İkinci nağıl
Page 11 of 14 · 71%
Bir stəkan da içərdim...
Burla əlini daxili telefonun dəstəyinə uzatdı – bu saat Leraya deyim – sonra nədənsə dəstəyi götürmədi – Özüm gətirəcəm – dedi – istəyirəm sənə özüm qulluq eləyim.
Otaqdan çıxdı. Məliyin gözü masanın üstündəki ala-bəzək “Monitor” jurnalına sataşdı. Jurnalı əlinə aldı, açdı. Burlanın bir neçə yarıçılpaq rəngli şəkilləri dərc olunmuşdu. Daha burda heç bir söz ola bilməzdi – tanışı-filanı deyildi, özüydü ki, var.
Bu vaxt Burla içəri girdi və atasının jurnala baxdığını gördü. Məliyin qaş-qabağı yer süpürürdü.
Burla dərhal hər şeyi başa düşdü: – Allah bu jürnalist tayfasının bəlasını versin – dedi – yalan yazmaqdan başqa işləri-peşələri yoxdur. Yazırlar guya mənim səkkiz pişiyim, dörd itim var. Halbuki mənim cəmisi üç pişiyim və bircə itim var.
– Nə pişik, nə it, canım? Bu nə şəkillərdir belə, lüt-ətcəbala, ayıb deyil?
– Bilirdim ki, xoşuna gəlməyəcək, axı sən köhnə müsəlman kişisisən. Amma köbək rəqslərinə də ən çox baxan elə müsəlman kişiləridi. Bəli, mən rəqqasəyəm. Bilmirdin?
– Rəqqasəsən öz işindir, amma bu lüt şəkillər nədir?
– Səncə rəqqasə şubada rəqs eləməlidir. Qəribə insanlarsız e...
Plyaja getmirsiniz, bikinili qızları görmürsünüz plyajda? Deməli canlı çılpaq gəzmək olar, amma şəkil çəkdirmək olmaz? Gözəl qadın bədəni insanlara zövq verirsə, onu niyə gizlətməlisən? Heç muzeydə olmamısan? Çılpaq Veneraları, Maxanı, Olimpiyanı görməmisən?
– Bilməzdim ki, mənim qızım Venera olacaq. Kaş öləydim, bu günü görməyəydim.
– Boşla sən Allah. O cür müsibətlərdən sonra bu da faciəymiş... Elə bilirsiz, qadın çılpaq rəqs edirsə, deməli fahişədir. Amma bil, mən – otağı göstərdi, – nə qazanmışamsa səhnədə qazanmışam, yataqlarda yox, sənətimlə qazanmışam. Mən buranın ən məşhur şou-ulduzuyam.
– Ayrı sənət seçə bilmirdin?
– Ayrı sənət? Hansı sənət? Müəllimlik edib acından öləydim? Mənim nə ərim var ki, məni dolandırsın, nə varlı aşnam, hər şeyi əlimin zəhmətiylə qazanmışam. Yaxşı, göbəyimin zəhmətiylə olsun. Mən göbək rəqsi edirəm. Özü də hamıdan yaxşı edirəm.
– Adın da ki, deyəsən dəyişib, Bura olub.
– Menecerim dedi ki, bu ad daha cəlbedicidir.
Burla-Bura yerindən durub Məliyə yanaşdı, yenə onun boynunu qucaqladı: – Ata, atacan – dedi – məndən incimə. Sənə yaxşı xəbər verəcəm. Ürəyindən olacaq. Sənətimi dəyişirəm.
– Dəyişirsən? İndi nə olacaqsan? Striptiz ulduzu.
– Xeyr, mer olacam.
– Nə?
– Bəli, mer, Baku-sitinin meri. Türkiyədə deyəsən Bələdiyyə Başqanı deyirlər.
– Sən? Mer? Bələdiyyə başqanı? Səndən mer olar?
Burla elə bil incidi, dodaqlarını büzdü.
– Niyə olmur? – dedi – savadım, ağlım kimdən əskikdir? O boşboğaz siyasi avaralardan? Üç aydan sonra seçkilər olacaq. Demokratik cəmiyyətdə yaşamırıq? On adam namizədliyini verib, mən onların hamısından populyaram. Bizdə pop sənətçiləri ən məşhur, ən nüfuzlu adamlardır. Konsertlərimə bilet tapmaq mümkün olmur. Radio-televiziya səhərdən axşama məndən danışır. Jurnal-qəzetlər məndən yazır. Camaat məni sevir. Yüz faiz əmin ol, mənə səs verəcəklər.
– Yaxşı, tutalım lap belədir, amma nəyinə lazımdır sənin mer olmaq?
– İyirmi beş yaşım var. Tutalım lap iki-üç il də rəqs etdim. Sonra? Necə dolanacam? Mən bu həyat tərzinə alışmışam, necə təmin edəcəm bu sayaq dolanışığı? Ərə getmək fikrim yoxdur. Heç kəsin də hesabına dolanmaq istəmirəm. Çox fikirləşib axır qərara gəldim ki, ən düzgün iş mer olmaqdır – gülüb alnını göstərdi – məni bir əlli tutma, sənin qızının ağlı başındadır.
Çöl qapısının zəngi çalındı. Bir azdan otağa uca boylu oğlan daxil oldu.
– Qud dey, darlinq – dedi. Burlayla bir-birinə sarıldılar, marça marça öpüşdülər.
Oğlanın əynindəki qara atlasdan dar şalvar daha çox alt tumanına oxşayırdı. Əynində krujevalı ağ ipək köynək vardı. Çiyinlərindən aşağı, az qala belinə qədər uzanan saçlarına arxadan qırmızı bant bağlamışdı. Bir qulağına sırğa taxmışdı.
Burla: – Tanış ol, Can – dedi – atamdır.
– Sənin atan varmış? – Can işvəli bir səslə dilləndi, sonra əzilib büzülə-büzülə Məlik oturan yerə yanaşdı, əyilib onun əlindən öpdü. Məlik onu yaxından görəndə sezdi ki, sifəti pudralı, gözləri sürməlidir. Oğlan dikəlib ədayla dedi: – Cəh-cəh Can.
Məlik başa düşmədi ki, nə deyir.
Burla: Cəh-cəh Can bizim ən məşhur pop-ulduzdur – sonra əlavə etdi – əlbəttə məndən sonra.
– O, darlinq, əlbəttə səndən sonra.
Cəh-cəh Can aralanandan sonra Məlik baxdı ki, əlinin öpülmüş yerində qırmızı pomada yeri qalıb.
Məlik soruşdu: – Siz də göbək atırsınız?
Oğlan əlini dəsmal kimi yellədə-yellədə ağzına tutdu, bir xeyli güldü.
Burla: – Can brik-brakın Allahıdır – dedi – həm sözlərini özü yazır, həm musiqisini, həm də özü oxuyur. Axşam birgə konsertimiz var, gəlib özün görərsən.
Cəh-cəh Can:
– Darlinq, onli fayf minits – kənara çəkilib Burlayla nə isə pıçıldaşdılar, sonra yenə bir-birinə sarıldılar. Məlik üzünü yana çevirdi. Cəh-cəh Can Burlaya:
– Bay, bay, bebi – deyib qapıya tərəf getdi, Məliyə də əl elədi: bay, bay atacan.
Məlik qorxdu ki, yenə yanaşar, pomadalı dodaqlarıyla əlindən, ya Allah göstərməsin, üzündən öpər. Amma yaxşı ki, yalnız uzaqdan öpüş göndərib əndamını burcuda-burcuda otaqdan çıxdı.
Məlik: – Aşnandır? – dedi, Burla özü davranışıyla onu belə açıqsaçıq danışmağa vadar edirdi.
– Nə? Can? Cəh-cəh Can? – gülməyə başladı.
– Nə bilim Cəh-cəhdi, Bəh-bəhdi, nədi? Bir-birinizə elə sarılmışdınız ki?
Burla hələ də gülürdü:
– Candan aşna olar? ha... ha... O xalis geydir...
– Nədir?
– Gey... eşitməmisən? Belə... Mavi.. Necə başa salım, belə qadınlarla maraqlanmır... e... kişiləri xoşlayır.
Məlik: – Başa düşdüm – dedi.
– Mənim sənət yoldaşımdır. Dostumdur.
– Əcəb dostların var.
– Əla oğlandır... e... adamdır. Əsil dostdur, mənim seçki kampaniyam üçün brik-brak yazıb.
– Brik-brak nədi?
– Bıy, bilmirsən? İndi dünyada ən populyar ritmdir ki... Bizdə bu ritmi Cəh-cəh Can yaratmağa başladı. Brik-brak şahzadəsi qoyublar adını. Gənclər dəlisidirlər onun...
– Bəs o nə əcəb mer olmaq istəmir?
Burla çiyinlərini çəkdi: – Nə bilim, bəlkə də ürəyindən keçir, amma hər halda söz verib ki, bu seçkilərdə məni dəstəkləyəcək.
Birdən Burlanın ağlına nə isə gəldi:
– Ata, bəlkə elə sən də qalıb mənim kampaniyamda iştirak edəsən? Bilirsən nə effekti olar, rəqqasə və onun mötəbər atası.
– Bir o çatmırdı...
Burla dodaqlarını büzdü:
– Yəni məni heç layiq bilmirsən o vəzifəyə.
Məlik susdu.
– Sonra da qalarsan burda, mənim müşavirim olarsan. Bilirəm axı, mütləq seçiləcəm.
Məlik yenə dinmədi.
Burla: – Bağışla ata, məşqə getməliyəm – dedi – Lera səni yedizdirəcək. Bir saatdan sonra aşağı düş, Fil səni konsertə gətirəcək. Özün görərsən ki, dəhşətli bir şey yoxdur. Konsertdən sonra kokteyl olacaq, sonra da səhərəcən səninlə söhbət edərik.
Otaqdan çıxdı. Məlik quruyub qalmışdı. Nə edəcəyini, necə davranacağını bilmirdi. Burla otağa qayıtdı, çox bahalı xəz şubadaydı. Məliyə yanaşdı, lap uşaqlıqda olduğu kimi başını onun çiyninə qoydu. Məlik yanağında şubanın yumşaq tüklərini hiss etdi, burnunu Burlanın zərif ətir qoxusu çaldı.
Burla çox yavaş səslə, pıçıltıyla: – Atacan, qal burda – dedi – bilsən nə qədər yalqızam. – sonra cəld sıçrayıb otaqdan çıxdı.
Bir saatdan sonra Məlik həyətə düşdü, Fil tez yüyürüb qapını açdı.
Məlik: Hara gedirik? – dedi.
Fil təəccüblə: – Konsertə – dedi.
– Hardadır konsert?
– “Şahsaray” kabaredə.
– Ora haradır?
– Hansısa şahlar sarayı.
– İndi ora kabaredir?
– Yes... sorri... bağışlayın, Miss Bura dedi ki, mən sizlə öz dilimizdə danışım. Ay em... mən... e... petriot... Öz neyşn sevirəm.
Məlik baxdı ki, bayaqkı geniş prospektlə irəliləyirlər.
– Bu küçənin adı nə oldu?
– 42-ci paralel avenyu.
– 42-ci paralel niyə?
– Nyu-York siti də, Baku siti də, 42 paraleldə... paraleldədir...
– Belə de.
“Mersedes” keçmiş Şirvanşahlar sarayının aşağı girişi – Murad qapılarının qarşısında dayandı.
Sarayın ancaq divarları qalmışdı, bütün görkəmi dəyişmişdi. Hər yerdə yanıb-sönən reklamlar, əlvan afişlər...
Divarın üstündə iri qırmızı, sarı, yaşıl neon hərflərlə sözlər axıb gedirdi:
ŞAHSARAY KABARE.
EROTİK ŞOU: DEKAMERON – KAMASUTRA – MİN BİR GECƏ. OST-VEST SEKS SİNTEZ.
Kitabxana.az · https://kitabxana.az/en/works/anar-ag-qoc-qara-qoc-ikinci-nagil
Use ← → keys to move, R for a random poem
More by this author
Degildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Səkkizinci fəsilBu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Poems by other poets
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
O görükən dağlar sizin dağlardıBaşına döndüyüm, a Nərgiz xanım,O görükən dağlar sizin dağlardı.
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?