Sizin səsiniz
İki ay dalbadal günlər ötüşdü,Qapımı əlimlə açdım, bağladım.Hər dəfə səsiniz yadıma düşdü,Kandarda bir qədər ayaq saxladım.
Gözümdə intizar, əlimdə açar,Yenə də qapımın zəngini basdım.İnsanın qəribə adətləri var,Kimsəsiz mənzilə qulaq da asdım.
Dedim səsinizi eşidim barı,Yenə gülüş görüm dodağınızda.Amma məyus-məyus burdum açarı,Səsiniz gəlmədi bircə ağız da.
İsti yay günündə qurudu tərim,Otaq bumbuz oldu, sandım ki, qışdır.İlk dəfə görmədi sizi gözlərim,Ürəyim heç belə sıxılmamışdı.
Hanı əvvəlki səs, hanı qalmaqal,Hanı uşaqların bəs harayları?Sandım, divarlar da lal kəsilib, lal,Dedim, qurtaraydı bu yay ayları!
Gəldim rahatlanım, uzanım bir az,Yumdum gözlərimi, yuxum gəlmədi.Düşündüm, heç belə sakitlik olmaz,Amma ki, ürəyim bir dincəlmədi.
Durdum şer yazım tək otaqda mən,(Hər zaman səs-küydən gileylənərdim)Gördüm şairlik də gəlmir əlimdən,İnanın, desəm ki, çoxaldı dərdim.
Siz məndən uzaqda iki ay tamam,Yeriniz yamyaşıl yaylaqlar oldu.Gözümdə intizar, yaman darıxdım,Sizsiz gen otaqlar mənə dar oldu.
Qayıdıb gəldiniz, balalar, geri,Ürəyim qayıdıb yerinə düşdü.Siz doğma evimdən gedəndən bəri,Dedim aylar deyil, illər ötüşdü.
Oxuyun, şadlanın, danışın, gülün,Heç əskik olmasın səsiniz evdən.Sizin səsinizlə keçən hər günüSakit yüz ilə də dəyişmərəm mən!
Xoş gəlib yaylaqdan bütün uşaqlar,Öz Əlim, İlqarım, Gülərim mənim!Qəlbimdə çox şirin bir diləyim var.Heç sizsiz olmasın günlərim mənim!
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-cabbarzade-sizin-sesiniz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Candan keçmişux!Dilbəra! Mümkün deyil gülşəndə gül bixar ola,Bülbül aşiqdir, gərək eşq əhlinə azar ola!
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,