Qaliley
Dedi: - Yer fırlanır... inanmadılar.Onlar ona güldü, o da onlara.Dedi: - Həqiqətə şübhənizmi var?Dedilər: - Haqq deyən çəkilir dara.
O dedi: - Fırlanır, fırlanacaq yer,Buna gülsəniz də, gülməsəniz də.Yerdən dərs götürüb ölənə qədərMəgər fırlanmırıq həyatda biz də?..
"Fırlanır" - Sözüylə o müdrik insanQırdı mövhumatın sərt buzlarını.Əqlin baltasıyla vurdu başından,Sındırdı öküzün buynuzlarını.Milyon il dedilər: - Qaşqa öküzləÇatıbdır şöhrətə, şərəfə dünya.Dedi: - Yer fırlanır... ancaq bu sözləTanıdı özünü ilk dəfə dünya!
Qaliley "fırlanır" - Deyəndən bəri,Ucaldı, göylərdən yerlərə baxdı.Hər cürə uydurma əfsanələri,Əqlin alovunda yandırdı, yaxdı.
Yer fırlanır, - deyə o çəkdi fəryad,Sözünün gücünü özü də bildi.Elə bil, bir anlıq susub kainat,Bu iki kəlməyə qulaq kəsildi.
Dedi: - Yer fırlanır - qarışdı aləmYer durdu, fırlandı məscid, kəlisa,Dedi: - Yer fırlanır, elə bil bu dəmTəzədən çəkildi çarmıxa İsa...
Dedi: - Öz hökmümə inanıram mən,Gərək dəyişilə dünyanın adı.Dedi: - Yer fırlanır!... Bu iki sözdənPapanın başında göy guruldadı.
Dedi: - Yer fırlanır... Bu ikicə söz,Min bir sual düzdü "İncil"in üstə.Papa qəzəblənib - Dağ basarıq biz –Dedi, - bunu deyən o dilin üstə.
Divana çəkdilər alimi dərhal,Dünyanı düşündü, eşqini andı.Böyük Cordanonu yandıran tonqal,Gözünün önündə gəlib dayandı.
Müqəddəs kitaba əl basıb həmən Dedi: -Şəkkim yoxdur, bu kitab haqdır.Ancaq düzü budur; deməsəm də mən,Yer elə fırlanır, firlanacaqdır!Qəlbə bax, eşqə bax!..Qorxub ölümdən,O öz məsləkindən geri dönmədi. –Həyatın naminə sürünmərəm, mən,Məsləkin naminə ölərəm, - dedi.
Bəşər tarixində bəlalı insan,İki qütb önündə çox dayanıbdır.Haqdan yapışanlar keçib həyatdan,Həyatdan qopmayan haqqı danıbdır.
Bu hünər önündə baş əyirəm mən.Ötən zamanlarla fikrim öpüşdü.Ölüm ayağında "Ənəl-həqq!" - deyənMənim Nəsimim də yadıma düşdü.
Qaliley! Hələlik kəşfin bir yana!Onun qiymətini alimlər bilər.Sən haqdan dönmədin həyat naminə,Bundadır böyüklük, bundadır hünər!
May, 1963
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-qaliley
Use ← → keys to move, R for a random poem