Fikrini vermə nə elmə, nə də ürfanə, qızım!Çoxdur elmin zərəri din ilə imanə, qızım!Oxuyub elmi, evin eyləmə viranə, qızım!Yoxdur elmin səməri qövmi-müsəlmanə, qızım!

Dərsü məktəb sözün, ol lal, gətirmə dilinə;Qələmi xarici məzhəb kimi alma əlinə.Vurma ləkə daha, Allahı sevərsən, elinə.Elm bir şeymi, verə mənfəət insanə, qızım?

Nə rəvadır salasan möhnətə qəmsiz başını,Edəsən xalqın arasında xəcil qardaşını;Get bişir evdə, bala, düşbərəni, bozbaşını,Verginən meylini xingalə, fisincanə, qızım!

Otur evdə, atanın eylə pinə çul-çuxasın;Ananın bitləginən sübhü məsa baş-yaxasın.Elm üçün insan atarmı atasın, həm anasın?Ağlını başına yığ, heç olma divanə, qızım!

Evdə ol, çıxmaginən sən, bala, bir dəm eşiyə;Et təmiz, yaxşı süpür, diqqət elə ev-eşiyə;Inəyə yem veribsən, qulluq elə it-pişiyə;Bəsləyib, sonra sula, yaxşı bax heyvanə, qızım!

Yaşın oldu on üç, ay qız, səni verrəm bir ərə,Bir müqəddəs kişiyə, pulluya, bir bəxtəvərə;Vermərəm boynu qıraxmallıya, ya injenerə,Razı olmam düşəsən zülm ilə zindanə, qızım!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice