İran konsuluna məktub
Dövləti-əliyyeyi-İranın konsuluna yazılmış ərizənin surəti dövləti-əliyyeyi-İranın Tiflis baş konsulu, cəlal sahibi ikinci sərtib Əli xan cənablarına onun səadəti daimi olsun!
Nəvvabi-müstətabi-alinəsəb, impera- torzadə Qafqaz canişinin xidmətində Şərq dilləri mütərcimi olan mayor
Mirzə Fətəli Axundzadə tərəfindən
Ərizə
İki həftə bundan əvvəl köhnə islam yazısını dəyişdirmək məsələsinə dair materiallar məcmuəsindən beş cildini öz ərizəmlə bərabər Ümum idarənin departament direktoru cənab rüfətməab general Baranovskiyə təqdim edib, xahiş etmişdim ki, Qafqaz Ümum idarəsinin rəisi, yüksəkşənli cənab stats-sekretar baron Nikolaidən icazə istəsin ki, mən həmin cildləri darül-xilafeyi-Tehranda Maarif Nazirliyinə göndərmək üçün sizin yüksək məqamlı cənabınıza təqdim edim. İndi general Baranovski vasitəsilə mənim ərizəm barədə əzəmətli barondan aşağıdakı məzmunda cavab sadir olmuşdur:
“Mayor Axundova icazə verilir ki, köhnə islam xəttini dəyişdirmək haqqındakı material məcmuələrini lazım olan yerə göndərmək üçün İran dövlətinin baş konsuluna versin”.
İndi mən həmin kitabçaları yüksəkməqamlı cənabınıza təqdim edib, xahiş edirəm ki, vəd etdiyiniz kimi, lütfən tapşırasınız ki, əvvəlcə həmin material məcmuəsi cildlərini əlifba məsələsi barədə mənim tərəfimdən dövləti-əliyyeyi-İran əmirlərindən bəzilərinə yazılmış yeddi məktubla birlikdə adbaad konsulxana dəftərində qeydə alıb, sonra onları Tehrana göndərsinlər. Orada isə yüksək məqamlı cənabınızın vəkili dəftər üzündən onları Maarif Nazirliyinə və əmirlərə çatdırıb, həm nazirlikdən, həm də əmirlərdən möhürlənmiş vüsul qəbzi alıb Tiflisə göndərsin.
Material məcmuəsində aşağıdakı sənədlər vardır:
№1. Mirzə Fətəli Axundzadənin əlahəzrət şahənşah, Allah onun səltənətini əbədi etsin, Maarif Nazirliyinə məruzəsi.
№2. Mirzə Fətəli Axundzadənin islam əlifbası haqqında məruzəsi.
№3. Mirzə Fətəli Axundzadənin köhnə islam əlifbası haqqında Osmanlı Cəmiyyəti-elmiyyəsinin çap olunmuş qərarının surəti; bu məsələ ilə əlaqədar olaraq, müəllifə verilmiş əlahəzrət Osmanlı padşahı fərmanının surəti. İslam yazı üsulunun dəyişdirilməsinin şəriətə əsasən yol verilməsi bir iş olması barədə müəllif tərəfindən Osmanlı Cəmiyyəti-elmiyyəsinə təqdim olunmuş izahatın surəti. Bu sənəd orada alimlər tərəfindən müzakirə olunmuş və onlar izahatda göstərilən dəlillərə əsasən, köhnə islam yazı qaydalarının dəyişilməsini nurlu şəriətə müxalif bilməmişlər.
№4. Mirzə Fətəli Axundzadənin islam əlifbası barədə sabiq layihəsi.
№5. Melkum xanın islam əlifbası haqqında yeni layihəsi.
Məktublar bunlardır:
№6. Maarif naziri nəvvabi-müstətab Etizaddüs-səltənəyə.
№7. Yüksək məqam sahibi xarici işlər naziri cənablarına.
№8. Şəniyüksək birinci şəxs Müstövfiyül-məmalik cənablarına.
№9. Yüksəkməqamlı Əminül-mülk Paşa xan cənablarına.
№10. Yenə də ona.
№11. Yüksəkməqamlı Etimadüddövlə Hacı Əlixan cənablarına.
№12. Yenə də maarif naziri nəvvab Etimaddüssəltənəyə.
Adres: Darül-xilafeyi-Tehranda cəlal sahibi, böyük ağam, şəfqətli, əziz Nasirül-mülk Mahmudxan, Allah onun yüksək iqbalını daimi etsin, mütaliə buyursunlar.
Mirzə Fətəli Axundzadə
1868-ci il, sentyabr ayı, Tiflis şəhəri
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-iran-konsuluna-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
Çıxıb gül fəslində seyrə nigarım,Sənalar eylərəm baharü yayə.
TərifnaməEy Keyqubad taxtında əyləşən!Şahlığın onda həmişəlik olsun.
VandaMüsəlmanlar! Orda-burda az danışın yalanı,Gəlin həqqi unutmayın, insaf eyləyin bir az!
Zakirə məktubQasım bəy, eşitdim yaxın olubsanXan qızına, axır nədir bu rəftar?
Poems by other poets
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Sevdiyimİllərilən həsrətini çəkdiyim,Döndü əlif qəddim yaya, sevdiyim.
KeçərBəzən yosmalar alayı,Əllərində nurdan ayı