Qopur ürəyimdən sonuncu nida,Sonuncu hıçqırıq, sonuncu nəfəs…Əlvida, yalançı dünya, əlvida,Ta sənlə bir yerdə qalmağa dəyməz…

Daha qurtuluram əlindən sənin,Düşürəm xatirə kitablarına…Əlvida deyirəm, dünya, mən sənin,Bütün dərdlərinə, əzablarına…

Kaş ki, daş olaydım xilqət olunca,Dünyanın əşrəfi insan yalandır…Budur, əzrayıl da əli qılınclı,Başımın üstünü kəsdi, dayandı…

Əlvida, əlvida yalançı dünya,Çökür gözlərimə zülmət qaranlıq…Əlvida,əlvida yalançı dünya,Həqiqi dünyama yetirəm artıq…

Nə vaxt ki, həyata zühur elədim,Anamın bətnindən qoynuna düşdüm…Nəhəng bir zindana girdim elə bil,Sehirə, tilsimə, oyuna düşdüm…

Mən səndən nə gördüm, saysız dərd, kədər…Mən səndən nə gördüm, ölüm qan-qada,Mən səndən nə gördüm, diri ölülər,Əlvida, oyuncaq dünya, əlvida…

Səndən nə əxz etdim, təkcə məhəbbət,Onunla çox ağır illər yaşadım…Hər şeyə əlvida desəm də fəqət,Mən vida demirəm sənə, ey qadın…

Bir də üç oğluma köküm, məhvərim,Əlvida demərəm,deyə bilmərəm.Qoyun, boylarına baxım son kərə,Onları görməsəm, ölə bilmərəm…

Əlvida ikili xalqım, millətim,Əlvida ikili vətən, əlvida.Səni bircə gün də bütöv görmədim,Nigaran gedirəm səndən, əlvida…

Hanı, o əvvəlki torpağım, hanı,Düşdük ləyaqətdən, düşdük şərəfdən…Yenə də bölürük Azərbaycanı,Düşmən bir tərəfdən, biz bir tərəfdən…

Bir təbiətdən gedirik razı,Bir də ki, günahsız heyvanlarından…İstərəm son kərə bağrıma basım,Bütün yaxşı, yaman insanlarını…

Bir də ki, ölmədim Təbrizi gördüm,Gördüm o taydakı qardaşlarımı…Ulu Şəhriyar tək əzizi gördüm,Tökdüm məzarına göz yaşlarımı…

Bax bu möhnət üçün sağ ol, a dünya,Səndən ricam budur, diləyim budur…Xalqım birləşməsə dağıl,a dünya,Səndən ən sonuncu istəyim budur…

Bircə nəvə gördüm, Təbrizdir adı,Bərk-bərk tapşırıram sənə mən onu…Nə ölüm, nə itim heç nə dünyada,

Heç nə silə bilməz könlümdən onu…

Əlvida, yer, səma, əziz dost, həmdəm,Əlvida hər şeyə, bir də hər kəsə…Ölsəm də əlvida deyə bilmərəm,Bir anam, bir də ki, nəvəm Təbrizə…

1992.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland