Dördüncü fəsil
Page 2 of 2 · 50%
Zivər:
– Sabah sənin ad gününə gələcəklər, – dedi.
Zaurun fikirləri tamam başqa yerdə olduğu üçün bu xəbərdən diksindi:
– Gələcəklər? Kim gələcək?
– Necə yəni kim? Bəs səhərdən bəri kimdən danışıram... Qonşularımız – Alya, əri... qızlarını da gətirəcəklər.
Zaurun elə bil içində çıraq alışdı: necə olub ki, bunu nəzərə almayıb. Sağ olsun anası, yadına saldı: axı, sabah ad günüdür. Təhminədə də bilir bu günü, dəftərçəsinə da yazıb. Deməli, bax, bu günü gözləyirmiş, ona görə zəng eləmirmiş. Bəhanə lazım imiş ona zəng eləməkçün, yenidən görüşməkçün, bütün əlaqələrini yenidən bərpa eləməkçün... Əlbəttə ki, belədir,
İndi Zaur sevinclə düşünürdü bu barədə: çoxdan bəri, ta lap uzaq körpəliyində qalmış uşaqlıq illərindən bəri heç bir zaman ad günü haqqında belə bir intizarla düşünməmişdi, Uşaqlıq illərindən bəri həmişə bu gün – Zaurun ad günü onu darıxdırardı, axı, bu gün onunçün tamamilə yad və yabançı olan qohumlar toplaşar, bayağı söhbətlər edər, duzsuz sağlıqlar deyərdilər, sentyabr ayı olduğu üçün hələ isti olardı. Hamının pal-paltarı islanıb bədəninə yapışardı, otaqlarından tər iyi gələrdi və Zaur səbirsizliklə məclisin qurtarmasını, qonaqların dağılışmasını gözlərdi. İndi isə sabahkı gün haqqında xoş bir intizarla düşünürdü. Ona qiymətli bir hədiyyə bəxş edəcək gün kimi... Gözlənilməz sevinclərlə dolu olan bir gün kimi... Uşaqlıqdakı kimi...
* * *
Ad günü deyil, ad gününün axşamı zəng elədi... Daha doğrusu, gecəsi, Gecə yarını keçmişdi və təqvimdə, doğrudan da, sentyabrın 23-ü idi – Zaurun ad günü. Zaur yatağına girmişdisə də, hələ yatmamışdı. Evin hər yerində işıq sönməyincə və bütün səslər kəsilməyincə yuxulaya bilmirdi. Atası həmişə erkən yatar, səhər də ertədən durardı. Anası isə Bakının televiziya verilişləri qurtaran kimi gedərdi yatmağa... Bu gecə də atası çoxdan yuxulamışdı, amma anası hələ oyaq idi. Qonşu Sitarəylə birlikdə mətbəxdə əlləşirdi, sabahkı qonaqlığın hazırlığını görürdülər. Mətbəxdən şirni və ədviyyat qoxusu gəlirdi – paxlava, şəkərbura, şəkərçörəyi... Cürbəcür piroqlar, pirojnalar, tortlar hazırlamaq sarıdan Zivər xanımın tayı-bərabəri yox idi. Amma sabahkı gün öz adi məharətini də vurub keçməliydi, – axı, onun məclisinə Alya kimi tələbkar bir hakim qiymət verəcəkdi. Mətbəxdən anasıyla Sitarənin yavaş səsləri gəlirdi, professorun və Zaunın yuxusuna mane olmamaqçün qadınlar xısın-xısın danışırdılar. Zaur onların hər kəlməsini dəqiq eşitməsə də, söhbətlərinin məzmunundan agah idi: qadınlar xəmirin yaxşı qalxmasından, layların nazik yoğrulmasından, qoz-fındığın narın əzilib şəkərlə qarışdırılmasından, paxlavaya vurulacaq ədviyyatın miqdarından danışırdılar. Sabahkı məclisdən, qonaqlardan danışırdılar – kim paxlavanı, şəkərburanı daha çox sevir, kimin hansı tortdan, hansı piroqdan, hansı pirojnadan daha çox xoşu gəlir, hansı kişi dəlisidir şirniyyatın, hansı qadına heç bir şey bəyəndirmək olmur, halbuki keçən səfər öz evlərində aşının qazmağı yanıb kösöy olmuşdu... Olanda olur da, ay Zivər bacı, işdi, düşməknəndi də. Orası da elədir e, ay Sitarə, doğrudan, böyük məclis yola salmaq zor işdir, adamın lap kələyi kəsilir, əldən düşürsən, amma bir yana baxanda bircə balavin məclisində də qoluvu çırmalamayıb zəhmət çəkməsən, bəs nə vaxt çəkəcəksən... Əlbəttə, ay Zivər bacı, maşallah, Allah saxlasın, belÉ oğul böyütmüsən, indi gərək hər əziyyətinə də dözəsən. Bəs necə, ay Sitarə, onun boyuna qurban olum, qızıldır onun xasiyyəti, ipək kimi yumşaqdır, ürəyi də elə təmizdir, elə təmizdir, sanasan şüşədir, odur ki, xətərəliyəm də, ay Sitarə, bu cür ki təmiz uşaqdır, ürəyi şüşə kimi safdır, hər şeyə, hər sözə, hamıya inanandır, elə qorxuram ki, keçsin bir afətin cənginə, sap kimi dolasın barmağına balamı. Eh, ay Zivər bacı, ağzıvı xeyirliyə aç, dünya bəgəm dərəbəylikdir-zaddır, nə danışırsan, Zaur elə aciz-avara deyil, demə, maşallah ağıllı-mərifətli oğlandır, hər şeyin yerin biləndir, ürəyinə-zada salma, sən allah, vaxsey, vaxsey, piroq yandı, başımız söhbətə qarışdı...
...Və bu vaxt telefon zəng çaldı. Zaur yerindən sıçradı, – bu vaxt ancaq ona zəng eləyə bilərdilər: kim ola? Dəstəyi qaldırdı:
– Allo!
Dəstəyə qarmaqarışıq səslər doldu, – açıq havadan zəng olunmuşdu – küçəydimi, meydandımı – müxtəlif hənirtilər gəlirdi, sonra bu hənirtilərin içindən uzaq bir səs duruldu, aydın eşidildi, Zaur dərhal bu səsi tanıdı.
– Mənəm, Zaurik, – dedi Təhminə. – Bağışla ki, belə gec zəng eləyirəm... Danışa bilirsən?
– Əlbəttə.
– Bütün günü sənə zəng eləmək istəyirdim, amma başım elə qarışdı ki, macal tapa bilmədim... – Səs arada kəsilirdi, xətlərin, cihazlarin xırıltisina qarışıb itirdi, amma Zaur hər halda Təhminənin dediklərini dəqiq qavrayırdı.
– Sənə aeroportdan zəng vururam. Yarım saatdan sonra uçuram.
Zaur susub dinləyirdi, nəinki cavab vermirdi, heç “hə”, “yox” da demirdi. Təhminə təəccüblə:
– Eşidirsən məni, Zaur? – deyə xəbər aldı. – Hə, eşidirsən?
– Eşidirəm...
– Səni təbrik eləyirəm... Yadımdadır, axı, – bu gün ad günündür. Sənə hədiyyə də almışam. Sabah sənə çatdıracaqlar, – tələsə-tələsə danışırdı, elə bil qorxurdu ki, birdən telefon əlaqəsi qırılar və demək istədiyi əsas şeyi deyə bilməz, – balaca bir şeydir hədiyyəm, amma həmişə sənin yanında olacaq ki, məni həmişə yada salasan... Sabah sənə çatdıracaqlar... Mədinə, qonşum gətirəcək... işivə.
Zaur:
– Təşəkkür edirəm, – dedi. – Yaxşı, soruşmaq ayıb olmasın, hara uçursan belə, nə münasibətlə? – Hiss elədi ki, mətbəxdə susdular, yəqin onun danışığına qulaq verirdilər. Təhminə sevinclə:
– Moskvaya, – dedi. – Moskvadan sabah bizim verilişimiz var. Proqramı mən aparacağam. Baxarsan. – Sonra tələsik əlavə etdi. – Yaxşı, Zaurik, hələlik, mənə əl eləyirlər ordan, təyyarəyə minik başlayıb...
Aeroport Zaurun gözləri qarşısında canlandı: gecəyə qərq olmuş uçuş meydanı, rəngbərəng siqnal işıqları, qapısı açıq təyyarə, trap və trapda Təhminənin təzə dostları – televiziya işçiləri, qapının ağzında kiçik, cib fənərini yandırıb biletləri yoxlayan stüardessa. Bir azdan Təhminə də trapla dırmaşacaq, sonra təyyarənin qapıları kip bağlanacaq, propellər hərlənəcək, təyyarə yerlə bir az qaçıb havaya yüksələcək, Bir dəstə televiziya işçiləri deyib-güləcək, zarafatlaşacaq, sabahkı verilişlərindən, ümumi işlərindən danışacaqlar.
...Və Təhminə də onların içində olacaq. O köhnə dostu – televiziya rejissoru, nədir onun adı, Muxtardır, nədir, – o da yəqin oradadır, Moskvaya gedir o da... Bəlkə trapdan əl eləyən, Təhminəni çağıran da elə odur. Ya bəlkə indi lap Təhminənin yanındadır, telefonun böyründə, Təhminənin Zaurla söhbətini dinləyir. Mətbəxdən anasıyla Sitarə Zaurun söhbətini dinləyən kimi...
Təhminənin bu gecə zəngi Zaurun ürəyini müxtəlif qatmaqarışıq hisslərlə doldurmuşdu, – açıq təyyarə meydanının nəfəs genişliyi, təyyarənin qalxacağı göylərin ulduzlu qaranlığı vardı bu telefon zəngində. Təhminənin səsi, nəvazişi, ona – Zaura diqqəti vardı... Amma bir də Zaura yabançı olan özgə sevinci vardı, uzaq səfər fərəhi – başqa həyat, yeni tanışlıqlar, münasibətlər kələfi vardı və bütün bunlar Təhminənin yeni işi, yeni həyatı idi. – Zaurun gözündən iraq, ömründən uzaq olan yad bir dünyadan gəlirdi bu soraqlar...
– Salamat qal, Zaurik, bol-bol səadət arzulayıram sənə...
– Sənə də yaxşı yol, – dedi. Zaur. – Neçə vaxta gedirsən?
– Üç günlüyə, – dedi, sükut çökdü, görünür, bu sükut ərzində götür-qoy edirmiş: desin, deməsin, nəhayət, qərara gəlib yavaş səslə (doğrudanmı görəsən yanında kimsə vardı, ona görə yavaşdan dedi bunu) – pıçıltıyla əlavə etdi: – Sən də uç gəl Moskvaya, Zaurik... Yaxşı, mən qaçdım, hələlik...
Sonra dəstəkdən kəsik-kəsik siqnallar eşidildi. Zaur Təhminənin son təklifi barəsində düşünürdü: doğrudanmı Təhminə bu sözləri dedi – son görüşlərində “daha ayrılmalıyıq” qərarını verəndən sonra, onların idarəsindən, Dadaşın ləng işləyən şöbəsindən çıxıb hay-küylü, əsəbi, daim hərəkətdə və tələsmədə olan televiziya dünyasına düşəndən sonra, təzə dostları-tanışlarıyla bir yerdə Moskvaya uçarkən, məhz ona, Zaura təklif elədi ki, dalınca gəlsin... Yox Zaur yanılmırdı, elə-beləcə demişdi Təhminə:
– Zaurik, uç gəl Moskvaya...
– Kim idi o? – mətbəxdən anasının səsi gəldi.
– Heç, – dedi. – Bir tanışım idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/anar-besmertebeli-evin-altinci-mertebesi-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
(Utopik və antiutopik nağıllar)*O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.*
İkinci nağılBir də gördü ki, ağ qoçnan, qara qoç budu*döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat*
Birinci fəsilBu vüsala yuxu əhvali demək mümkün idi,*Əgər olsaydı yuxu dideyi-giryanimizə¹.*
İkinci fəsilEy xoş ol günlər ki, mən həmraz idim canan ilə,*Neməti-vəslin görüb, nazın çəkirdim can ilə.*
Poems by other poets
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
GəlmədiGecə-gündüz yollarına baxaram,Hanı mənim barabarım, gəlmədi.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu