Mollayi-Ruminin və onun təsnifinin babında
Məxdumi-mükərrəmi-mən, şeyxül-islam!
Məsnəvini min əvvəlihi ila axirihi mütaliə etdim. Lihaza Avropa ərbabi-qələmlərinin səyaqınca Mollayi-Ruminin və onun təsnifinin babında öz əqidəmi bəyana gətirirəm. Bu növ bəyan, miləli-islam arasında rəsm deyil və lakin Avropada heç bir təsnif çıxmaz ki, onun və müsənnifinin xüsusunda lazimeyi-bəyan və mədh, ya zəmm və ya hər ikisi məxlutən əmələ gəlməsin.
Əlhəq, bu gunə diqqət bir yaxşı şivədir ki, xanəndə üçün zühura gələn təsnifin və onun müsənnifinin haqqında bəsirəti-kamilə hasil olacaqdır.
Çünki miləli-islamdan bu səfəhatda sizdən başqa bir sahibi-zövq tanımıram, ona binaən bu şivədən sizi xəbərdar edirəm ki, bari siz agah olub başqa ərbabi-zövqləri, əgər düçar olsalar, ondan xəbərdar edəsiniz.
İndi gələk mətləb üstünə. Mollayi-Rumi bir alimdir bibədəl, bir fazildir binəzir: farsi və ərəbi dillərinə qayətdə müsəllət, a’yat və əhadisə layiqincə vaqif, əqidəsi əqideyi-hükəmayi-hind, yə’ni vəhdətivücuda qaildir. Bu qərar ilə ki, kainatı bir nuri-vahiddən sadir bilib haman nuru bir dərya misalında fərz edir ki, guya mövcudat və müzəhhərat o dəryaya nisbət qətərat və əmvac mənziləsindədirlər. Haman dərya guya vücudi-külldür və sair mövcudat və müzəhhərat haman külldən bir cüz’dürlər ki, qətərat və əmvac təşəkkülündə bir zaman o dəryadan uzaq düşüb sonra yenə o dəryaya övd edəcəklər və küllə vasil olacaqlar.
Amma səhvi buradadır ki, haman vücudi-küllə iradə və ixtiyar qərar verir. Dəlailinin cümləsindən birisi də budur ki,
Və guya vücudi-küll, iradə və ixtiyar ilə cüz’ləri aləmi-kəsarata və təəyyünata salıbdır. Pəs cüzlər gərək təlaş etsinlər ki, özlərini bir müddət seyrdən sonra yenə haman küllə vasil eləsinlər və guya bu visalın ümdə vəsiləsi fənadır, yə’ni fani olmaqdır ki, bəqayi-cavidani fənadan hasil olacaqdır.
Bir də səhvi fənaya qail olmaqdır. Bu bir ləfzdir bilamə’na ki, nə hükəmayi-hind və nə hükəmayi-islam onun mə’nasına pey apara bilməyibdir. Amma hər kəs onu eşidibdir, fəhmini iddia edibdir.
+
Nəql edirlər ki, guya ibtidada Buddiyi-hindi bu əqidəni mütədavil edib vücudi-küllə vasil olmaq üçün onu vəsilə bilibdir.
Amma fəna necə gərək olsun və nə qərar ilə olsun və aya, mümkünmüdür və nə halətdədir, heç kəs bu babda cəvabi-sərih verməyə qadir deyil. Bu xüsusda həzrəti-rəsul əleyhissəlam dəxi hükəmayihindin e’tiqadınca buyurubdur:
Yəhtəmil, həzrəti-rəsul özü bu kəlamın mə’nasına vaqifdir, amma sair nasə onu məfhum etmək mümtənidir, əgər hər iki mövt mə’nayihəqiqəsində baqi qala.
İngilis Hindistanı alandan sonra hükəmayi-Yevropa çox çalışıblar ki, fənanı anlasınlar; amma mümkün olmayıbdır. Ancaq bu əqidənin zikrini və ondan mənzur olan nəticəni kəmali-vüzuh ilə bəyan ediblər. Bu bəyanı mən bir rus kitabından təfislən yazıb götürmüşəm. Mülaqat vaxtında sizə nişan verərəm.
Bir dəxi səhvi budur ki, ruha qaildir. Bu qərar ilə ki, guya ruh bədən müfariqətindən sonra baqidir və vücudi-küllə ruh vasil olacaqdır.
Amma hükəmayi-Yevropa ruhu qaim binəfsihi bilmirlər. Onların e’tiqadı budur ki, ruh cismin müqtəziyatındandır və cism ilə qaimdir. Necə ki, qüvveyi-teleqrafiyyə bir para əczayi-mə’dəniyyənin imtizacında zühura gəlib iftiraqında zaildir, ruh dəxi cismin tərkibində zühura gəlib cismin mütəlaşi olmağında zail olur. Amma heç kəs bilə bilməz ki, ruh nədir, ya qüvveyi-teleqrafiyyə nədir?
Bu səhvləri ki, mən Mollayi-Rumiyə isnad edirəm, öz əqidəm deyil, hükəmayi-Yevropanın əqidəsidir.
Cənnətə və cəhənnəmə və həşrə dəxi Mollayi-Rumi qail deyil. Cənnətdən ibarət vücudi-küllün visalını bilir, cəhənnəmdən ibarət hicran aləmin fərz edir. Amma hər üçünün isbatında müvafiqi-şər’ o qədər çığır-bağır edir ki, adam mat qalıb, utanır desin: Kişi, sən kafir imişsən!..
Nübüvvətə və imamətə dəxi qail deyil; necə ki, sözlərindən mə’- lumdur.
Xülasə, təmamən əqaidi müxalifi-şər’i-şərifdir. Amma əqaidini tülki və çaqqal əfsanələrinin içində bir tərz ilə gizləyibdir ki, duymaq çox çətindir; məsələn: bir əfsanə başlayır, əfsanənin ortasında bir söz toplayıb, əfsanəni kəsib ötür uzun-uzun təsəvvürata və təəqqülata; mətləbi ami xanəndənin nəzərindən itirir, onun zehnini pərt edir, sonra qəflətən natamam əfsanənin itmamına şüru edir.
Xanəndeyi-ami ancaq buna xoşhal olur ki, yarımçıq əfsanənin riştəsi yenə ələ düşdü və canı naməfhum təsəvvürat və təəqqülatdan qurtardı. Dəxi xəbəri olmur ki, Mollayi-Ruminin mənzuru topladığı sözdə bitdi və arif xanəndəyə mətləb hali oldu. Sonra Mollayi-Rumi başlayır özünün e’tiqadına pərdəkeşlik etməyə, ibadətdən və riyazətdən dəm vurur, kəşfü kəramatın və mö’cüzatın isbatına cəfəng-cəfəng dəlail və xariqüladə əxbar zikr edir. Qisseyi-əshabi-kəhf kimi, Xizrin nağılı kimi və əmsali-zalik və ənbiya və övliyanın təsdiqində ayat və əhadis söyləyir; iti, pişiyi yığır bir yerə, ənva və əqsam pərpuçatı və həzliyyatı qatıb-qatışdırıb danışır, guya və’z və nəsihət libasında. Xanendeyi-amini lap yorur, çaru-çəng qoyur. Biçarə elə zənn edir ki, Mollayi-Rumi filvaqe’ bir pak e’tiqad vücuddur.
Bu sayaq ilə Mollayi-Ruminin əqidəsi ami xanəndənin nəzərindən gizlənir. Onu şər’ən kafir deyib tutmağa hərgiz imkan yoxdur. Görünür ki, onun əsri çox xətərnak əsr imiş. Şiddəti-zövqdən və cəz-
+
bədən danışmaq istəyibdir, amma canından da qorxurmuş. O səbəbə naçar qalıb bu növ təkəllüfata mübaşir olubdur. Amma bu növ təkəllüfat əgərçi xoşayənd deyil və xilafi-məzaqi-musənnifini Yevropadır və lakin bir ustalıqdır ki, sair əfradi-nasa mümkün deyil.
Mollayi-Ruminin ağlına və şüuruna və zövqünə heç söz yox, amma bir mərtəbədə cülük və yüngüldür ki, bizlər onun yanında bir vüqarlı və təmkinli adamıq! Cülüklükdə və cılfırlıqda bakılı mərhum Axund Molla Abdullaha çox-çox şəbahəti var... və həm bir mərtəbədə ərinməz və diraz nəfəsdir ki, sözlərini oxumaqdan xanəndənin hövsələsi təng olur, əksər mətalibi bəqeyr-əz-hikmət və əfsanəhayibaməzə köhnə və mündəris və biləzzət mətalibdir; bəlkə əqvalibimə’nadır ki, təkrarati-kəsalətəngiz ilə qələmə götürübdür. Başqa dillərdə tərcüməsi ədimul-imkandır; çünki mətləb müəyyən deyil, adda-budda sözlərdir, əlfəazi-cədidə ilə çevirib-çevirib təkrar edir, hansı kəlam ki, başqa dillərdə tərcüməyə gəlməsə, şəksiz, biməzmundur; məsələn, Ruhülqüdsün və Firdövsinin kəlamını Xəta dilində dəxi tərcümə edəsən, vazeh məzmun çıxar.
Molla-Rumini sizə müşahidətən mə’ruf etmək üçün mən dəxi üç məsəl türki dilində nəzmə gətirib göndərdim. Amma onun kimi məğzi-mətləbi gizlədə bilmədim. Vaqeən Mollayi-Rumi məğzi-mətləbi gizləməkdə ustadi-kamil və hərifi-bimisldir.
Məsəllərin bəhri, məsnəvi bəhrindən bir əlif əskikdir; çünki kamil məsnəvi bəhri türki dilində mütəarif deyil.
Qocurda bikarlıqdan Mollayi-Ruminin vəsfini bir neçə gün özümə şüğl etdim, başqa qərəzim yox idi.
Bu bəyanı Axund Molla Ələkbərə dəxi oxuyun və əgər sizdə mövcud olan məsnəvi şərhlərinin başında, ya axırında bəyaz vərəqlər varsa, bu bəyanı da o vərəqlərə yazdırın, müruri-dühur ilə yadigar qalsın. Və ixtisarən cavabımı təvəqqe edirəm göndərəsiniz rə’yinizin inzimamı ilə bu bəyanın haqqında.
Müxlisiniz Mirzə Fətəli Axundzadə
8 iyul, sənə 1876, Yeylaqi-Qocur
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-mollayi-ruminin-ve-onun-tesnifinin-babinda
Use ← → keys to move, R for a random poem
More by this author
Zivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!
Yeni əlifba haqqında mənzuməBu daimi olmayan dünyada mənim ömrüm,Həsrət və qüssə ilə başa çatdı.
Molla ƏliMolla Əli, sənə olsun mübarək.Şairliyin “qul uhiyə təbarək”*
Hekayəti-Seyyid Ələm SəlyaniSəlyanda var idi bir Seyyid Ələm,Ələmdən olmuşdu mərdi-möhtərəm.