyəm,
Düşüb diyarına güzarım indi.

Aldı Zərnişan xanım:
Bu yerlərin söhbətiyəm, sazıyam,
Yüz qız içrə gözəllərin gözüyəm,
Zərnişanam, Qara paşa qızıyam,
Söylə, niyə gəldin güzarıma sən?

Söz tamama yetdi. Zərnişan xanım dedi:
– Həsən, eşitdiyimə görə Koroğlu yeddi ildə əksimi zorla əldə edib. İnşallah, indi də yeddi il sənin yasını tutar. Xotkar qızı əlinə xına
qoymaq əvəzinə başına qara bağlar. Cavansan, canına yazığın gəlsin.
Nə qədər ki, qanın Qara paşanın əlində qəltan olmayıb, sürük əppəyini götürüb burdan get. Zərnişan xanım bu sözlərinən Həsəni imtahan edirdi, görsün ona yar şirindi, yoxsa can.
Həsən baxdı ki, Zərnişan xanım onu hərbə-zorbası ilə imtahana çəkir. Odu ki, özünün igidliyini ona isnad verərək dedi:

Mərd oğulun nişanəsi
Qanında gərək igidin.
Çəkməyə özgədən minnət,
Canında gərək igidin.

Bir igidin olsa sanı,
Vurar qılınc, tökər qanı,
Gürzü, nizəsi, qalxanı,
Qolunda gərək igidin.

İgid odu ola gücü,
Ala qalaları, bürcü,
Ovxarlı Misri qılıncı,
Belində gərək igidin.

Koroğlunun balasıyam,
Hər sözünü qanasıyam,
Dediyini danasıyam,
Sözü düz gərək igidin.

Mən Həsənəm, Qurdoğluyam,
Düşmənimə dərd oğluyam,
Nəsilcən, bil, Koroğluyam,
Arxası gərək igidin.

Söz tamama yetdi.
Həsən baxdı ki, Zərnişan xanımın dili dediyini ürəyi demir. Özözünə dedi: Koroğlu demiş, gəl sən bunun uşaqlığını, cavanlığnı, qocalığını yadına sal, bəlkə ürəyi yumşala.

Aldı Həsən:
Üç yaşından beş yaşına varanda,
Yenicə açılmış gülə bənzərsən.
Beş yaşından on yaşına varanda,
Arıdan saçılmış bala bənzərsən.

Zərnişan xanım özünü saxlaya bilmədi, şaqqanaq çəkdi. Dedi:
– Əyə, gavur oğlu yanşaq. Cümlə gündoğandan günbatan buğa
boynu buran, igid pəhləvanlar qolunu qıran ərənlər mənim dərdimdən
ölür. Sən də başlamısan mənə üç yaşından, beş yaşından oxumağa.
Həsən baxdı ki, mətləbi Zərnişan xanıma çatmadı. Dedi:
– Xanım, sazı, sözü dinlərlər. İlk kəlmədən adama gülməzlər.
Hələ gör ustad sonrakı halına nə deyir.

Aldı Həsən:
On dördündə sevda yenər başına,
On beşində cavan girər duşuna,
Çünki yetdin iyirmi dörd yaşına,
Boz-bulanıq axan selə bənzərsən.

Otuzunda kəklik kimi səkərsən,
İgidlik eyləyib qanlar tökərsən,
Qırxında əl haramından çəkərsən,
Sonası ovlanmış gölə bənzərsən.

Əllisində əlif qəddin çəkilər,
Altımışında ön dişlərin tökülər,
Yetmişində qəddin, belin bükülər,
Karvanı kəsilmiş yola bənzərsən.

Səksənində sinir yenər dizinə,
Doxsanında qübar qonar gözünə,
Koroğlu der, çünki yetdin yüzünə,
Uca dağ başında kola bənzərsən.

Söz tamama yetdi. Həsən baxıb gördü ki, dayə ilə Zərnişan xanım
bir-birini elə qucaqlayıblar ki, illər-aylar həsrətlisi kimi. Dəm veriblər
göz yaşına. Anladı ki, söz yerinə düşdü. Dedi:
– Zərnişan xanım, mən qoç Koroğluya söz vermişəm. Öldü var,
döndü yox, vaxt daralır. Sən tədbirini de.
Zərnişan gördü Həsən sözündə bütövdü. Hədə-qorxu yeri deyil.
Dedi:
– İndi vaxtdı, ayrılmalıyıq. Axşam üstü dayəm dalınca gələcək.
Mehtərbaşı Abdurrahman atamın Aşqardor atının töyləsini yaxşı tanıyır.
Atın töylədən çıxarılmasına o tədbir tökər.
Həsən Zərnişan xanımla, dayə ilə halal-hümmət eləyib Bülbüllü
bağdakı pünhan yerinə çəkildi. Bir azdan bağ boşaldı. Həsən özünü
verdi mehtərbaşının evinə.
Mehtərbaşı dedi:
– Oğul, Həsən. Necə gəldin, oğlansan, ya qız?
Həsən dedi:
– Abdurrahman əmi, oğlanam.
Sonra da o başına gələnlərin hamısını mehtərbaşıya nağıl elədi.
Axşama hazırlıq görüldü. Dayə Həsənə dedi ki, götür çarşovu,
Zərnişan xanım bizi sarayda gözləyir.
Şenlik şirin yuxuda ikən tədarük görüldü. Zərnişan da Həsən kimi
altdan geyinib, üstdən, üstdən geyinib altdan qıfıllandı, yaraqlandı,
yasaqlandı.
Mehtərbaşı Abdurrahman da qala qapısının ağzında Ərəbatla Həsəni
gözləyirdi. Həsən mehtərbaşının dediyi kimi Zərnişanı götürüb Aşqardorun
tövləsinə yön aldı. Tövləbaşıya bir kisə qızıl verib dedi:
– Tövləbaşı, al bu axçaları, yeddi arxdan dolananına belə bəsdi. Atı
tövlədən çıxarana kimi dinmə, danışma.
Tövləbaşı tez kisəni qoynunda gizlətdi. Həsən tövləyə girəndə istədi
ağzını açıb qışqırsın. Zərnişan xanım ley kimi onun başının üstünü kəsdi.
Əlindəki qamçının dəstəyi ilə kişinin başına elə vurdu ki, yazıq meyid
kimi yerə sərildi. Həsən Aşqardoru tövlədən çıxaranda gördü ki, tövləbaşı
yerə sərilib. Zərnişan xanımın üzünə baxdı. Zərnişan xanım dedi:
– Belə yaxşıdı, səs-küydən uzaq olarıq.
Həsən Aşqardorun belinə qalxan kimi Zərnişan xanımı tərkinə
aldı. Atı qala qapısına tərəf sürmək istədikdə tövləbaşı qışqırdı:
– Qaravul, qaravul...
Səs-küy yayıldı. Qaravullar hər yerdə bəndi bərəni kəsdilər.
Zərnişan xanım dedi:
– Həsən, işlər şuluxdu. Əlac Aşqardora qalıb. Ata bir qamçı çək.
Həsən Aşqardora elə bir qamçı çəkdi ki, at yay kimi dartılıb qala
qapısının üstündən aşırıldı. Qapı açılıb qoşun çıxanacan mehtərbaşı
Ərəbatın üzəngisini basdı. Həsən qırğı kimi Ərəbatın yəhərinin qaşında
oturdu. Qoşun Həsənlə Zərnişan xanımın dalınca at saldı. Həsən dedi:
– Zərnişan xanım, deyəsən qoşun bizdən əl çəkməyəcək. Bir də
ki, Çənlibeldə dəlilər elə bilər ki, mən oğurluq edib səni qaçırmışam.
Sən bir az gözlə, mən qoşunla haqq-hesabı çürüdüm.
Zərnişan xanım dedi:
– Sən Qara paşanı tanımırsan. Onun qoşununun sayı, hesabı yoxdu.
Sən tək, onlar çox. Sür, yolçu yolunda gərək.
Həsən dedi:
– Yox, Zərnişan xanım! Bəs eşitməmisən:

Arif olan söz qana,
Söz anlaya, söz qana,
Yüz min tülkü yığılsa,
Neyləyər bir aslana?

Bu sözləri deyəndən sonra Həsən Ərəbatın başını qanırdı. Özünü qoşuna vurdu. Sağdan vurub soldan, soldan vurub sağdan çıxdı. Qoşunu qatdam-qatdam etdi. İşi belə görən Qara paşa meydana at sürdü.

Aldı Qara paşa:
Sənə deyim, əcəm oğlu,
Oğlan, qaytar Aşqardoru.
Qoşun verər sənə yolu,
Oğlan qaytar Aşqardoru.

Aldı Həsən:
Sənə deyim, Qara paşa,
Paşa, verməm Aşqardoru.
Qoşun versə mənə yolu,
Paşa, verməm Aşqardoru.

Aldı Qara paşa:
İgid tutmaz uşaq işin,
Tutub kəsdirərəm başın,
Qurd-quşa yem olar leşin,
Oğlan, qaytar Aşqardoru.

Aldı Həsən:
Aşqardoru gətirmişəm,
Mən mətləbi bitirmişəm.
Zərnişanı götürmüşəm,
Paşa, verməm Aşqardoru.

Qara paşa gördü ki, bu pəhləvanı sözlə başa salmaq çətindi. Fikirləşdi ki, gəl yenilməz pəhləvan Poladı isnad ver. Bəlkə qorxub Aşqardoru, Zərnişan xanımı qaytara.

Aldı Qara paşa:
Əmr versəm Polad gələr,
Anan, bacın ağlar qalar,
Qara paşa bağrın dələr,
Oğlan, qaytar Aşqardoru.

Aldı Həsən:
Hər hadyana baxmaz Həsən,
Poladsan, paşasan, nəsən?
Min iyidə tək mən bəsəm,
Paşa verməm Aşqardoru.

Söz tamama yetdi. Meydan yenidən qızışdı. Bir tərəfdən Həsənlə
Ərəbat, o biri tərəfdən də Zərnişan xanım yenidən özlərini qoşuna
təpdilər. Qara paşa gördü ki, qoşunun başı bostan kəliyi kimi yerlə
yeksan olur.
Paşa əmr verdi ox atanlara:
– Necə olursa-olsun, əcəm oğlunu yaralı tutmalı, Zərnişanla Aşqardoru
oxdan gözləməli.
İşi belə görəndə Həsən dedi:
– Zərnişan xanım, ox atanlar namərd olar. Kişilik qeyrəti çatıb
əlbəyaxa döyüşə girməzlər. Dəmirçioğlu deyərdi ki, belə hallarda ox
məsafəsindən uzaqlaşmalı, düşməni çəkiyə çəkməli. Mən qoşunun
sağ cinahını yaracağam. Orada cinahı saxlayan sənin qardaşlarındı.
Allah ya onlara verər, ya da mənə. Aşqardoru Ərəbatın dalınca sür.
Həsən qoşunun sağ cinahını yarıb Zərnişanın altı qardaşını qanına
qəltan elədi. Qoşunun qomarğasından yenicə çıxmışdılar ki, haçabaş
ox Həsənin kürəyindən dəyib döşünün altından çıxdı. Zərnişan Aşqardoru
Ərəbata yanladı, Aşqardora acı bir qamçı çəkdi. Atlar bir göz qırpımında
yel kimi uçdular. Zərnişangil sıldırımlı bir dağ ətəyinə gəlib
çıxdılar. Zərnişan ətrafı axtardı. Böyük bir kaha tapdı. Atları kahaya
sürdü. Həsəni uvuqla atdan endirdi. Haçabaş oxun uc hissəsini qılıncla
kəsib, sümbəsini kürəyindən dartıb çıxartdı. Həsən od tutub yanırdı.
Qan çox itirmişdi. Zərnişan yasəmən saçını yaranın üstünə basıb
Həsənin başını dizinin üstünə qoydu. Həsənin bu halına dözməyən
Zərnişan yanıqlı bir bayatı çəkdi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri