Page 2 of 8 · 13%

Məlik təəssüflə düşündü ki, nə iyirmi yeddi yaşlı Beyrək, nə iyirmi beş yaşlı Burla hələ ailə qurmayıb, valideynlərindən babalıq – nənəlik sevincini əsirgəyiblər. Bilgisayarda bugünkü günlüklərin (qəzetlərin) mədəniyyət səhifələrinə ötəri nəzər saldı, bəlkə proqramında istifadə ediləsi xəbərlər var.

“Yeni gün” qəzeti may ayında Nabranda Xəzər – Qara dəniz uluslararası sinema festivalı haqqında məlumat verirdi. Bəli da, bu festivalları, ədəbiyyat, şeir günlərini, mədəniyyət həftələrini, musiqi konkurslarını, teatr yarışlarını işıqlandırımağı çatdıra bilmirik, biri də burdan çıxdı. Nə qədər tədbir, bayram olar: Qobustanda üç ildən bir Dədə Qorqud törənləri, Muğanda iki ildən bir Koroğlu idman oyunları, Gəncədə Nizami günləri, Naxçıvanda, Əshabi-Kəf din mərkəzində “Qafqazda İslam” mövzusunda beynəlxalq elmi məşvərət, Dərbənddə Narınqala açıq səma teatrında tarixi tamaşalar festivalı, Şamaxıda Sabir günləri, Qazaxda Molla Pənah Vaqif və Səməd Vurğun günləri, Şuşada Vaqif, Natəvan və Cabbar Qaryağdıoğlü şeir, musiqi məclisləri, Qəbələdə Yunis İmrə şöləni, Şəkidə gülüş şənlikləri, Lənkəranda Rəqs yarışı, Mərdəkanda Sergey Yesenini anma günü, Təbrizdə Şəhriyar həftəsi, Ərdəbildə Xətai simpoziumu, Marağada muğam gecələri, Tovuzda, Salyanda, Tufarqanda aşıq deyişmələri, – di gəl çatdır, hamısında iştirak edə bilməsən də, hamısını mütləq işıqlandırmalısan ki, o biri kanallar qabağa düşməsin.

“Oğuz” günlüyü Novruz ərəfəsində türk dünyasından məlumatlar verirdi: Kazanda Rudolf Nuriyev teatrında Qara Qarayevin 3-cü simfoniyası və Skripka konserti əsasında balet tamaşası hazırlanır, Parisdən ən avanqardçı xoreoqraf kimi tanınan Rocc Düpon dəvət olunub. Türkmənistanda Nebit dağda türkmən neftinin kəşf olunmasında böyük xidmətləri olan Azərbaycan neftçilərinə həsr edilmiş muzey açılıb. Moskvada Avrasiya mənəvi məkanı və tarixi rus-slavyan – türk-tatar mədəni əlaqələri mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. İstanbulda Gürcüstan filmləri həftəsi keçirilir. Günlük İstanbulda belə bir Azərbaycan filmləri festivalının keçirilməməsinə görə irad tuturdu. “İşçi çırağı” günlüyündə tələb olunurdu ki, hökumət Kəlbəcərdə Fəhlə dincərliyinin tikintisinin ləngiməsinin səbəblərini izah etsin. Bu barədə fəhlə həmkarlar Birliyinin bəyanatı da dərc olunmuşdu. “Azad Azərbaycan” günlüyündə sağ və sol partiyalara mənsub olan gənclərin “Boz Qurd” və “Əməkçi” futbol takımlarının sabahkı oyunu haqqında elan verilmişdi.

Məlik düşündü ki, indi hansı tərəf məğlub olsa günahı hakimin üstünə yıxacaq. “Çinar” aylığı (jurnalı) iyul ayında Göygöldə Qafqaz rəssamlarının birgə sərgisinə hazırlıqdan reportaj dərc etmiş, Göygöl yolunda Əhməd Cavad abidə – bulağının şəklini vermişdi. “Türk eli” dərgisinin üz qabığında Nazım Hikmətin İstanbuldakı heykəli əks olunmuşdu, səhifələrində isə Şəkidə keçirilmiş talış mədəniyyət günlərindən rəngli şəkillər və Naxçıvanda açılmış ləzgi-avar xalq sənəti sərgisiylə bağlı illüstrasiyalar verilmişdi.

“Odlar yurdu” aylığında Qaradağ sinema şəhərciyinin dörd ən böyük studiyasında Azərfilm, Turanfilm, Xəzərfilm və Qobustanfilmdə çəkilən ssenarilər haqqında yazı vardı, “Şeytanbazar” həftəliyində isə həmişəki kimi Qaradağ sahil villalalarının sakinləri sinema ulduzları haqqında dedi-qodular dərc olunmuşdu. Məlik ərinməyib “Pəri Cadu” həftəliyinin saytına da nəzər saldı – yenə ulduz falları, tilsimlər, sehrlər, cadular, hər növ esktrasenslərin proqnozları – öncədəndemələri. Məlik XXI əsrdə də bütün bunları oxuyanlar, hətta bunlara inananlar tapılır – deyə düşündü. “Doqquz” mövsüm – yaz toplusu da çapdan çıxmışdı. Dəbdə olan modlar, geyimlər toplusuydu. Adını niyə “Doqquz” qoymuşdular?

Yadına düşdü kü, toplunun hər sayının üstündə GÖZƏLLİK ONDUR – DOQQUZU DONDUR – sözləri yazılır.

“Azərbaycan ocağı” aylığı məlumat verirdi ki, Xankəndində Şirvanzadə erməni teatrında Mirzə Cəlil Məmmədquluzadənin Kamança pyesi tamaşaya hazırlanır. Məlik düşündü ki, nə yaxşı məhz – barışa, anlaşmaya çağıran bu yüksək humanist qayəli əsəri seçiblər. Doğrudur, keçən ağır hadisələr hələ yaddaşlardan silinməyib və bəlkə uzun zaman unudulmayacaq, amma Ermənistana, doğma dədə-baba yurdlarına qayıdan azərilərin və Dağlıq Qarabağdakı ermənilərin eyni ölçüdə hüquqları təmin olunandan sonra münaqişələrə ehtiyac qalmamışdı. Eyni hüquqlara Gürcüstandakı azərilər də malik olandan bəri, Gürcüstanın da ərazi bütövlüyü qarşılıqlı anlaşma və bütün milli azlıqların mədəni-iqtisadi tələblərinin ödənməsi şərtilə bərpa olunandan bəri Cənubi Qafqazda da Şimali Qafqaz kimi tam bir sabitlik əldə olunmuşdu. Az bir zaman ərzində qarşılıqlı əməkdaşlıq nəticəsində quruculuq işləri bəhrəsini vermiş, işsizlik tamamilə aradan götürülmüş, ticarətin, sənayenin başqa sahələriylə yanaşı turizm industriyası da sürətlə inkişaf etmişdi. İndi doğrudan da, Qafqaz turist Məkkəsinə çevrilmişdi. Çoxlu turist şirkətlərindən ən böyük imkanlara ikisi malik idi – bir sıra ölkələrin şərikli “İpək yolu” şirkəti və “Qafqaz-tur”. “İpək yolu” şirkəti “Baykaldan-Balkana” – adlı səyahət marşrutu təşkil edirdi. Marşrutun bir ucu Baykal göstərilsə də bəzi hallarda bu marşrut Yakut Saxa elindən yaxud Monqolustanda Orxan abidələrindən başlanır və Quzey Kiprıs Türk Cümhuriyyətində bitirdi. Əlbəttə uçaq marşrutları da vardı, amma çox vaxt turistlər qatarla ya avtobuslarla səyahət etməyə üstünlük verirdi. “Üç ox” ekspres qatarı sərnişinlərini Doğu Türküstandan, Altaydan, Qazaxıstandan, Orta Asiyadan Xəzər sahillərinə çatdırır, burada “Azərbaycan” və “Türkmənistan” azman bərələri qatarları, avtobusları tərkinə alır və Bakının Türkan limanına çatdırırdı. Buradan isə ya Bakı-Tiflis-Batum-Sırp atabanıyla Türkiyəyə və oradan Avropaya, ya Bakı-Xudafərin-Sədərək-İqdır yoluyla yenə də Türkiyəyə, oradan Avropaya səyahət davam edirdi. “Qafqaz-tur” şirkəti isə Qara dəniz sahillərindən Xəzər sahillərinə, Neft daşlarından Bakurianiyə, Elbrusdan, Tiberdadan, Dambaydan Göyçə gölünə, Dilicana uzanan yollarla turistlərə bir aylıq rahat və xoş səyahət təklif edirdi.

Turistlərə yadigar-suvenirlər kimi Qubaçı ustalarının düzəltdiyi metal döymələr, Quba xalçaları, Lahıc misgərlərinin məmulatı, Şəki ipəkləri, Basqal kəlağayıları, Gürcüstan çaxırları, erməni konyakları hədiyyə edilirdi.

Məlik “Bildiriş” bülleteninə göz atdı. Mirzə Fətəli Axundzadə Dövlət dram teatrında Hüseyn Cavid pyesləri həftəsi uğurla davam edirdi. Üzeyir Hacıbəyli Dövlət Opera və balet teatrı Milanın La skala teatrının solistlərinin qastrolları haqqında anons vermişdi. Hüseynqulu Sarablı Muğam teatrında Yeddi muğam silsiləsində həftənin hər günü bir dəstgah səslənəcəkdi – Çahargah, Segah, Rast, Şur, Bayatı Şiraz, Humayun, Şüştər... Hüseyn Ərəbli səhnəsində, gürcü teatrı Şekspirin “Koriolan” pyesini göstərəcəkdi, Sinema-klubda Çaplin-Fellini filmləri retrospektivi başlanırdı.

Qara Qarayev musiqi mərkəzində, Niyazi konsert salonunda, Fikrət Əmirov oda musiqisi evində, Tofiq Quliyev estrada teatrında, Rəşid Behbudov Mahnı teatrında, Vaqif Mustafazadə caz-klubunda bayram konsertləri, İçəri şəhər teatrlarında Orta oyunu, Qaravəlli, Kilimarası, Zorxana, Şəbih tamaşaları və etnoqrafik bayram oyunları, Şah İsmayıl Xətai tarix muzeyində, Nizami ədəbiyyat muzeyində, Sultan Məhəmməd Milli rəsm qalereyasında, Hacı Zeynalabdin Tağıyev dünya mədəniyyəti muzeyində, Səttar Bəhlulzadə çağdaş sənət muzeyində, İlkəl sənət muzeyində, Ziya Bünyadov Ordu muzeyində, Həsən bəy Zərdabi və Mikayıl Müşfiq kitabxanalarında bayram sərgiləri açılırdı.

Məlik elektron yaddaş kitabçasında qeydlər etdi, əlbəttə hamısına getmək, hamısını seyr etmək, hamısını dinləmək imkanı yox idi – odur ki, çeşidli teatrları, muzeyləri əməkdaşları arasında bölüşdürdü – hərəsinə birini göndərəcəkdi, özü isə mütləq vaxt tapıb Qorqud dağının ətəyində açıq səma altında yerləşən İlkəl sənət muzeyinə getməlidir. Deyirlər ki, oranın ekspozisiyasına Lerikdən yeni tapılmış daş at, qoç heykəlləri əlavə edilib – nə isə ayrı aləmdir. Mütləq gedib baxmalıdır. Vaxt eləyə bilir ki... Heç İçərişəhərdəki Xalq sənəti muzeyinin yeni açılmış şöbələrində – zərgərlik, misgərlik, şəbəkə, dulusçuluq, təkulduz, xəttatlıq muzeylərinə də baş çəkə bilməyib. Dünən Puşkin mədəniyyət evində Dostoyevskinin “Karamazov qardaşları” romanının ikinci nəşrinin təqdimatı olub. Nə yazıq ki, vaxt tapıb bu romanın yeni tərcüməsini oxuya bilməyib. Heyf ki, keçən həftə Akademik Landau Yəhudi mərkəzində “Abram Qubermanın Azərbaycanda dini dözümlülük dəyərləri” məruzəsini də dinləyə bilmədi. Macal tapa bilir ki...

Behzad İran mədəniyyət evində Hafiz Şirazi gecəsinə dəvət etmişdilər, ora da gedə bilməmişdi. İran artistlərinin ifasında fars dilində Hafizi dinləməyin öz ləzzəti var.

Video-telefonun zəngi çalındı. Məlik dəstəyi qaldırdı və kiçik ekranda Aypərinin bir qədər narazı çöhrəsini gördü. Salam-kəlam, haləhval və bayram təbriklərindən sonra Məlik: Gözümə bir təhər dəyirsən – deyə xəbər aldı – qanın niyə qaradır?

Aypəri: Qanım qara olacaq da – dedi. – Bakıdan bəzi dekorları yubadıblar. Tamaşanı Novruz bayramına çatdıra bilmədik.

Aypəri bir neçə həftəydi ki, Təbrizdəydi. Əbdülqədir Marağayi teatrında “Koroğlu” operası yeni quruluşda hazırlanırdı, rəssam kimi Aypəri dəvət olunmuşdu. İlk tamaşanı bayramda vermək istəyirdilər və budur bax, Çənlibel səhnəsinin dekorları gəlib vaxtında çatmamışdı.

Məlik Aypərini fikrindən yayındırmaq üçün, söhbəti dəyişdi: – Nə oldu, Nigar tapdınız? – deyə soruşdu, tapdıqlarını bilirdi.

Aypəri: – Bəs deməmişdim sənə, axır ki, tapdıq – dedi – Səfiəddin Urməvi Konservatoriyasının 3-cü kurs tələbəsidir. Səhnə təcrübəsi azdır, amma səsi pis deyil – yenə əvvəlki söhbətə qayıtdı:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets