Verdi salamını müdriklər kimi,Önümdə bir aqil qoca dayandı.Sandım ki Tanrıdı qarşımda duran,Qalxdı, ucalardan uca dayandı.

“Eşitdim Heydərdən kitab yazırsan,Gəldim əllərini sıxmağa, oğul.Dizində güc gərək, qəlbində təpər,O qarlı zirvəni çıxmağa, oğul.

Gəril kaman kimi, dartıl yay kimi,Bir düşün, əsəri kimdən yazırsan.Dövlətin dayağı, millətin ruhu,Ən sağlam özüldən, himdən yazırsan.

Gör sənə nə qədər güc verib Allah,Sən də öz gücünü bu əsərə ver.Onun havasına, onun eşqinə,Səsini ən odlu nəğmələrə ver.

Sənə bu kitabı bir göndərən var,Dincəlmə, yuxlama, uyuma, oğul.Qələmdən od yağsın, varaqdan atəş,Soyuma, soyuma, soyuma, oğul.

Tərəzi deyilən elin gözüdü,Səni də çəkəcək, kitabını da.Ürəkdənmi gəlir, dodaqdanmı söz, —Çox dürüst verəcək cavabını da.

Rəssamın silahı rəngdi, fırçadı,Memarın sərvəti qayadı, daşdı.Sözdən elə yarat o heykəli sən,Desinlər ən böyük heykəltəraşdıl”.

Sıxdı əllərimi o müdrik qoca,Köklədi qəlbimi, çəkdi tarıma.Əlindən od aldım, gözündən işıq,Axdı qüdrət kimi damarlarıma.

Onun könül açan ürək sözləri,Döndü qanadlara, döndü qollara.Dahi bir insandan yazmaq eşqinəAllahı çağırıb çıxdım yollara.

Bu şərəfli yolda, çətin səfərdəÇırpındım ən şirin diləklər ilə.Yerdə insanlarla ülfət bağladım,Göydə pıçıldaşdım mələklər ilə.

İnsan köküm oldu, mələk budağım,Kökdən qanadlandım budağa doğru.Çəkdi yaratdığım bu dastan məniVətənə, millətə, torpağa doğru.

Axdı qələmimdən odlu sətirlər,Yollarda işığım, çırağım oldu.Dərələr dəftərim, qayalar masam,Düzlər qalaq-qalaq varağım oldu.

Dilində səslənən hər müqəddəs adDilimdə sərvətdi, damağımda dad.Ey böyük sərkərdə, ey böyük ustad,Hər sətrin səngərim, yarağım oldu.

Eşqim, məhəbbətim, gücüm, qeyrətim,Baxışım, marağım, sevgim, heyrətim,Zəvvarı azalmaz bir ziyarətim,Səcdəgah deyilən torpağım oldu.

Sevgin paylananda durmadım geri,Öpdüm gül qarışıq sən yatan yeri.Çiynimdə göylərə qaldırdım Yeri,Əqidən sarsılmaz dayağım oldu.

Gəldi dostluq günü, gəldi dost anı,Qoymadım qılıncım qında paslanı.Adına yazdığım “Heydər dastanı”Başımın üstündə bayrağım oldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri