Yerdən göyə İlahidən razıyam,Özüm üçün yaşamadım, çox şükür.Kimə bəxtəm, kimə qismət, yazıyam,Özüm üçün yaşamadım, çox şükür.

Qaş-qabağım qara bulud görmədi,Qəlbim zülmət, könlüm sükut görmədi.Evim qıfıl, qapım kilid görmədi,Özüm üçün yaşamadım, çox şükür.

Elim-günüm elli-günlü-nəsilli,Səs arxalı, səs obalı, səs elli.Bir ömürdən bircə budur təsəlli,Özüm üçün yaşamadım, çox şükür.

Ömrü boyu şər uduzan, haqq udan,Çox dedilər haqqı unut, haqqı dan.Bəndəlikdən yol yeridim haqqatan,Özüm üçün yaşamadım, çox şükür.

Ömür yolu öz məsləkim, öz andım,El dərdini sözə tutan ozandım.Rahat ölmək xoşbəxtliyi qazandım,Özüm üçün yaşamadım, çox şükür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq