“Almaz” ssenarisini tərtib etməyə məni vadar edən səbəblər aşağıdakılardan ibarətdir:

Pedaqoji texnikumunu, mamalıq kursunu və başqa məktəbləri bitirən qızların qəzalara gedib hökmən orada işləməsi məsələsi son illərdə bizdə ən kəskin məişət məsələlərindən biri olmuşdur.

  1. Varlı və ziyalı ailələrindən olan qızlar işləməyə ehtiyac hiss etmədiklərinə görə, qəzalara getmək istəmirlər. Onların qohumları və ya tanışları, xüsusən, qız özü gözəl olduqda və ya gözəl bacısı və ya rəfiqəsi olduqda onların qəzaya getməməsinə kömək edirlər.

  2. Qız məktəbi qurtardıqdan sonra ərə gedir və cavan ər, yaxud cavan arvad, yaxud hər ikisi bir-birlərindən ayrılmaq istəmirlər.

  3. Nəhayət, ən maraqlı və mühüm cəhət budur ki, qızını könülsüz olaraq oxumağa buraxan dindar atalar, yaxud belə qızların meşşan fikirli ərləri və ya nişanlıları heç bir vəchlə qızın qəzaya gedib işləməsinə razı olmurlar. Bunun da nəticəsində, ciddi toqquşmalar əmələ gəlir...

Bəzi qızlar xalq və dövlət qarşısında öz borcunu necə olursa-olsun ödəmək istəyərək, ata evindən qaçıb gedir və öz böyüklərini göz yaşı ilə inandırmağa müvəffəq olmadıqda qohumları ilə əlaqəni büsbütün kəsirlər.

Bütün belə halların baş verməsi ailənin xasiyyətindən asılıdır. Bəzi qızlar rayona gəlib müəllimlik edərkən öz vəzifələrini yalnız şagirdlərin dəftərlərini düzəltməkdən ibarət bilir və heç bir ictimai iş aparmırlar...

...İstəyirik ki, qızlarımızda ictimai işə həvəs oyadaq, onların mübarizə iradəsini və cürətini artıraq. Hamı Almazı sevəcək və onunla ayaqlaşmağa çalışacaq. Almazın cəsarəti, möhkəmliyi ağır dəqiqələrdə belə qızlar üçün təskinlik və ilham mənbəyi olacaqdır.

Bundan əlavə, birlikdə götürülən bütün bu məsələlər bizdə köhnə yaşayışa qarşı yeni, işıqlı mədəni kollektiv həyat uğrunda mübarizənin necə başladığını və getdiyini də təsvir etməyə çox kömək edir.

“Almaz” ssenarisini tərtib etməyə məni vadar edən mülahizələr, əlbəttə, ümumi şəkildə təqribən bunlardan ibarətdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets