Page 7 of 8 · 75%

– Aa, nə olar, lap yaxşı, deməli, sabah üçdə.

Nemət otaqlarına girib papağını götürdü,

– Mənim bir balaca işim var gedirəm. Xudahafiz.

Pilləkənlə düşəndə kimsə qəfilcən onun qolundan yapışdı. Nemət diksinib dayandı. Məmməd Nəsir idi.

– Ay səni xoş gördük.

– Salam, salam, Məmməd Nəsir.

Otuz beş il bundan qabaq Dadaş, Səfdər, Məmməd Nəsir bu idarəyə bir vaxtda işə giriblər. İdarədə yaşından asılı olmayaraq hamı Dadaşa Dadaş müəllim, Səfdərə Səfdər dayı deyərdi. Məmməd Nəsiri isə cavan da, qoca da, uşaq da, böyük də adıyla çağırırdı. Bu üçündən başqa bütün ayrı işçilər idarəyə çox-çox sonralar gəlib. Otuz beş il bundan qabaqkı idarə folklorunu:

“Ay Dadaş, başına daş,
Tərpənmə belə yavaş” –

misralarını da orta və gənc nəslə elə Məmməd Nəsir çatdırıb. İndi də Nemətin qulağına əyilib: “Yenə onun şöbəsindəsən?” – deyə xəbər aldı və simayi-şəms üstündə xısın-xısın oxudu:

Ay Dadaş, başına daş...

Nemət bildi ki, yenə dəmdir. Məmməd Nəsirin həyatda iki ehtirası vardı: nərd atmaq və vurmaq. İçəndə başqa aləm idi.

Məmməd Nəsir beli bükülmüş, saçları seyrəkləşmiş ortaboylu arğaz bir kişi idi. Qəribə yazıq təbəssümü vardı. Elə bil icazəylə gülümsünürdü. Həm də böyük məşəqqətlə gülümsəməyə icazə almışdı. Elə bil yerimək, oturmaq, yaşamaq icazəsini də böyük çətinlik və yalvar-yaxardan sonra almışdı. Həm də müvəqqəti almışdı.

Köynəyinin yaxası həmişə çirkdən qartmaq bağlayırdı. Ayıq vaxtlarında savadlı korrektor idi. Bütün aldığını içkiyə verirdi. Arvaddan, oğul-uşaqdan da heç kəsi yox idi. Özü deyərdi ki, bir həsirəm, bir də Məmməd Nəsir.

Onu idarədə Dadaş saxlatdırırdı. Dadaş olmasaydı, yəqin, içməyin ucbatından çoxdan qovulmuşdu. Bir vaxtlar, 30-35 il bundan qabaq bərk dost imişlər. Can bir qəlb. İndi bu dostluqdan əsər-əlamət qalmamışdı. Amma hər halda Dadaş həmişə onu müdafiə edirdi: “İşiniz yoxdur, dəyməyin, yola verin getsin, bədbəxt adamdır”.

Məmməd Nəsirdən ucuz şirin çaxır iyi gəlirdi.

– Ömər Xəyyam deyir ki:

Bər xaki fikəndi meyi qulqun məra
Xakəm bədəhən məgər to məsti rəbbi!

Yəni mən içmişəm, ay fələk, sən nöş piyansan? Farsların yaxşı bir sözü var: rus demişkən, aslan yest aslan. Bir həsirəm, bir Məmməd Nəsir. Bir gün mənəm, Hüseyn Sərrafdır, bir də Səlim Şeyda vardı, şair-qəzəlxan idi, şair deyirəm e sənə, indikilərdən yox, əsil şair, görürsən, dayanıb səninlə danışır, birdən susur, gedir özünə, fikirləşir, bəli, bir az keçir, bir qəzəl! Nədi, təbi gəlib, elə bil ağzından dürr tökür.

Bülbülü Şeydanın halın sorma nasehdən, fəqir,
Hər tikəndə qanı vardır, könlünü güldən soruş.

Hə, onu deyirəm axı, həmin bu Səlim Şeydadır, mənəm, bir də Sərraf, mömin kişilərdən biri idi. Gündüz mollalıq edirdi, axşamlar Əsli Kərəm oxuyurdu. Hə, üçümüzük – Məmməd Nəsir əlini boğazına çəkdi, – bax bura qədər içmişik, nuş olmuşuq. Amma indi gərək paxmellənək. Di gəl bir qara qəpik pulumuz qalmayıb. Bir də gördük Sisyanov küçəsiylə Bandelninin tinindən Əhməd Fani gəlir. Getdik tutduq onu, dedik bəs Mirzə, sən bilirsən ki, biz sənin dostunuq. Dedi, bəli, bilirəm. Niyə də bilməyim, axı? Dedim: bəs bilirsən ki, biz ölmüşük. Dedi: xeyr. Bunu bilmirdim, çünki bu gün hələ qəzetlərə baxmamışam. Yəqin, nekroloqdan-zaddan çıxmamış olmaz. Dedim: bəs, qəzeti görsən inanarsan? Dedi: bəli, inanaram. Dedim: Hüseyn Sərraf, cum bir qəzet al. Dedi: köhnəsini, təzəsini? Dedim: hansından tapsan. Bəli, aldı gətirdi. Dedim sər bura. Sərdi Əhməd Faninin ayağının altına. Dedim: bəs, Mirzə, üçümüz burda uzanıb qalsaq, inanarsan ki, ölmüşük? Dedi: bəli, indi inandım. Çıxartdı bir qızıl Nikolay onluğu verdi. Onluq deyirəm sənə, onluq, qızıl onluq... Bəli, getdik, bir həftə kefin istəyən içdik. Bir-birimizi səhər tapdıq, axşam itirdik. İndi pulumuz qurtarıb, gərək paxmel olaq. Neyləyək? Üçümüzük. Mənəm, Səlim Şeydadır, bir də Hüseyn Sərraf. Gedirik Tarqovıynan...

Nemət gördü ki, canını asanlıqla qurtaran deyil.

– Məmməd Nəsir, – dedi, – de görüm Krasnovodska haçan gedirik e?

Məmməd Nəsir bir an söhbətinə ara verdi. Nemətin sözlərini dərk etmək istədi. Döyükdü. Sonra birdən başa düşdü.

– Krasnovodska? Hə, hə, bildim. Haçan istəyirsən. Sənin könlün haçan istəsə, Məmməd Nəsir qulluğunda hazır.

Nemət bura təzə işə girəndə bir gün Məmməd Nəsir onu tutdu ki, gəl minək gəmiyə gedək Krasnovodska.

Nemət təəccübləndi.

– Krasnovodskda nə var?

– Heç nə. Elə-belə. İndi şənbədir. Minək gəmiyə gedək. Çaxır götürək, bala-bala vuraq özümüzçün. Dənizin seyrinə dalaq, külək də bala-bala üzümüzə vursun. Düşək Krasnovodskda bir yaxşı xudmani yer tapaq. Oturaq bir balaca vuraq. Sonra yenə minək gəmiyə, bala-bala vura-vura qayıdaq geri. Səhər də beçə xoruz kimi çıxaq işə. Necədir səninçün?

Nemət:

– Yox, – dedi, – bu işdə bir məna görmürəm.

Məmməd Nəsir kəhrəba təsbehini pencəyinin sürtülmüş qoluna keçirtdi:

– Oğul, – dedi, – hər şeydə bir məna olsaydı, həyatın bir mənası olmazdı.

Çıxıb getdi. Sonralar işçilər Nemətə dedilər ki, Məmməd Nəsir bu təklifi hamıya eləyir. İndiyəcən heç kəs də razı olmayıb.

“Krasnovodsk! Barı bir səfalı yer ola. Deyirlər, nə su var, nə də bir kölgəlik”.

Məmməd Nəsirin dumanlı yorğun gözlərində nə isə bir həvəs qığılcımı oyandı:

– Bu gün şənbədir, verək özümüzü sübh obaşdannan. Mən bu gün özümə əməlli maya qoymuşam. Amma səniynən yenə içərəm.

– Gələn şənbə, Məmməd Nəsir. Allah qoysa, gələn şənbə mütləq gedərik.

– Eh, – deyə Məmməd Nəsir əlini yelləyib getdi. Nə qədər sərxoş olsa da, başa düşdü ki, nisyə söhbətdir.

İdarənin çöl qapısının ağzında anqutboğaz bir oğlan Nemətə müraciət etdi:

– Nəşriyyat buradır?

Nemət bu oğlanı ilk dəfə görürdü. Qoltuğunda iri bir qovluq vardı.

– Sizə kim lazımdır?

Oğlan boğazını arıtladı.

– Mənə, – deyə kəkələdi, – burda kitablara kim baxır?

– Kitablara?

– Hə, kitab çap eləmək işinə.

Nemət: “Yəqin, cavan yazıçıdır, aman Allah” – deyə düşündü.

– Kitab yazmısan?

– Bəli.

– Nədəndir?

– Bizim müasir cəmiyyətin həyatından.

– Hekayədir, romandır, poemadır?

– Hamısı var. Hekayə də, şeir də. Altı ildir yazıram. Apardım jurnala, dedilər nəşriyyata aparsan yaxşıdır. Birbaşa kitabın çıxar. Dedilər, onlar belə şeylər axtarırlar.

Bir an içində kinolent kimi səhnələr Nemətin gözü qarşısından keçdi. Bu nataraz gəncin ömrünün epizodları: oxuduğu kitablar, izlədiyi mətbuat, yazmaq meyili, qaraladığı səhifələr. Müxtəlif redaksiyaların daş qapıları. Qarşılarındakı adamın cızmaqaraçı olduğunu təyin edən, şəbədə üçün obyekt axtaran bəzi redaksiya işçilərinin nabələd adamçün aydın olmayan dolamaq priyomları. Nəzakət pərdəsiylə örtülmüş istehza, rişxənd, lağ. Yaxa qurtarmağın yetmiş iki müxtəlif fəndi. Sanki bütün bunları Nemət öz gözüylə görmüşdü. Daha doğrusu, görmüşdü də.

Bu və buna bənzər yüzlərcə hədər həvəs...

Bütün bunlar Nemətə nə qədər tanış idi! Öz başına gəlməmişdisə də, onda elə bir duyğu vardı ki, guya bütün bu işlərdən özü keçib. Hər halda, o bu gəncə nə qədər acı və kədərli, mütləq lazımlı söz deyə bilər, həyat dərsi verə bilərdi.

Birdən-birə Nemət istədi ki, qayıdıb Məmməd Nəsiri, məhz Məmməd Nəsiri, ayrı adamı yox, tapsın, bu gənci də götürsün, gedib xudmani yerdə otursunlar, bala-bala içsinlər, içib səmimi olsunlar, bala-bala söhbət eləsinlər, ürəklərini boşaltsınlar, çünki Məmməd Nəsir demişkən, qarnını doldurmasan, ürəyini boşalda bilməzsən. Düz deyir. Ayıq vaxtı ürəyinin dibində pas atıb qalanları, çürüyüb ürəyində itənləri üzə çıxarıb özgəsinə açmaq olmur. Onlar da qalır, kif atır, çürüyüb ürəyini də çürüdür, ömrünü də.

İçəndən sonra Nemət bu anqutboğaz, bu yöndəmsiz geyinmiş oğlana deyərdi ki, bala, mənə qulaq as. İnan, hələ gec deyil. Mənim dayım, Allah ona rəhmət eləsin, Allah bütün ölənlərinizə rəhmət eləsin, mənim dayım demişkən, İlyas Nizami deyilsənsə, vaz keç, boşla, girişmə bu işə. Özüvə peşə seç. Texniki peşə olsa daha yaxşı. Yazıqsan, bala. Sonra başına döyəcəksən, gec olacaq. Bunun axırı yoxdur. Sənin kimi yüzlərcə, minlərcə gənc bax bu saat, sənin yazdığını, lap elə sənin yazdığın kimi, ya bir az ayrı cür, heç təfavütü yoxdur, bir az daha yaxşı, ya daha pis, daha savadlı, ya daha bisavad, hə, sənin yazdıqlarını onlar da yazır. Hələ gec deyil, cavansan. Ömrün qabaqdadır. At bu işin daşını. Əlbəttə, əgər İlyas Nizami deyilsənsə! Yox, bəlkə İlyas Nizamisən? Hə, onda başqa məsələ. Bəlkə elə doğrudan İlyas Nizami oldun. Kim bilir?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets