Page 2 of 3 · 33%

Nadir:

– Hə, Muxtar müəllim, soruşursan ki, niyə sevinirəm, niyə həsəd çəkirəm, hə? – dedi.

Muxtar artıq unutmuşdu bu söhbəti, amma Nadir təmkinlə öz fikrini şərh eləməyə başladı:

– Ona görə sevinirik ki, Muxtar müəllim, siz bizim fəxrimizsiz, başımızın ucalığısınız... Siz – sənət adamları – bizim yolumuzda çalışırsız, bizim zövqümüzə qida verirsiz, odur ki, bizim də borcumuzdur ki, sizə hər cür hörmət eləyək neçin ki, siz bizim fəxrimizsiniz... O ki, qaldı həsəd çəkmək məsələsinə, hə, burda məsələ bir az başqa cürdür. Məsələ ondadır ki, axı biz də baxırıq bu televizora da. Evdə üç dənəsi varımdır mənim – uşaqlarım köpək uşaqları elə ancaq Moskvaya baxmaq istəyirlər, məni bəyənmirlər, rusca, deyirlər səhv danışırsan, papa, ələ salıb dolayırlar məni, it uşağı, hə, sözüm onda deyil, bir söz, almışam onlarçün televizor ki, baxın nə qədər kefinizdir Moskvaya: çaza-maza qulaq asın, amma mənimki Bakıdır – bizim o komediya artistlərimiz var e, vallah, onları dünyanın heç bir Raykininə-zada dəyişmərəm... Arvad da ki, bədbəxtin qızı bütün günü mətbəxdə əlləşir, odur ki, yazıqdır da, televizorun bir dənəsin də alıb qoymuşam onunçün mətbəxə, qoy soğan soya-soya baxsın özüyçün, kef çəksin, mən ölüm, necə sözdür, hə? Ha, ha, ha! Burda işdə də televizorum var, mətbəxin dalında, orda bir balaca xudmani otağım var, – nədənsə, Muxtara göz vurdu, – ay səni, Muxtar müəllim, yaman arif adamsan, tükü-tükdən seçirsən, hə televizorun birin də qoymuşam ora, hərdən baxıram özümçün bala-bala... Hə, sözümün canı odur ki, hərdən baxıram televizora, görürəm adə, bu nə işdir belə, elə ki, yazdılar verilişin rejissoru Muxtar Məhərrəmov – mütləq bir təzə mamlımatan canan çıxasıdır ekrana. Deyirəm, dinmə, Muxtar müəllimin təzə şikarıdır bu... indi diktordur, artiskadır, oxuyandır – hər halda həmişə bir təzəsini, svejisini, belə necə deyərlər, tavada təzə qızardılmışın çıxarır Muxtar müəllim... İndi özün de, həsəd çəkməyəsən, neyləyəsən, biz deyir, dəridənqabıqdan çıxırıq ki, bir belə canalan afətlə tanış olaq, amma Muxtar müəllim elə gününü bu cür dilbərlərin içində keçirir. Mən ölüm, necə sözdür? Əşi, vur bura görək, ay Muxtar müəllim, halal xoşun olsun, dünya deyir, beş gündür, bacarana can qurban... vur bura...

Muxtar Nadirin əlinə bir balaca toxundu. Nadir:

– Odur ki, deyirəm, qaldıraq bu badələri sənin sağlığına, Muxtar müəllim. Ömrüvün axırınacan elə-belə kefdə-damaqda yaşayasan. Biz də sənin kölgəndə dolanaq... Amma yoldaşlıqda bu yaxşı şey deyil ha, hərdən-birdən dostlarızın da könlünü şad elə də. Nə olardı o gözəllərdən biriylə bizləri də tanış eləyəydin.

Muxtar zarafatyana bir ərklə, amma eyni zamanda kifayət dərəcədə sərt tərzdə:

– Çiy söz danışırsan, Nadir, – dedi. – Məni görünür kimnənsə dəyişik salmısan.

Nadir dərhal sözün dəyişdi:

– Yaxşı, yaxşı, incimə, zarafatım var səninlə, ərkim çatır, nə olar? Dediyim odur ki, bax mən çex pivəsi alan kimi o saatca səni salıram yada. İndi dünya dağılmaz ki, sən də bir dəfə o iş yoldaşlarını – elə içində o gözəl qızlar qarışıq – götürüb gələsən bu Nadir qərdeşivə qonaq, səninçün bir süfrə açım, bir məclis düzəldim ki, dadı damağınızdan getməsin. Dalıynan sənin nə işin var?.. Yaxşı, yaxşı, day bu barədə bir kəlmə kəsməyəcəyəm, vurduq bunu sənin sağlığına.

İçəndən sonra Nadir fikirləşdi ki, Zaur bu söhbətləri ayrı cür başa düşər, odur ki, izahat verməyə başladı:

– Siz yəqin bilmirsiz, – dedi, – biz Muxtar müəllimlə çoxdanın curuyuq. Sonra ürəyinizə ayrı şey-zad gələr e... Guya ki, mən özümçün canan-zad tapa bilmirəm, kasadlıq çəkirəm bu cəhətdən? Ay-hay, canımçün, bilmirəm arvadların əlindən hara qaçım gizlənim. Qarğaquzğun kimi tökülürlər üstümə hər tərəfdən. – Nadir bu sözləri deyəndə Zaura baxırdı, birdən Allah eləməmiş, bu qaraqabaq oğlan elə düşünər ki, Nadir – hərifdir, qadın tamarzısıdır, kiminsə köməyinə möhtacdır.

Muxtar:

– Nadir, bilirsən nə var, – dedi, – səninlə mənim sinnimiz elədir ki, gərək imkan tapdıqca qadınlardan gen gəzək.

Nadir Muxtarın sözlərini eşitməyibmiş kimi söhbətini davam elədi:

– Bu günlərdə bura iki oğlanla bir qız gəlmişdi. Gördüm ki, bizimkilər deyil, özgə şəhərdəndirlər. Oğlanlar da lap elə maygülüdürlər – biri belə başı daz, eynəkli, o biri də balaca, cürübbəz – üfürsən yıxılar. Amma qız, Allaha and olsun, bir dünya gözəlidir ki, iki göz istəyir tamaşasına. Ucaboy, fiqurası əmiri, üzü ağappaq, elə uzun qıçları vardı, Allaha and olsun elə bil çiynindən başlayır lap. Nə isə, göz qoydum bunlara... Arif bunlara qulluq eləyir, mən də görürəm ki, yox, aşnam, qızın gözləri elə o yan-bu yandadır, belə dağınıqdır gözləri, mən day belə-belə şeylərdə saç ağartmışam axı... Görürəm ki, bu gədələrin heç biri tay deyil ona, yəqin ikisinin də ürəyi gedir bu qız üçün, amma qız bunlara heç məhəl də qoymur. Görürəm, puldan da belə xeyli kasaddılar. Üç pors kabab sifariş veriblər, bircə şüşə də çaxır. Arif apelsin təklif eləyib bunlara, uzun-uzadı haqq-hesab eləyiblər, axırda da deyiblər, yox, lazım deyil. Barmağımı dişlədim, əsil məqamdır, dedim... Noyabr ayıdır, bəli, göndərdim bunların stoluna əntiqə parnik xiyarları, pomidorları, təsəvvür eləyirsən, noyabrın axırında təzə pomidor, xiyar... Yanında da bir şüşə əntiqə konyak... Əvvəl istədim iki şüşə göndərəm ki, gədələr vurub bədənə lap dəm olsunlar, sonra fikirləşdim ki, belə nərmənaziklərçün elə bir şüşə də bəs eləyər xosumvay olmaqçün... Bəli, axırda da iri bir dəstə qırmızı qərənfil göndərdim, dedim de ki, kababxananın böyüyüdür sizi belə qonaq eləyən – bizim elin adətidir bu. Gördüm bəli, gözləri par-par parıldadı üçünün də, əsas da ki, qızın... Birdən ağlıma gəldi ki, köpəyin qızı özü içib dəm olar, əməlli-başlı qanmaz ki, məsələ nə yerdədir. Mənim də xüsusi fransız likörüm var. Muxtar, müəllim, sən ki, bilirsən də nədir o, qadın bir qədəh dilinə vuran kimi özü kişinin üstünə atılır, ha, ha, ha, ay xətakar... Bəli, bu likördən göndərdim, dedim deyin ki, bəs qadın yalnız bu likördən içsin, çünki bu da bizim el adətimizdir... Bəli, Arif gəlir ki, bəs, Nadir qardaş, qız səni görmək istəyir, soruşur ki, hardadır bəs bu səxavətli, gözəl insan. Mənəm ha gözəl! Ay səni, evinəcən... Yox, deyirəm, keçəl suya gedən deyil, hələ tezdir, aşna, mənim sirsifətimi görərsən, yediyin-içdiyin burnundan tökülər, mənim də mayam batar. Hələlik gərək sən bir az da bu likördən içib dəmlənəsən, onda bütün dünya gözündə huri-qılman görünəcək. Köpək oğlunun fransızları bu işlərin allahıdırlar da... Bir söz, oturmuşam bir qıraqda kirimişcə, elə göz qoyuram bunlara, gördüm oğlanlar day lap lülüş oldular. Arifə deyirəm, öyrən gör, harda qalırlar, de ki, müdirimiz sizə qonaq gəlmək istəyir, şəhərimizin suvenirlərini gətirmək istəyir... Bəli, Arif öyrənib bilir ki, Pribaltikadan gəliblər, “Bakı” qostinisasında qalırlar. Təbii ki, oğlanlar ayrı nömrədə, qız da başqa qadınla bir nömrədə. Bunu mən hər ehtimala qarşı öyrənmişdim, amma hər şey daha asan başa gəldi... Oğlanlar lülüşqə olub qaldılar. Otuzdurdum onları maşınıma – bilirsən də “Volqa”mı burda, mətbəxin dalında saxlayıram həmişə – gətirdim qostinisaya, qıznan bir yerdə belə ədəblə, nəzakətlə apardım oğlanları nömrələrinə, uzandırdım çarpayılarına. Hamısı da belə kulturnu ha... İndi deyirəm qıza, qız da tamam ayıqdır, amma likördən əməlli-başlı hallanıb, bəli, nəzakətlə, ədəb-ərkanla deyirəm qıza: heyif, deyirəm, sizin oğlanlarınız belə zəif çıxdılar, amma siz maşallah tamam ayıqsınız... İndi axşam şəhərə çıxmağınız yaxşı olmaz. Nömrədə qalıb darıxacaqsınız, bəlkəm mən maşınla gəzdirim sizi, şəhərimizi göstərim. Qız sevincək: çox sağ olun, əlbəttə, çox razı olaram sizdən, deyir. Day burda mənim sir-sifətimin bir əhəmiyyəti yoxdur. Əsas iş ondadır ki, mənim maşınım var, özüm də çox belə nəzakətlə, kulturnu rəftar eləyirəm. Özgə bir arvadla nömrədə qalıb neyləyəcək yazıq, bağrı çatlayar ki. Bəli, hər şey yağ kimi getdi. Əvvəl apardım Kirov parkına, şəhəri seyr elədi, sonra belə ehmallıca maşını şəhərin kənarına sürdüm, arada başını söhbətə qarışdırdım, “bir az o yanda mənim bağımdır, Buzovnada” dedim.

Zaur: “Murtuzovgilinki kimi – deyə düşündü. – Axı onların da bağı Buzovnadadır”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets