Dəniz dəli, çay havalı, su qanlı,Üzmək olmur, üzmək olmur, əzizim.Ürəklərin gör nə qədər dərdi var,İpə-sapa düzmək olmur, əzizim.

Dağdan yağır, daşdan yağır suallar,Yağış kimi başdan yağır suallar.Gözdən axan yaşdan yağır suallar,Nəfəs alıb gəzmək olmur, əzizim.

Kimi dağdan, kimi damdan yıxllır,Başımızın üstündədi qorxular.Baş-ayaqdı, qat-qarışdı yuxular,Yozmaq olmur, yozmaq olmur, əzizim.

Nə dərd olsa, bizə salır mehrini,Biz çəkirik yerin-göyün qəhrini.Yazan yazıb, elə basıb möhrünü,Bir sətrini pozmaq olmur, əzizim.

Sünbül nədi, dəndən yaxşı bilirəm,Dağ nə çəkir, səndən yaxşı bilirəm,Sən biləni səndən yaxşı bilirəm,Yazmaq olmur, yazmaq olmur, əzizim.

2005, iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar