Page 5 of 8 · 50%

“Bulud” bir qədər də hərlənmiş və indi Bayıl yüksəkliyi aydın görünürdü. Bu yüksəkliyin ən uca yerində möhtəşəm Çənlibel qala-oteli yerləşirdi. Qalanın damında şəhərin və dənizin hər yerindən görünən bir heykəl ucalırdı – Qır atın belində Koroğlu heykəli.

Yalnız Nərgiz adasına deyil, Xəzərin başqa adalarına (onların çoxunda dincərliklər, çimərliklər və dəniz havası müalicəsinə möhtac olanlar üçün xəstələr evləri qurulmuşdu) şəhərin müxtəlif yerlərindən getmək olardı. Hətta bəzi nisbətən iri vapurlar Bakıdan çıxıb Salyana qədər gəlir, oradan Kür boyu Yevlaxadək ya da Araz boyu üzürdülər. Bu da türistlərin sevdikləri marşrutlardan idi. Xəzərdə üzən iri Azərbaycan gəmiləri “Dədə Qorqud”, “Nizami” Həştərxana, Ənzəliyə, Mahaçqalaya, Qazaxıstan və Türkmənistana gedib gəlirdilər. Adi sərnişin daşıyan yaxud turizm kruizlərinə çıxan gəmilər Bakı dəniz limanından gedib-gəlirdisə, dəniz tramvayları daha çox ya Bayıl burnundan, ya da bulvardakı Xəzər muzey – akvariumun körpüsündən yola çıxırdı. İstifadədən çıxmış böyük şelf-qazma qurğularından biri bura gətirilib sahilə bənd edilmişdi və qurğunun müxtəlif mərtəbələrində Xəzər muzeyinin tarix, gəmiçilik, balıqçılıq, neft bölmələri, suyun altında – divarları sukeçməz qalın şüşəli salonlarda akvarium yerləşdirilmişdi.

“Bulud” hərlənib baxış nöqtəsini keçmiş İliç buxtası adlanan əraziyə tuşlamışdı. Neftçilərin çoxdan tərk etdikləri bu iri ərazini indi amerikalıların qurduqları “Disney nağıl dünyası” tutmuşdu. Disney şirkətiylə uzun danışıqlar və müəyyən maddi güzəştlərin hesabına bu yerin adı məhz Azərbaycan türkcəsində qəbul edildi: Disneyland ya Disneyuord yox – Disney nağıl dünyası. Məşhur Disney personajlarıyla bir sırada Cırtdanın, Divlərin, Pərilərin, Küpəgirən qarıların, sehrbaz dərvişlərin, Güləndə ağzından gül tökülən Gül Qəh-qəh xanımın, Ovçu Pirimin, Armudan bəyin, Qaraqaşın, Göyçək Fatmanın da məzəli fiqurları elektron idarəetmələr vasitəsilə yüz cür oyun çıxarıb uşaqların sonsuz sevincinə bais olurdu.

Burdan Qorqud dağına kanat yolu çəkilmişdi. Qorqud dağının şəhərə baxan yamacında Qızıl çadırda restoran, alaçıq, dəyə, muxuru şəklində içi komfortlu otaqlarda isə Qorqud otelinin ayrı-ayrı nömrələri yerləşirdi. Dağın Şıx çimərliyinə baxan səmtində Ağ Çadırda dastan teatrı və yenə də alaçıq – odalar vardı. O tərəfdəki böyük Təpəgöz mağarası da çocuqların sevimli əyləncə yerlərindən idi. Burada elektron cihazlarla idarə olunan nəhəng Təpəgöz fiqurunu görəndə uşaqlar azacıq vahimələnir, sonra Təpəgözün çıxardığı oyunlardan həzz alıb doyunca gülüşürdülər.

“Bulud” hərəkət etdikcə Qorqud dağının zirvəsi daha aydın görünürdü. Bu zirvədə ucalan nəhəng Dədə Qorqud abidələr kompleksinin siluetləri aydın seçilirdi. Dədə Qorqud kompleksi beş ayrı heykəl-sücetdən ibarət idi. Qopuzlu Dədə Qorqud özü, yağıları at belində zəbun edən Salur Qazan, Qırx incə belli qızla Burla xatun, bağlandığı böyük ağacı köklü-köməcli yerindən çıxaran Qaraca çoban və Beyrəklə Banuçiçək.

“Bulud” hərlənir və Məlik burdan görə bilmədiyi, amma qarış-qarış gəzdiyi yerləri xəyalında canlandırırdı. Səngəçaldan çıxan dəniz tramvayları Qaradağ, Şıx çimərliyi, Bibi-heybət, Bayıl və şəhərin mərkəzindəki duraqlardan keçərək Əhmədli, Günəşli, Zığ, Hövsan, Türkandan ötüb son dayanacaqlarına Şah dilindəki 100-cü buruğa çatdırdılar. Uzun illər istifadəsiz qalmış Yüzüncü buruq da turistlər üçün görməli yerlərdən biri idi. Liftlə ya pilləkənlə buruğun təpəsinə qalxan turistlər dəniz durbinləri vasitəsilə bütün Abşeronu seyr edə bilərdilər. Yaxın vaxtlarda dəniz tramvayları Şah dilini də burulub quzey Abşeron qəsəbələrinə, oradan Corat bağlarına və Sumqayıta qədər işləyəcəkdi.

Məlik Lökbatanın, Çeildağın vulkanlarını təsəvvüründə canlandırdı, təsəvvüründəcə daha uzaqlara – Ceyranbatan qoruğuna çatdı. Bilirdi ki, bu bayram günü orada xüsusi ayrılmış yerlərdə pikniklər – çölçü məclisləri qurulacaq, Özün bişir, özün ye guşələrində manqallardan qalxan tüstü, təndirlərdə yapılan çörəklər, kabab iyi, çal-çağır...

– Burnuna kabab iyi dəyməsin – deyə Məlik öz-özünü xəyallar aləmindən ayırdı – pendir-çörəyini ye, vaxta az qalıb. “Bulud” onun baxışlarını şəhər məhələlərindən bir-bir keçirirdi. Uzaqdan öz otuzmərtəbəlik binalarını da sezdi, Qaçaqlar dağında Razin mağarası da yadına düşdü, Günəşlinin yeni göydələnlərini də gördü, Zığın Zeytun meşəsini də...

“Bulud” bayaqkı nöqtəsinə gəlmişdi və Məlik yenidən Azadlıq meydanına, Odlar sarayına baxmağa başladı.

Azadlıq meydanının yerinə Şeyx Səfi xalçasının min dəfə böyüdülmüş əksi rəngli daşlarla düzülmüşdü. Meydanın qarşısında, bulvarda çağdaş Azərbaycan istiqlalının beşiyi Gəncədən gətirilmiş nə bilim neçə əsrlik Xan Çinar, onun iki tərəfindən isə iki çinar pöhrəsi əkilmişdi. Bəzi şərhçilər bu pöhrələri Azadlıq və Məsuliyyət çinarları adlandırırdı ki, Azərbaycanın rəmzi olan Xan Çinar bu iki duyğunun – Azadlıq və Məsuliyyət duyğularının arasında daima baqi qala bilər. Pöhrə çinarlar isə il-ildən ucalaraq haçansa Xan Çinara boy verəcəkdi.

Məliyin yadına düşdü ki, elə burdaca Xan Çinarın altında bir göstərici qoyulub – məsafə göstəricisi. Yollar bu nöqtədən hesablanırdı.

Göstəricədə bu nöqtədən altı ox – altı istiqamətdə ən ucqar yerlərə olan məsafələr kilometrlər və dəniz milləriylə qeyd olunmuşdu. Şərq istiqamətində – Şah dəniz, Şimal istiqamətində Dərbənd, Şimal-Qərb istiqamətində Sınıq körpü, Qərb istiqamətində Sədərək, Cənub-Qərb istiqamətində Urmiyə, Cənub istiqamətində Zəncana qədər olan məsafələr.

Odlar sarayının fasadında, haçansa Leninin heykəli ucalan yerdə indi rəmzi bir fiqur ucalırdı: 90-cı illərin meydan günlərində üçrəngli bayrağı bura sancan igidin məşhur fotosuna əsasən yaradılmış heykəlsal divara dırmaşan adam və əlində üçrəngli bayraq. Heykəl daşdandı, əlindəki üçrəngli bayraq isə real bayraq idi, parçadan.

Məmməd Əmin Rəsulzadənin məşhur sözləri də bura həkk olunmuşdu: Bir dəfə ucalan bayraq bir daha enməz.

Odlar sarayının əsaslı rekonstruksiyasından sonra Milli Məclis burada yerləşirdi. Milli Məclisin iclas salonunda Dövlət bayrağı və gerbiylə bərabər, Ana Yasanın əsas müddəaları da həkk olunmuşdu:

Birləşmiş Azərbaycan Respublikası Azəri türk millətinin vahid, azad, müstəqil, demokratik, dünyəvi dövlətidir. Azərbaycan Respublikasının bütün vətəndaşları irqindən, millətindən, dilindən, dinindən, sosial durumundan, sinfi mənsubiyyətindən, cinsindən asılı olmayaraq bərabər hüquqlara malikdirlər. Azərbaycan böyük Türk dünyasının ayrılmaz parçasıdır. Azərbaycan xalqı bütün türk xalqlarıyla və ölkədə yaşayan bütün milli azlıqlarla qardaşdır. Azərbaycan dünyanın bütün xalqlarıyla barış, dostluq, bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq şəraitində yaşamaq niyyətindədir.

Əlbəttə, bu müddəalar müəyyən diskussiyalara, mübahisələrə səbəb oldu, amma Milli Məclisdəki partiyaların və bitərəflərin ümumi razılaşması nəticəsində qəbul olundu.

Sağ və sol partiyalar bir vacib məsələdə də razılığa gələ bildi, dördü birlikdə hökümətə müraciət etdilər. Hökümət bu müraciətə müsbət yanaşdı və indi şəhərin mərkəzində ucaldılmış əzəmətli Panteonda – MİLLİ BARIŞ məqbərəsində dörd böyük siyasi xadimin məzarları yerləşir: Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşinin, Fətəli xan Xoylunun və Nəriman Nərimanov nəşləri o dövlətlərlə danışıqlar nəticəsində Ankaradan, Parisdən, Tiflisdən və Moskvadan Bakıya gətirilib burada torpağa tapşırıldı. Seyid Cəfər Pişəvərinin nəşi isə Təbrizə köçürüldü və möhtəşəm türbədə dəfn olundu.

Nəsiminin, Füzulinin Azərbaycana gətirilməsi bir qədər çətinliklərlə üzləşsə də axır ki, onların da, Mirzə Fətəlinin də nəşləri Bakıya gətirildi.

Şəhərin dağlıq hissəsində Nəsimi, Füzuli və Mirzə Fətəlinin türbələri yan-yanaşı ucalırdı, Nəsiminin və Füzulinin türbələri ənəvi Şərq memarlığı üslubundaydısa, Mirzə Fətəlinin türbəsi ən yeni modern Qərb memarlığı yönündə tikilib və bu da uzun zaman dartışmalara, mübahisələrə səbəb oldu. Amma indi artıq gözlər bu üç türbənin qonşuluğuna çoxdan alışıb və mübahisələr də unudulub gedib.

“Bulud” hərlənərək baxış nöqtəsini bir qədər də dəyişdi və Məliyin diqqətini indi də “Dəyirman” univermağı çəkdi. Köhnə dəyirmanın binasında yerləşən bu super dükanın qarşısında bir ay qabaq Abşeron üçün səciyyəvi olan rəngbərəng pərli yel dəyirmanları qoymuşdular və onlar binaya ayrı yaraşıq verirdi. “Dəyirman” Bakının iki ən böyük Univermağından biri idi və “Karvan” univermağıyla rəqabət aparırdı.

“Karvan” univermağının damında gecələr işıqlı məftillər vasitəsilə dəvə karvanının ləngərli hərəkətini əks etdirən reklamın qarşısında “Dəyirman” da indi bu əlvan yel dəyirmanlarını çıxarmışdı.

“Dəyirmandan” bir qədər bu tərəfə 18-ci il mart bağı görünürdü. Haçansa 26-lar bağı adlanan bu yerdə 1918-ci ilin mart günlərində minlərlə Azərbaycanlı qırmışdılar. İndi burada qoyulmuş Kədər heykəli də, hər saatdan bir səslənən Qara Qarayev rekviyemi də həqiqi ünvanını tapmışdı. O vaxt inqilabçı sayılan və xüsusi əzazilliyiylə fərqlənən bir neçə şəxsin də möcüzəvi şəkildə hifz olunub qalmış heykəllərini, bir çoxların istəyinə uymayaraq məhv etməmişdilər.

Haçansa məşum “KQB” binasının – indi Repressiya qurbanları muzeyinin həyətinə yığmışdılar onları. Bura ölümə göndərilən insanların yerinə indi özləri – ölümə göndərənlər – heykəl şəklində olsa da – burada dustaq idi, ömürlük-əbədi cəza müddətlərini çəkirdilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets