Page 1 of 4

YÜKSƏK İRANIN “MİLLƏT” QƏZETİ MÜNŞİSİNƏ

Əziz qardaşım!

1283-cü il rəbiül-əvvəl ayının on dördü tarixində, cümə günü İranın “Millət” qəzeti Tiflis şəhərinə yetişərək, təqribən aşağıda zikr olunan şəkildə nəzərimə çatdı. Əvvəl bu ibarəni oxudum: “Mülk və padşahlığını Allahın daimi etmiş olduğu alicənab, mübarək şahənşahlığın əmr və qərarı ilə “Millət” qəzeti azadə yazılmışdır ki, xəvass və əvam ondan mənfəətbərdar olsunlar”.

Bu ibarə zahirən onu göstərir ki, İran millətinin mənafeyi naminə hər kəsin nə cür fikir və xəyalı olsa, biduni-vahimə yaza bilər. Buna görə də mən həmin ibarələrə əsasən cəsarət edib, bir Qafqaz vətəndaşı kimi, islamiyyət və məzhəb cəhətindən İran milləti ilə qardaş olan bir şəxs kimi, öz düşündüyümü sənə yazıram:

Birinci: Qəzetində İran millətinin əlaməti olaraq qəbul etdiyin məscid şəkli, mənim nəzərimdə namünasib görsənir. Əgər “millət” sözündən məqsədin onun istilahi mənasıdırsa, əgər İran qövmünü nəzərdə tutubsansa, məscid İran qövmünə məxsus deyildir, bəlkə cəmi islam tayfaları məscid sahibidirlər.

İslamiyyətdən qabaqkı İran qövmünün əlaməti Cəmşid taxtı, İstəxr qalası kimi qədim padşahların asarıdır. İslamiyyətdən sonrakı ən məşhur asardan biri isə Səfəviyyə padşahlarıdır ki, isnaəşərilik məzhəbinə İranda rəvac verib, onun müxtəlif tayfalarını vahid millət halında nizama salmışlar və İranın ayrıca, müstəqil dövlət olmasına səbəb olmuşlar.

Beləliklə, İran millətini tanımaq üçün sən gərək qırmızı mahıddan olan on iki guşəli qızılbaş tacının şəkli kimi elə bir əlamət tapasan ki, bir tərəfdən qədim fars padşahlarına aid olsun, digər tərəfdən isə Səfəviyyə padşahlarını xatırlatsın.

İkinci: Qəzeti oxuyub gördüm ki, onun iki səhifədən ziyadəsi “Süruş” təxəllüslü, “Şəmsüş-şüəra” ləqəbli bir şairin əsli-nəsəbinə və tərcümeyi-halına dair məlumatdan və Süruşun bir qəsidəsi ilə bir qəzəlindən ibarətdir.

Əziz qardaşım! Sən özün yazıbsan ki, xəvass və əvam “Millət” qəzetindən mənfəətbərdar olmalıdır. İnsaf məqamında səndən soruşuram ki, “Süruş” təxəllüslü, ondan sonra “Şəmsüş-şüəra” ləqəbli şairin əsil-nəsəbini və tərcümeyi-halını bilməyin millətə nə faydası vardır ki, öz oxucularının bu məsələni oxumağa məcbur edib, onlara dərdisər veribsən?

Əgər Süruş fazil adam və şairi-mümtaz olsaydı, o vaxt sənin haqqın var idi deyəsən ki, millət onun əsərlərindən feyz alır, onun filosofanə şe’rlərindən hikmət və mə’rifət kəsb edir, bu adamı tanımaq millətə lazımdır. Amma Süruşun qəsidəsi onun ən alçaq dərəcəli bir şair olduğuna dəlalət edir; hətta şe’r demək qabiliyyəti belə heç yoxdur. Və nahaq yerə göyün mələyinin adını özünə təxəllüs qoyub, onun böyük, parlaq bəzəyinin adını isə özünə ləqəb götürmüşdür; bu mə’na ilə ki, guya onun fəzilət nuru da günəşin işığı kimi külli-afaqa ziya bağışlayır.

Dəlilsiz iddiaya qulaq asan olmaz. Mən Süruşun qabiliyyətsizliyini iddia edirəm. Öz iddiamı sübut etmək üçün dəlil gətirməliyəm. Amma dəlilləri sonra deyəcəyəm. Əvvəlcə bu “Şairlər günəşinin” əsil-nəsəbi barədə bir neçə kəlmə yazıram.

Əziz qardaşım münşi! Səndən dustanə xahiş edirəm ki, Tehranda bir məclis düzəldib, ürəfa və zürəfadan on iki nəfər o məclisə çağırıb, onların qarşısında “Şairlər günəşindən” soruşasan ki:

– Ay ağa, sən nə məqsədlə öz əsil-nəsəbini Nəcmi-Saniyə aparıb bağlayırsan?

Əgər desə ki, məqsədim ondan şöhrət və iftixar nuru kəsb etməkdir, o vaxt ona deyin:

– Ağa, çox qəribədir ki, sən özün Günəş olduğun halda, ulduzdan şöhrət və iftixar nuru toplayırsan; o da sönük ulduzdan. Səyyarələr Müştəri, Zühəl, Mərrix, Ütarid, Zöhrə və başqalarından ibarətdir ki, Çeğmininin şərhində deyildiyinə görə, bunların hamısı qaranlıqdır və günəşdən işıq kəsb edirlər. Sən ki, indi özünü dünyaya nur salan günəş adlandırırsan, elmi-nücumun hansı qanununa görə ulduzdan işıq əxz etmək istəyirsən?

Əgər desə ki: “Mən işıq və ziyası olmayan bir Günəşəm,

yə’ni: Günəş nuruna istiarə olmaq hünərim yoxdur və Nəcmi-Sanidən fəzilət kəsb etmək istəyirəm”, o vaxt deyin ki:

– Ağa, bica zəhmət çəkmə, özün üçün öz əsrlərindəki füzəlanın başçısı olan Səlcuqi Məlik şahın vəziri Nizamülmülk, Çingizi Hülaku xanın vəziri Xacə Nəsir Tusi və Sultan Hüseyn Bayqaranın vəziri Əmir Əlişir kimi bir baba tap; həmyerli olmağınız münasibəti ilə Nəcmi-Sanini özünə baba çıxma. Nəcmi-Sani sənin kimi hünərdən məhrum idi, şəxsi ləyaqəti yox idi. Və nahaq yerə Nəcmi-Sani ləqəbinə sahib olmuşdur. Əgər babanı tanımırsansa, biz onu sənə nişan verək.

Keçmiş adamların ləyaqəti haqqında bizim istinad edəcəyimiz mənbə tarixdir. “Həbibüs-siyər”də belə yazılmışdır: “Əmiri-adil və fazil olan Nəcmi-Zərgərin vəfatından sonra, saf tiynətli padşah, yə’ni Şah İsmayıl vəkillik rütbəsini, isfahanlı Əmir Yarəhmədə tapşırmaqla onu sərəfraz etdi; ona Nəcmi-Sani ləqəbi verərək başını fələklərə çatdırdı, tamam üməra, vüzəra və ərkani-dövlətin ona tabe’ olmasını əmr etdi”.

Görürük ki, Nəcmi-Sani, doğrudan da uca rütbəyə yüksəlmişdir; amma tarixçi ona Nəcmi-Əvvələ verdiyi kimi hünər isnad verməyibdir.

Beləliklə, məlum olur ki, Nəcmi-Saninin tərəqqisi fəzilət və şəxsi ləyaqəti vasitəsi ilə olmayıb, bəlkə yalnız Şah İsmayılın xüsusi iltifatı sayəsində ittifaq düşübdür. Hükəmanın və filosofların dediyinə görə, Allah ömrünü uzun etmiş müasir yazıçının, peyğəmbər əleyhissəlamın qaydaları və sözləri haqqında filosofanə təsnifində zikr etdiyi dəlillərə görə və öz risaləsində Vəzir və Rəfiqin mükaliməsinə dair izahat verən Ruhül-qüds cənablarının əqidəsincə hünər və şəxsi ləyaqət olmadan yüksək dərəcələrə çatmaq heç də şərafət deyil, bəlkə rəzalət və həqarətdir.

Deməli, tarixlərin şəhadətinə görə mə’lum olur ki, Nəcmi-Sani elm və hikmət vasitəsi ilə fəzilət və ləyaqət sahibi olmamışdır.

Amma bəlkə təbii ağlı və gözəl əxlaqı sayəsində onun ləyaqət və fəziləti olmuşdur?! Necə ki, bəşər əfradından bə’ziləri təbii ağıl və gözəl əxlaq gücü ilə yüksək dərəcələrə layiq olurlar.

Bu xüsusda dəxi tarixlərə müraciət edək və görək Nəcmi-Saninin təbii ağlı nə səviyyədə idi, o nə kimi gözəl xasiyyətlərə malik idi.

“Həbibüs-siyər”in ibarəsi budur: “Dinin pənahı olan Şah, yə’ni Şah İsmayıl, Nəcmi-Sanini mütləq ixtiyar sahibi etdikdən sonra onun xalqlar pənahı olan dərgahı, Adəm övladı hakimlərinin sığınacağı və Yer üzünün əyan və əşrafının ümid qapısı oldu. Rütbə və hörmət vasitələrindən, dövlət və əzəmət ləvazimatından onun başına o qədər yığışdı ki, onun qədr və məqamının səviyyəsi, bütün şə’ni, yüksək əmrləri və fərmanı nüfuzlu sultanları belə ötdü. Onun xüsusi nökərlərinin sayı beş min silahlı atlıya çatdı. Onun xəzinələri, malları və hesabdəftəri bilikli hesabdarların saya biləcəyi həddi aşdı. Hər gün yüz başa yaxın qoyun onun şüləni idi. Quş, qaz, düyü, yağ, aş ləvazimatı və sairə də bu ayaqdan. Türküstan səfəri zamanı təcəmmülatın hamısını sudan keçirməmişdisə də, hər gün onun mətbəxində xörək bişirmək üçün xam gümüşdən on üç qazan od üzərinə qoyurdular və rəngbərəng xörəkləri qızıl, gümüş, çini və büllur sinilərdə xalqın gözü qabağında cilvələndirirdilər.

Bir nəfər doğru danışan və möhtərəm adamın dediyinə görə, şülən vaxtı suyun o tayında əmirin dərxanasında olan bir şəxs təəccüblə onun həvicdarından soruşur ki: “Yad vilayətdə bu qədər şeyləri haradan tapırsan?”. Cavab alır ki: “Allahın dövlətindən yanımızda qoyun, toyuq, qənd, nabat, un, düyü və başqa yeyəcək çoxdur. Ancaq mənə hər gün on batman darçın, zəncəfil, zə’fəran və başqa qızışdırıcı ədviyyələr və sair danələr lazım olur ki, onları tapmaqda çətinlik çəkirəm”.

Biz güman etmirik ki, Nəcmi-Saninin atası varlı adam olub, bu cür şahanə var-dövləti öz oğlu üçün miras qoymuş olsun.

Beləliklə, əgər Nəcmi-Sani bu xərci halal malından edirsə, israfçıdır; xüsusilə qazanları gümüşdən qayırmaq israfdan da keçib axmaqlığa çatmışdır. Bundan əlavə, gümüş qabların işlədilməsinin haram olması haqqında fəqihlər arasında ümumi bir rə’y vardır və əgər o, bunu haram maldan xərcləyirdisə, zalimdir. Razı salıcı işləri ilə deyil, təcəmmül vasitələrinin çoxluğu ilə özünü göstərən vəzir, cənab Ruhülqüdsün məzkur risaləsində tə’riflənən Vəzir kimi ola bilər.

Lakin bilici və hörmətə layiq vəzirin sifətini cənab Ruhülqüds belə göstərir: “Cəlal və böyüklük ləzzəti İranda o vəzirə nuş olsun ki, o, bu sözləri deyə bilir: “İran yollarının araba getmək üçün mən tə’mir etmişəm. Mən İran torpağında bir çox məktəblər açmışam. Tamam mövqufat mədaxilini tələblərin ehtiyacına sərf etməyə mən qərar vermişəm. İran əhlinin ticarət və əkinçiliyinə mən rəvac və rövnəq vermişəm. İran mə’dənlərini mən işə salmışam. İranın susuz və əkinsiz səhralarına artezian quyuları vasitəsi ilə bol su bağışlamışam. İranın büdcəsini əlli kürura mən çatdırmışam”. Vəzarətin ləzzəti mə’nasız oyuncaqlarda və əbləhanə loğalıqda deyil, bu cür işlərdədir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets