Page 3 of 4 · 50%

– Aparın və boynunu vurun!

Nəcmi-Sani yalvar-yaxar edib demişdir:

– Mənim qanımdan keç, sənə əlli min dinar pul verərəm və öz padşahımdan sənin üçün bir əhdnamə alıb verərəm ki, Mavəraünnəhr məmləkəti Xorasan hüduduna qədər sənə və sənin övladına məxsus olsun və qızılbaş ləşkəri tərəfindən sənin mal-qarana heç bir təcavüz olunmasın.

Übeydulla xan cavab vermişdir ki:

– Sənin əlli min dinarına və sənin padşahının əhdnaməsinə ehtiyacım yoxdur. Mavəraünnəhr məmləkətini Allahın inayəti ilə və öz qılıncımın gücü ilə qoruyacağam. Səni də öldürüb, günahsızların intiqamını səndən alacağam; çünki sənin kimi bir adamı diri qoymaq Allah bəndələrinə qəsd etməkdir. Əgər sən diri qalsan, ehtimal ki, başqa günahsızların dəxi ölümünə səbəb olasan.

O, sözünü bitirdikdən sonra Nəcmi-Sanini aparıb boynunu vurmuşlar”.

Əziz qardaşım münşi! İndi, düzəldilmiş məclisdəki ürəfadan soruş ki, bu adam şəhid sayıla bilər, ya yox?

Təəccüblüdür ki, “Şairlər günəşi” bu adamdan nifrət etməyib onu özünə baba sayır. Halbuki ondan çiyrənməli, ikrah etməli idi.

“Şairlər günəşi” cənabları Nəcmi-Saniyə bir başqa sifət dəxi isnad verir ki, Nəcmi-Sanini onun nəzərində qiymətə mindirən də budur; guya Nəcmi-Sani:

– mətlə’li tə’rif qəsidəsi üçün Ümidi adlı bir şairə on min dinar ən’am vermişdir.

“Şairlər günəşi” istəyir ki, bu əsrin əmirləri dəxi yalan danışmaq üçün nə qədər ən’am vermək lazım gəldiyini bilsinlər və əgər ondan artıq verməsələr də, heç olmazsa az da verməsinlər.

Bu sifətin dəxi tə’riflənməyə, yoxsa pislənməyə layiq olduğunu bilmək üçün yenə də tarixlərə müraciət edək.

“Həbibüs-siyər”də yazılmışdır: “Həzrəti-Ömərin, Allah ondan razı olsun, xəlifəliyi zamanında Xalid ibn-Vəlidin igidliyi və islam ləşkərinin mərdliyi sayəsində Rus qeysərinin yüz min qoşununa qarşı Həmməs şəhərinin yaxınlığında Əbuübeyd ibn-Cərraha fəth və qələbə üz verdi. Ərəb şairlərindən Əş’əs ibn-Qeys Kəndi, Xalid ibn- Vəlidə onun qəhrəmanlığını və igidliyini tə’rif edən bir qəsidə təqdim etdi. Xalid Əş’əsə on min dirhəm ən’am verdi. Bu xəbər həzrəti- Ömərə çatdıqda onun qan-qaralığına səbəb oldu. O, Əbuübeydə yazdı ki: – Xalidi öz yanına çağırtdırıb buyur ki, sarığını başından götürüb boynuna salsınlar. Ondan soruşsunlar ki, Əş’əsə ən’am etdiyin on min dirhəm hansı mə’xəzdəndir? Əgər desə ki, “islam əhlinin beytülmalından vermişəm”, o zaman aydın olar ki, o xəyanət etmişdir; əgər dilinə gətirsə ki, “öz xüsusi malımdan bağışlamışam”, o zaman aydın olar ki, o, israf etmişdir.

Əbuübeyd xəlifənin buyuruğuna əsasən, Xalidi çağırtdırıb soruşdu ki: – Əş’əsin on min dirhəm ən’amı beytülmaldan verilmişdir, ya öz xüsusi malından?

Xalid cavab verməyib susdu. Bilal sarığı onun boynuna salaraq dedi:

– Əmirəlmö’mininin əmri budur ki, cavab verənədək səni belə saxlayım.

Xalid dedi:

– O ən’ami mən öz xalis pulumdan vermişəm.

Əbuübeyd Xalidi Mədinəyə göndərdi”.

Xalid ibn-Vəlid kimi bir pəhləvan bir qəsidə üçün on min dirhəm ən’am verdiyinə görə təqsirləndirildiyi halda, necə ola bilər ki, bir qəsidəyə on min dinar ən’am verən Nəcmi-Sani pislənməsin?! Halbuki Əş’əs, Xalidi misilsiz hünərinə görə tə’rif etmişdi. Aya, Nəcmi-Sanidən nə hünər baş vermişdir ki, o tə’rifə layiq olsun?!

İranda Ümidi kimi yalançı şairlər çoxdur. Ağıllı adam yalançılara bu qədər ən’amı nə üçün gərək versin?

Bu peşkəş axmaqlıqdan başqa bir şey deyil, çünki yalan ancaq axmaqlara xoş gəlir. Bu on min dinar nə üçün bir xeyir işə, məsələn, müsəlman balalarını tərbiyə etmək üçün məktəb tə’sisinə, adamsızları və müsafirləri müalicə etmək üçün xəstəxanaların tikilməsinə sərf edilməsin? Necə ki, Nizamülmülkdən və Əmir Əlişirdən bu kimi işlər zahir olmuşdu. Binəvalardan zülm ilə alınmış bu on min dinar nə üçün qudurğan nəfsin arzusu ilə yalançılara verilsin; biri zülm çəngində qalsın, digəri isə qızıl sahibi olsun?

“Şairlər günəşinin” mərhum babasını tanıdıq.

İndi isə kritikanın başlanğıcındakı və’dimizə əməl edib bu şairin qabiliyyətsizliyi xüsusunda sübutlarımızı saymağa başlayaq.

İki şey şe’rin əsas şərtlərindəndir: məzmun gözəlliyi və ifadə gözəlliyi. Məzmun gözəlliyi olub ifadə gözəlliyinə malik olmayan bir nəzm, Mollayi-Ruminin məsnəvisi kimi, məqbul nəzmdir, amma şe’- riyyətində nöqsan vardır.

İfadə gözəlliyinə malik olub, məzmun gözəlliyindən məhrum olan mənzumə, tehranlı Qaaninin şe’rləri kimi, zəif və kəsalət artırıcı nəzmdir, amma yenə şe’r növündəndir, yenə də hünərdir.

Həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan nəzm, Firdövsinin “Şahnaməsi”, Nizaminin “Xəmsə”si və Hafizin divanı kimi, nəş’ə artırıcı və həyəcanlandırıcı olub hər kəs tərəfindən bəyənilir. Belə nəzm sahiblərini peyğəmbərlərlə bərabər tutmaq olar; çünki onlar bəşər növünün fövqündə olub filosofanə xəyal və ilham sahibləridir. Belə şairlərin vəsfində deyilmişdir:

“Şairlər günəşinin” qəsidəsinin nə məzmun gözəlliyi vardır, nə də ifadə gözəlliyi. Bu iki nöqsandan başqa onun bə’zi misralarının vəznləri dəxi nöqsansız deyildir.

Beləliklə, bu qəsidəni şe’r və sahibini şair adlandırmaq olmaz.

Dəlil budur: “Şəmsüş-şüəranın” qəsidəsinin məzmunu başdanayağa bə’zi şeyxi əqaidinə istinad edir. Bu əqidənin doğru və ya yanlış olduğunu tə’yin etməyi üləmaya həvalə edirik; çünki dini əqaidə qarışmaq bizim vəzifəmiz deyildir. Lakin biz bunu deyə bilərik ki, bu əqaiddə qətiyyən qəribəlik və yenilik yoxdur. Onları minlərcə dəfə mənzum və mənsur şəkildə başqaları demişlər və yazmışlar. Qəribəliyi və yeniliyi olmayan bir məzmun isə, adama qətiyyən zövq və fərəh verə bilməz; xüsusilə şe’rdə. Əksinə, belə yazılar bir yeni müctəhidin risaleyi-təharəti kimi çox zəhlə tökən və yaramaz olar.

“Şairlər günəşinin” qəsidəsində işlənilən çox zəif sözlər bunlardır: Əzzə və cəllə, əleyhümüssələvat, izzivü lat, mir’at, mabəqi, tərəhhaq, əqarib, vahiyat, xeyrat, təhərrük, həşərat, dəhüdü, mö’tərif, hədiyyə, bəzaət; məzacat və yəhtəmil və sairə.

Bu sözlər nəsrdə işlənilə bilər, amma şe’rdə məqbul deyildir; məsələn, “əzzə və cəllə” vaizlərin minbərdə zikr etdikləri sözlərdəndir. “Əleyhümüssələvat” çavuşların Xorasan və Kərbəla zəvvarları qabağında oxuduqları minacatlardakı sözlərdəndir. Habelə başqa sözlər ki, onların mə’nasızlığı sağlam zövq və təb’ sahibləri üçün vazehdir.

“Şairlər günəşinin” qəsidəsində vəzn cəhətdən nöqsanlı olan misralar bunlardır:

İkinci misra xəfifdir. Birinci misra səqildir.

Birinci misra xəfifdir.

Hər iki misra xəfifdir.

Birinci misra xəfifdir.

Birinci misra səqildir.

İkinci misra, əgər tuba oxunsa səqildir, əgər tubi oxunsa xəfifdir.

İkinci misra səqildir.

İkinci misra xəfifdir.

Birinci misra xəfifdir.

Birinci misra xəfifdir.

Birinci misra səqildir.

Əgər “Şairlər günəşi” desə ki, bu səqillik və xəfiflik bir növ şe’r səktəsidir və duzlu səktəni şairlər caiz görmüşlər, deyin ki, şairlər qələt eləmişlər. Bizim əqidəmizcə səktə, hər yerdə olursa olsun, duzsuz və zəhlə aparan olur və hər yerdə olursa olsun, şairin acizliyini göstərir.

Qəznəvilər və Səlcuqilər zamanında bə’zi şairlər öz qəsidələrində səktəyə yol verirdilərsə də, amma bu üsul get-gedə tərk edildi. Son zamanların şairləri onu tamamilə atmışlar. İndi əgər şe’rdə səktəyə təsadüf olunursa, bu məcburiyyət nəticəsidir; həm də səktə dəxi “Şairlər günəşinin” qəsidəsi yazıldığı müctəs vəznində deyil, ancaq xüsusi vəznlərdə ola bilər; o da bir dəfə, yaxud iki dəfə, bu qədər çox ola bilməz. Və əgər səktəyə yol verilməsini qəbul etsək, heç olmazsa vəzn cəhətdən xəfifliyi olan misraları səktəli hesab edə bilərik; səqil olan misralarda isə, səktəyə yol vermək heç bir vəchlə doğru deyildir. Çünki onların səqilliyinin qətiyyən səktəyə bənzəyişi yoxdur və onların nöqsanı böyükdür.

Bu beytin vəzncə nöqsanı yoxdur, lakin məzmunu çox namünasibdir. “Şairlər günəşi” istəyir ki, Allah peyğəmbərlərini də aldatsın ki, bu cəfəngiyata mükafat olaraq onun günahlarını bağışlasınlar.

Xeyr, ağa, bağışla! Allah peyğəmbərinin ağlı qəzet münşisinin ağlı kimi deyildir ki, onu aldadaraq qəzetinin bir nömrəsini xərab edib, öz cəfəngiyatını orada çap etmişsən.

Xeyr, cənab “Şairlər günəşi”, sənin günahların təmizlənməyəcəkdir. Əgər Allah peyğəmbərinin səndən razı olmasını istəyirsənsə, onun əhkamına əməl et, öz dindaşlarına zərər yetirmə.

Bu mübhəm sözün izahı budur:

Bir gün evdə oturub Xristofor Kolumbun sərgüzəştini və Amerikanın kəşf tarixini rus dilində oxuyurdum. Həyət qapısının cəftəsi döyüldü. Qulluqçu getdi və Germaniyada birinci Şərq dilləri müəllimi, səyyah general Fişerin adamından bu məzmunda bir kağız gətirdi: “Ey filankəs, sən bilirsən ki, bizim səni görməyə nə qədər şövqümüz var və Tiflisdə qaldığımız bu bir neçə gündə səninlə iki dəfə görüşmüşük. Sən bizi yaddan çıxardın. Axı qəribnəvazlığın qaydası belə olmaz. Xahiş edirəm, sabah günortadan sonra, saat ikidə bizim mənzilə təşrif gətirəsən ki, bir yerdə nahar yeyək və sənin söhbətindən fezy alaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets