Page 4 of 8 · 38%

Nemət timsah ağzı kimi aralanmış ayaqqabılarında artıq gəzə bilmirdi. Özünə təzə çəkmə aldı, paltoya pulu çatmadı. “Eybi yoxdur, pencək müəllim bu qışı da bizi birtəhər yola verər” – deyə düşündü.

Bir gün Sürəyyagildən gedəndə Sürəyya ona qəzetə bükülü iri bir bağlama uzatdı. “Evdə açarsan” – dedi. Nemətin səbri çatmadı, elə pilləkəndə açdı. Dərhal geri qayıtdı. “Bu nədir? – dedi. – Mən sizdən inciyərəm. Eyib deyilmi?”. O, doğrudan pərt olmuşdu.

Uzun mübahisələrdən, xeyli çənə-boğaz olandan sonra Sürəyya onu razı saldı. Nemət evə təzə paltoda getdi. Evdə gördü ki, karıxdığından paltonun mağaza kağızını da çıxartmayıb, bütün yolu belə gəlib.

Qış günlərindən birində qızlarla məşğul olub, evinə gedirdi. Sürəyya:

– Otur bizimlə nahar eləyək, – dedi. – Yarpaq dolması bişirmişəm.

Nahardan sonra “ləzgi qonağı” kimi dərhal durub qaçmaq olmazdı. Oturub Sürəyyayla söhbət etməyə başladılar. Qızlar öz otaqlarına gedib yatdılar.

Nemət özü haqqında danışmağı sevməzdi. Bəlkə də bacarmırdı. Amma indi qəribə bir həvəslə Sürəyyanın suallarına müfəssəl, yerliyataqlı cavablar verirdi.

Əvvəl söhbət atasından düşdü. “Yadıma gəlmir, – dedi. – Lap duman içində xatırlayıram ki, boyu çox uca idi. Ya bəlkə o vaxt mənə elə gəlirdi. Axı onu aparanda beş yaşım vardı..”

“Bəli, düzdür. Zakfederasiya vaxtı narkom olub, axır illərinə qədər böyük vəzifələrdə işləyib, 35-ci ildə Samuxda ispalkom işləyib. Anam danışardı, deyir, camaat onun başına and içirdi, evlər tikdirmişdi, yol saldırmışdı. Evindən aparmağa qorxublar. Bakıya çağırıb burda tutublar”.

“Hə, otuz səkkizinci ildə Bakıya köçdük. Camaat qoymurmuş, anama deyiblər ki, sən arxayın ol, səni də saxlayacayıq, uşağınızı da böyüdəcəyik. Amma anam razı olmayıb. Köçüb Bakıya. Dayım Bakıda imiş. Elə mən indi olduğum həmin bu evi də dayım tapıb. Hə, balacadır, çox balacadır, amma daha neyləyəydik. Hələ, siz onu deyirsiniz... bura təzə köçəndə qonşularımız bilirmiş ki, atamı aparıblar. Anam, rəhmətlik, deyirdi ki, adamın Allahı var, insafən üzümüzə vurmurdular, amma öz aralarında danışırlarmış. Qonşumuzun bir oğlu vardı. Elə mənimlə yaşıd idi, beş-altı yaşında olardıq o vaxt. Həmişə çıxıb bizim damımızda oynayır, atılıb düşürdü. Anam danışırdı ki, çıxıb deyirəm: ay bala, orda atılıb düşmə, qırı xarab eləyirsən, yağış yağanda bütün su evimizin içində olur. Uşaq nə desə yaxşıdır? “Çox danışma, siz qraq narodsuz”. O vaxtdan anam həmişə acı-acı gülüb: neyləyək, a bala, qraq naroduq da, – deyərdi.

– İnişil anam ağır xəstə yatanda... hə, vərəmdən öldü. Üstəlik yel xəstəliyi də vardı, hə, anam inişil xəstə yatanda o uşağın atası bizə dəyməyə gəlmişdi. Anamdan çıxmayan iş, danışdı bu əhvalatı. Kişi qıpqırmızı qızardı. “Bəs o vaxt mənə niyə xəbər eləməmişsiniz, – dedi, – öz damıma qır saldıranda sizin damınıza da saldırardım”. Eh, nə isə...

Sonra Sürəyya danışmağa başladı.

Nemət indiyəcən heç bilmirdi ki, Əsədlə Sürəyya həm də Sürəyyanın anası tərəfdən yaxın qohum imişlər: dayıoğlu, bibiqızı.

Əsəd də Nemət kimi uşaq yaşından yetim qalıb. Onu Sürəyyanın atası Fəttah kişi böyüdüb, Kiyevdə oxutdurub. Rəhmətə getməmişdən bir az qabaq Əsədi yanına çağırıb, deyib bax, bu üç qızımı sənə tapşırıram. Aralığa müharibə düşüb. Müharibədə Əsəd cərrah kimi yaman ad çıxarıb. Cəbhədə, deyir, qiyamət eləyirmiş. Ölüləri dirildirmiş. Təcrübəsi çox olub. Özü deyirdi ki, elə bil on akademiya qurtarıb gəldim. Gələndən üç il sonra professor olub.

Fəttah kişinin külfəti müharibə vaxtı çox qıtlıq görübsə də, Əsəd qayıdandan bəri bir şeydən korluq çəkməyib. Sürəyyanın böyük bacısı Alyanı Əsədin cəbhə dostu Murtuz adında bir polkovnik alıb.

– Tahirə, ortancıl bacım institutdan bir oğlanla gəzirdi, həmin bu Cabbarla, bir qrupda oxuyublar, elə ona da getdi.

...Bir gün də görürəm anam məni çağırıb deyir, bala, bacıların getdi, səninçün də yol açıldı, bəs, səni Əsəd istəyir.

On doqquz yaşım vardı. APİ-də oxuyurdum. Sonra ki, Karmen oldu, institutdan çıxmalı oldum. Əsəd elə hey deyirdi ki, heç olmasa qiyabi oxu qurtar. Amma hardan? Cilda oldu. Başım elə qarışmadı ki... oxumaq yadıma düşsün. Eh, nə bilim, vallah!

Söhbətləri çox uzandı. Nemət birdən saata baxdı və ürəyi tupp elədi: birin yarısı idi. Heç vaxt bu evdə belə gec qalmamışdı. Ayağa durmaq istəyəndə birdən gözləri Sürəyyanın gözlərinə sataşdı. Necə olub bayaqdan bəri bunu görməyib? Sürəyyanın gözləri dolmuşdu. Yanaqlarına iki gilə yaş axmışdı. Nemət lap özünü itirdi. Nə etməyi, hansı sözlərlə ovutmağı, təsəlli verməyi bilmirdi. Karıxıb qalmışdı. Sürəyya onun bu təlaşını gördü, baftalı kiçik dəsmalını çıxarıb göz yaşlarını sildi, gülümsəməyə çalışaraq:

– Eybi yoxdur, – dedi, – mənə fikir vermə, keçər.

Susdu və qəfilcən Nemətin heç gözləmədiyi sözləri əlavə etdi:

– Allah mənə bir oğul vermədi.

Nemət bu sözlərdə nə isə bayaqkı qəmli söhbətə bənzəməyən başqa bir həyəcan duydu, sövq-təbii bir hisslə bu həyəcanın xalını, çalarını anladı və özü də həyəcanlandı.

Elə həmin andaca Sürəyya alayavaş səslə:

– Elə istərdim ki, oğlum olsun, – dedi, – özü də heç olmasa bir az sənə oxşasın.

Nemətin ürəyi şiddətlə döyünməyə başladı. Qızardığını hiss etdi və bunu hiss etdiyindən, qızarmamağa cəhd göstərdiyindən və bacarmadığından daha da pörtdü.

Sürəyya onun üzünə baxırdı, əvvəl iki yanağından çıxan iki “qırmızı turpu”, sonra bütün sifətini bürüyən rəngi görür və Nemətin halını başa düşürdü. O, mehriban və bir qədər şıltaq təbəssümlə əlini Nemətin saçlarına çəkdi. Həmin dəqiqədəcə Nemət əsəbi və kəskin hərəkətlə Sürəyyanın əlini qapıb cod öpüşlərlə aramsız öpməyə başladı. Abajur çayın rəngi kimi dibə çökdü. Tavan uzaqlaşdı, qaraldı, itdi. Bir an Nemət məkan hissini itirdi, ancaq bir fikir beynində titrəyib duruldu ki, Sürəyya əlini çəkmir. Və qəfil qərarla Nemət illərdən, aylardan bəri rütubətli daxmasında boğduğu çılğınlıqla Sürəyyanı qolları arasına aldı, bağrına basdı və tez-tez öpməyə başladı. Dodaqlarını axtardı. Sürəyyanın çovuyan, itən dodaqlarını axtardı, tapa bilmədi, göz qapaqlarından, alnından, çənəsindən, boynundan öpdü.

Nemətin iyirmi üç yaşı vardı və həyatında ilk dəfə barmaqlarında, dodaqlarında bəyaz qadın dərisinin hamarlığını duyurdu...

– İcazə verin.

Nemət başını qaldırıb ona tərəf əyilmiş kişini gördü. Siqareti damağından götürüb kişiyə uzatdı. Kişi siqareti papirosuna dirəyib sümürdü, yandırdı, “təşəkkür” deyib getdi, bağın içindən çıxdı, uzaqlaşdı.

Bir aydan sonra evləndilər. Sürəyya nə məharət işlətmişdisə, o gündən bəri Karmen də, Cilda da Neməti “ata” bilirdilər. Nemət də onları doğma övladı sayırdı.

57-ci ildə Sürəyyanın Nemətdən bir qızı da oldu. Sürəyyanın anası Bikə xala qızı Nemətə gedəndən bəri bir il idi onlarla küsü saxlayırdı. Sürəyyanın Nemətə getməsiylə heç cür barışa bilmirdi. “Ay virananın övladı, bizi el içində xar etdin. O cür kişinin arvadı, yaraşar ki, ərinin meyiti soyumamış belə dılğırın, uşaq-muşağın birinə getsin?! Əvvəl, səndən neçə yaş balacadır. Sonra lüt-üryanın biridir, o necə ailə saxlayacaq, özüvü, o böyründəki tifilləri necə dolandıracaq?” Bikə xala çox dedi, Sürəyya az eşitdi. Bikə xala da axırda qızının daşını atdı. Bir il qapısını açmadı.

Uşaq olandan sonra naəlac qalıb barışdı. Doğum evinə qızını görməyə gəldi. Nemətin də üzündən öpüb: “Qismət belə imiş, Allaha qurban olum, – dedi, – olacağa nə çarə! Yazılana pozu yoxdur!”

Sonra Nemətlə evə gəldi, biş-düş elədi. Karmenlə Cildanın palpaltarını yudu. “Bizim soyumuz belədir, – dedi, – oğlan doğmuruq. İki bacı biz idik. Mənim üç qızım var. İndi Sürəyyanın da üçüncü qızı oldu”.

(İki aydan sonra Bikə xalanı birtəhər dilə gətirdilər. Evini satıb tamam Sürəyyagilə köçdü. Sürəyyaya kömək oldu. Yoxsa yazığın lap kələyi kəsilmişdi.)

Ata-ananın birgə istəyilə qızın adını Nərgiz qoydular. Yalnız metrikada adı yazdırıb evə qayıdarkən yolda Nemətin ağlına gəldi ki, yaxşı, axı “Nərgiz” də opera var. Deməli, qeyri-ixtiyari yazıq Əsəd kişinin ənənəsini davam etdiriblər. Amma Sürəyyaya bu barədə heç nə demədi.

Yenə də dayanaq tərəfdən ləhləyib yoxuşu çıxan avtobusun səsi eşidildi. Nemət nömrəsinə baxdı, durub dayanağa tərəf addımladı.

Adam seyrək idi. Pəncərənin yanında oturdu. Nemətin ardınca avtobusa qalxan çadralı qarı keçib onun qabağında əyləşdi.

Qarşıdan gələn trolleybusun “buynuzları” havada telindən çıxdı, yana əyildi. Sürücü yerə düşüb kəndiri çəkməyə başladı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets