Kritika
Page 2 of 4 · 25%
Genə “Həbibüs-siyər” müəllifi yazır: “O misilsiz və əvəzsiz əmirin (mətbəxində darçın, zəncəfil və zə’fəranın çox işlənməsi ilə) cahü cəlalı bu dərəcəyə yetişdiyinə görə o, dəbdəbə və təntənəsinin çoxluğundan məğrur olub, qalib və bilici padşahdan icazə almadan Mavəraünnəhri tutmağı qət’ etdi, özbək qoşunu ilə müharibəni öhdəsinə alaraq, bu qorxunc işi yüngül və asan saydı. O, Amur çayı sularını keçərək Babur şah həzrətləri ilə mülaqatdan sonra Xəzar qalasına tərəf yürüş bayrağını qaldırdı. O yerin hakimi olan Ağpolad sultan, özündən böyük sərkərdələrlə döyüş və çarpışma gücü olmadığını bilib, ərbab və kələntərlərlə birlikdə barışmağa razı oldu və əhdü-peyman istədikdən sonra qalanın qapılarını açdı. Nəcmi-Sani onu zəncirləyib, Qoturözbəydə olan özbək camaatını qırıb rəiyyətə təcavüz etməyə başladı.
Yaxşı, əgər Ağpolad sultan təslim olmasaydı, o vaxt Nəcmi-Saninin ixtiyarı var idi onun barəsində olan hər bir qəsdini gücdən fe’lə gətirsin. Ancaq bir halda ki, Ağpolad sultan və özbəklər təslim oldular, bir halda ki, Nəcmi-Sani əhdü peymanla onları xatircəm etdi, bəs hansı mürüvvət və cavanmərdlik qanununa görə Allahın əmrinin əksinə əməl edib öz peymanını qırmağı münasib gördü, Ağpolad sultanı
+
zəncirləyib qalan özbəkləri qətlə yetirdi?
Məclisdə hazır olan cənab ürəfa və zürəfa hökm versinlər görək ki, əvvəlcə ancaq qüruri-əbləhanə üzündən öz vəliyyün-ne’mətinin rə’yinə zidd hərəkətə yol verib, onun icazəsi olmadan Mavəraünnəhri fəth etməyi öhdəsinə götürən, sonra isə Allahın əmri ziddinə əhdü peymanını pozan bir adamın ağlı və əxlaqı nə səviyyədə ola bilər? Ağıllı və xoş təbiətli adam heç razı olar ki, babası belə adam olsun?
Nə isə!
Genə “Həbibüs-siyər” müəllifi yazır: “Nəcmi-Sani oradan Qərşiyə hücum etdi. O vilayətin hakimi Şıxım Mirzə müdafiə və mümaniətdə möhkəmlik göstərdi. Nəcmi-Sani şəhərin ətrafını öz ümərası arasında təqsim etdi. Hər kəs öz mənzilində atdan düşdü. Döyüşkən əsgərlər ox və tüfəng atmağa başladılar, ildırım səsli daşların zərbəsi ilə Qərşinin bürclərinə və divarlarına rəxnə saldılar. İki-üç günün içərisində gücbəla ilə o şəhəri istila etdilər. Şıxım Mirzə öz adamları ilə əsir düşdü və qətli-am əmri verildi. Əmir Qiyasəddin Məhəmməd və bir dəstə digər ə’yanlar şəhərdə olan bə’zi günahsızların qanından keçməyi Nəcmi-Sanidən xahiş etdilərsə də, o razılıq vermədi və on beş minə yaxın əsgəri və rəiyyəti zalimanə qılıncdan keçirdi”.
“Tarixi-rövzətüs-səfa” mülhəqatında yazılmışdır: “Nəcmi-Saninin də’vəti ilə qaladan qızılbaş qoşunlarının imdadına gələn Babur Mirzə, öz həmyerlilərinin, habelə cığatay sayılan bə’zi Qərki əhalisinin bağışlanmasını xahiş etdisə də, Nəcmi-Sani qəbul etmədi və onun da könlünü incitdi”.
“Həbibüs-siyər” müəllifi genə yazır: “Nəcmi-Sani Qərşini tutduqdan sonra Buxara üzərinə yola düşdü. Çünki Canibəy sultan və Übeydulla xan böyük özbək qoşunu ilə orada yerləşib qəlblərinin lövhəsinə müqavimət və çarpışmaq nəqşəsini çəkirdilər.
Nəcmi-Sani Buxaranın iki ağaclığına yetişəndə Məhəmməd Teymur sultanla Əbusəid sultanın Səmərqənd ordusundan bir dəstə götürüb qarət fikri ilə yola düşdüklərini eşitdi. Özü haman mənzildə dayanaraq Bayram bəy Qaramanlını pəhləvanlıq silkinə daxil olanlardan ibarət böyük bir dəstə ilə onları dəf’ etmək üçün göndərdi. O iki sultan, Bayram bəyin və qoşunların gəldiyindən xəbərdar olub, Qəcdivan qalasına sığındılar. Bayram bəy vəziyyəti mə’lum etdi, Nəcmi- Sani bütün qoşun ilə Qəcdivanın yanına yeridi. Məhəmməd Teymur sultanla Əbusəid sultan qalanın ətrafını möhkəmləndirib, hər gün özbəklərdən bir dəstə müharibəyə göndərirdilər. Bu tərəfdən dəxi qoşun qabağa çıxıb gah qalib gəlir, gah da məğlub olurdu. Bir neçə gün belə keçdi. Elə ki, qoşunların azuqəsi qurtardı, özbək sultanlarının əhvalatından xəbərdar olan və o qalanın müharibə ilə tutulmasının mümkün olmayacağını bilən Xacə Kəmaləddin Mahmud, Nəcmi-Saniyə ərz etdi ki: “Bu qış Qəcdivan qalasını mühasirə etməyin heç bir faydası yoxdur. Bu qala çoxlu yeyəcəyi və bol hərbi ləvazimatı ilə məşhurdur. Orada iki sultan və çoxlu igid var. Əgər bu mənzil bir neçə gün də qələbə nişanlı qoşunumuza ordugah olsa, əsgərlər taxıl və dənin yoxluğundan sıxıntıya düşəcəklər. Dövlət üçün əlverişli odur ki, köç təbli döydürüb buradan gedək. Qərşi və Xəzar yaxınlığında qışla düzəldək, tacirlər və bazar əhli müzəffər ordumuz üçün Bəlx ətrafından və vilayətlərindən taxıl və mallar gətirsinlər. Elə ki, qış başa çatdı, özbəklərin yeyəcəyi qurtarmağa üz qoydu və mal-qara üçün çöldə yem zahir oldu, şəhərlərə və qalalara hücum edərik”.
Qoşunkeşlik və sərkərdəlikdən bilmərrə başı çıxmayan, ömründə müharibə elminə dair heç bir qanun və əsər oxumayan, işin nəticəsini yəqin ayinəsində müşahidə etmək üçün müvafiq dərəcədə ağlı olmayan və fikri-zikri ancaq hər gün mətbəxində nə qədər ət, qoyun, toyuq, qaz və həvic sərf olunması və atlanan zaman yanınca neçə yedək və nökər getməsi yanında qalan Nəcmi-Sani cavab verdi: “Həbibüs-siyər”dən: “Biz Qəcdivan yanından köçərək suya tərəf getsək, özbəklər elə zənn edəcəklər ki, biz qorxu və məğlubiyyətdən belə edirik. Bu da onların cəsarətə gəlməsinə səbəb olacaq. Hələ bu söhbət qurtarmamışdı ki, Babur padşah gəlib, Xacə Kəmaləddin Mahmudun haman məsləhətini irəli sürdü və mühasirədən əl çəkib Qərşi və Xəzar tərəfə getmək barədə israr etdi. Nəcmi-Sani zahirən o həzrətin sözünü qəbul etdisə də, amma ürəkdə bu işin doğruluğuna şübhə edirdi. O tərəfdən Buxara şəhərində Canibəy sultanla Übeydulla xan sultanın qulağına çatdı ki, Qəcdivanda Nəcmi-Saninin işi irəliləmir. Əsgərlər hər gün heyvanlar üçün yem və özləri üçün azuqə əldə etməkdən ötrü ətrafa dağılışırdılar. Sultanlar müharibəyə girişməyi qət’ etdilər. Çoxlu piyada və atlı qoşun, hamısı zirehli geyimdə əldə sıyırma qılınc Qəcdivana üz qoydu. O vilayətə çatarkən qalanın daxilində olan iki sultan dəxi onlara qoşulub birlikdə döyüş meydanına girdilər.
Nəcmi-Sani bu vəziyyəti görəndən sonra müharibəyə qərar verdi. Qoşunun sağ və solunu böyük üməranın vücudu ilə möhkəmlədib, özü mərkəzdə dayandı və əmr etdi ki, Babur şah öz əsgərləri ilə ayrıca dayanıb hər tərəfin köməyə ehtiyacı olsa ona qoşulsun.
Sıraları düzəltdikdən sonra özbək qoşununun sağından iki yüz nəfər atlı meydana çaparaq soldan Nəcmi-Saninin qoşununa hücum etdilər. O tərəfdə olan Bayram bəy o camaatın şərini dəf’ etmək istəyəndə bir ox yarası ilə yerə gəldi və bu hadisə özbək qoşunlarının cəsarətinin artmasına səbəb oldu. Onlar birbaş İraq və Azərbaycan qoşunları üzərinə çarpdılar.
Pis rəftarı, mənsəbpərəstliyi və kəcbinliyinə görə Nəcmi-Saniyə ədavət bəsləyən sərkərdələr döyüş silahlarına əl atmadan qaçmaq səhrasına ayaq qoydular. Nəcmi-Saninin qoşunu məğlub oldu, Babur padşah öz ordusu ilə qalaya üz qoydu. Əmir Qiyasəddin Məhəmməd və Xacə Kəmaləddin Mahmud o həzrətin qoşununun ardınca hərəkət etdilər. Hüseynbəy Lələ və Əhməd bəy Səfi oğlu Kərki kəndinə üz qoydular.
Özbək sultanları bayrağının ayparası fəth və qələbə üfüqündən parladı. Mavəraünnəhr qoşunu qətlü-qarətə başladı. Übeydulla xanın əsgərlərindən bir dəstə döyüş meydanında Nəcmi-Saniyə çataraq o cənabı qüdrət pəncəsinin əsiri edib padşahın yanına apardılar.
Səfəviyyənin müasirləri olan özbək sultanlarının cığatay dilində yazılmış tarixində qeyd edilmişdir ki: “Əsgərlər Nəcmi-Sanini Übeydulla xanın hüzuruna gətirəndə, xan ondan soruşmuşdur:
– Qızılbaş qoşununun başçısı sən idinmi?
Nəcmi-Sani demişdir:
– Bəli.
Übeydulla xan buyurmuşdur:
– Xəzar qalasının özbəkləri sənə təslim olduqdan sonra və sən onlara aman verdikdən sonra nə üçün onları qırdırdın? Və nə üçün Qərşini tutduqdan sonra qətli-am əmri verərək oranın çoxu rəiyyətdən və əlsiz-ayaqsızlardan ibarət olan əhalisini qılıncdan keçirdin? Sən hansı qanunun fitvasına əməl edirsən ki, düşmən sənə təslim olub səndən əhdü aman alanda da onu öldürürsən, öz düşmənçiliyində baqi qalanda da? Onda bəs düşmənin sənə nisbət təklifi nədir və sənin düşməndən nə kimi xahişin ola bilər? Sən bu ağıl ilə, bu tədbir ilə istəyirdin ki, başqasının ölkəsini dəxi tutasan? Qərşi rəiyyətini və əlsiz-ayaqsızlarını öldürməyi heç namərd caiz görməzdi. Tutaq ki, bir ölkənin camaatı sizin əqidənizə görə kafirlər qismindən hesab olunurlar. Müqəddəs Allah cənabları, kafirləri öldürməkdə dəxi ifratı haram etmişdir. Bu əziz ayənin mə’nasını bilirsən, ya yox:
Nəcmi-Sani susmuşdu. Übeydulla xan soruşmuşdur:
– Niyə cavab vermirsən, yoxsa ərəbcə bilmirsən?
Nəcmi-Sani cavab vermişdir ki:
– Ərəbcə bilmirəm.
Übeydulla xan üzünü öz adamlarına tutaraq demişdir:
– Mən qızılbaş padşahına təəccüb edirəm: Elə bir adamı özünə vəzir və sərdari-ləşkər etmişdir ki, nə elmi var, nə ağlı var, nə də rəhmi. – Sonra öz əsgərlərinə əmr etmişdir ki:
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-kritika
Use ← → keys to move, R for a random poem
More by this author
Hacı Əli xana yazılmış məktubun surəti**Yüksək nəsəbli Etimadüddövlə cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!
Paşa xana yazılmış məktubAli nəsəbli Əminül-mülk cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!Dövləti-əliyyeyi-İranın Tiflis baş konsulu Əli xan aligövhər bir cavandır və mənə böyük məhəbbəti və mehribanlığı vardır. O, həmişə alinəsəbli cənabınızın yaxşı xasiyyətlərindən və gözəl hərəkətlərindən, islampənah, şövkətli padşahın, Allah onun səltənətini əbədi etsin, hüzurunda cənabınızın xüsusi məqam sahibi olmasından danışır.
Paşa xana məktubPaşa xana yazılmış ikinci məktubun surəti**Mənim əziz ağam, səadətiniz daimi olsun!
Müstövfiyül-Məmalikə məktubDövləti-əliyyeyi-İranın birinci şəxsi Müstövfiyul-Məmalikə yazılmış məktubun surəti**Dövləti-əliyyeyi-İranın birinci şəxsi cəlal sahibi Müstövfiyül- Məmalik cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!
Poems by other poets
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Yara yüzGözəl adam, gəl Allahı sevərsən,Daldalanma, bir də görkəz yara yüz.
Qəzəl: Gül dövridir əlində kömək kim ayağı varGül dövridir əlində kömək kim ayağı var,Kövsər suyilə bağı-cinandan fəraği var